ADU-nun Konfutsi İnstitutu Beynəlxalq çay festivalında iştirak edib

530

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları II Beynəlxalq çay festivalında iştirak ediblər. Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibəti ilə təşkil edilən festivaldaqonaqlar Çin çay dəmləmə mərasimində iştirak ediblər və onlara məşhur yaşıl Çin çayı təqdim olunub. Daha sonra Çin çay dəmləmə qaydaları haqqında film nümayiş olunub.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin və Azərbaycan mətbəx ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O, Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxini Çin ictimaiyyətinə təqdim etməyin Konfutsi İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyib.

Tədbirdə Konfutsi İnstitutunun tələbələri və müəllimləri ənənəvi Çin mahnıları və bambuklu fleyta ifasında qədim Çin musiqisindən ibarət konsert proqramı ilə çıxış edib, eləcə də Çin mətbəxini təqdim edərək kulinariya tədbirlərində yaxından iştirak ediblər.

Qeyd edək ki, Konfutsi İnstitutunun əməkdaşları Azərbaycanda keçirilən Beynəlxalq Qəbələ mürəbbə festivalı və Xaçmaz dolma festivalının mükafatçıları olublar.

SHARE