“Abituriyentlərə Dillər Universitetini seçməyi tövsiyə edirəm” – Tələbə valideyni

938

“Kəmalənin arzusu məhz Azərbaycan Dillər Universitetində oxumaq idi. Qızım öz arzusuna çatdı. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Dillər Universiteti ilə yaxından tanış olduqca övladımın doğru seçim etdiyinə inamım daha da artdı”.  

 

Sevinc Cəbrayılova Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Kəmalə Seyidzadənin anasıdır. Kəmalə Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsində oxuyur. Sevinc xanım məmnundur ki, övladını məhz Azərbaycan Dillər Universitetinə əmanət edib. Deyir, Kəmalə orta məktəbdə yaxşı oxusa da, dərs yükünün ağırlığı, qəbul imtahanlarına hazırlığı səbəbindən ictimai işlərə vaxt ayıra bilmirdi.

“Amma həmişə ictimai işlərə həvəsli olub. Universitetdə təhsil almağa başladığı vaxtdan etibarən isə ictimai işlərə olan həvəsini reallaşdırmağa başladı. Hazırda o qrup nümayəndəsidir və təhsilindən çox razıdır”, – Sevinc Cəbrayılova danışır.

Və əlavə edir ki, universitetdə təhsillə yanaşı, ictimai işlərə yaradılan şərait Kəmalənin həvəsini daha da artırıb:

“İstəyirdim, qızım universitetin ictimai işlərində də yaxından iştirak etsin. Elə də oldu. Ötən il SOS Uşaq Kəndinə gedib uşaqlara dərs keçdi. Mən bunu şəkillərdən gördüm və övladımla qürur duydum. Övladımın ictimai işlərlə bağlı hələlik ilk böyük uğuru Universitetin Tələbə Şurasının Elm və Təhsil departamentinin sədri seçilməsidir. Elm və Təhsil departamentinin gələcək planları ilə yaxından tanışam. Amal və məqsədləri çox təqdirəlayiqdir. Bu humanist işlərdə onlara uğurlar arzulayıram və çalışacam ki, onlara yaxından yardımçı olum. Düşünürəm ki, Kəmalə doğru yoldadır. Hər bir valideyn öz övladının doğru yolda olmasını arzulayır və mən də bir valideyn kimi övladımın uğurlarına sevinirəm, onunla fəxr edirəm”.

* * *

-Sevinc xanım, məni həm də o maraqlandırır ki, övladınızın  Azərbaycan Dillər Universitetinə qəbul olması xəbərini necə qarşıladınız, o anı necə xatırlayırsınız? 

– Əslində mən qızımın maliyyə ixtisası üzrə təhsil almasını daha çox istəyirdim. Amma Kəmalənin arzusu məhz Azərbaycan Dillər Universitetində oxumaq idi. Qızım öz arzusuna çatdı. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Dillər Universiteti ilə yaxından tanış olduqca övladımın doğru seçim etdiyinə inamım daha da artdı. Universitetin ictimai sahədəki fəaliyyəti də ürəkaçandır. Burada bir haşiyəyə çıxım. Bir dəfə qızım evə sevincək gəldi ki, bu gün bilirsən, nə olub? Məni maraq bürüdü. Böyük fərəhlə, sevinclə dedi ki, bu gün rektorumuz Kamal Abdulla tələbələrlə birlikdə mahnı oxudu. Bu, mənim üçün çox xoş və təsirli oldu. Bizim vaxtımızda belə şeylər olmurdu. Mən təhsil aldığım universitetin əlaçısı idim, amma rektorumuzla görüşə bilmirdik.

– Maraqlıdır, Kəmalənin anası hansı peşənin sahibidir?

– Artıq 18 ildir “Azercell” şirkətində çalışıram. Hətta hazırda sizə müsahibə verməyimdə də “Azercell”in böyük rolu var. Bu il qızımın bir qrup yoldaşının təhsil haqqı ödənişi ilə bağlı problemi var idi. Mən “Azercell”in Könüllülər qrupuna müraciət etdim. Qısa zamanda məbləğ toplandı və tələbənin problemini həll etmək mümkün oldu. İndi isə məni universitetə fəal valideyn kimi dəvət ediblər. Buna görə “Azercell” ailəmə böyük təşəkkürümü bildirirəm.

– “Azercell” və Azərbaycan Dillər Universiteti arasında sosial əlaqələrin möhkəmlənməsi və hər hansı bir ortaq tədbirlərin keçirilməsi üçün bir valideyn olaraq daha hansı töhfəniz ola bilər? 

– Fikrimcə, bu bizim şirkətin və universitetin könüllüləri arasında olan ilk addım idi.  Umidvaram, sosial layihələrimiz olacaq. Sosial layihə demişkən, Kamal müəllimin birinci kurslar üçün nəzərdə tutulmuş kitab layihəsini çox bəyənirəm və bu layihənin mərkəzləşdirilmiş formada idarə edilməsini arzu edirəm. Düşünürəm ki, bununla daha geniş tələbə kütləsini əhatə edəcək. Hətta digər universitetlər də bu layihədən faydalana bilərlər. Kitab layihəsi çox gözəl ideyadır.

– Universitetin müəllimləri haqqında fikirlərinizi eşitmək istərdik…

– Azərbaycan Dillər Universitetinin müəllimlərindən çox razıyam. Orta məktəbdə olduğu kimi, burada da Kəmalənin bütün müəllimlərinin adını əzbər bilirəm.

– Kəmalənin Dillər Universitetinin magistratura pilləsində də təhsil almasını istərdiniz? 

-Bəli. Kəmalə də məhz bu universitetdə təhsilini davam etdirmək istəyir. Universitetini o qədər sevir ki, gələcəyini də Dillər Universitetində görür. Bu, onun öz seçimi və arzusudur. Övladımın öz gələcəyini indidən müəyyən etmək arzusu məndə rahatlıq və güvən hissi yaradır.

* * *

Son olaraq Sevinc xanımın tövsiyələrini eşitmək istədik. Soruşduq ki, ali məktəblərə hazırlaşan abituriyentlərə nə demək istəyərdiniz? Onun cavabı belə oldu:

İlk növbədə valideynlərini incitməsinlər və onların fikirlərinə hörmətlə yanaşsınlar. Vətənimizə layiqli övlad olmalarını arzu edirəm. Sözsüz ki, onlar dərs oxumalıdırlar, çalışmalıdırlar. Ən əsası isə mənim Kəmaləm kimi doğru seçim etməlidirlər. Əlbəttə, mən abituriyentlərə Azərbaycan Dillər Universitetini seçməyi tövsiyə edirəm. Tanıdığım bir çox uğur qazanmış insanlar var ki, onlar məhz Azərbaycan Dillər Universitetini bitiriblər. Gələcəkdə ölkə xaricinə yolları düşəndə də aldıqları təhsillə qürur duysunlar. Fəxrlə desinlər: “Mən azərbaycanlıyam!”. Son olaraq, tələbələrə və biz valideynlərə dəstək olduğu üçün universitetin  rəhbərliyinə, şəxsən Kamal Abdullaya, müəllim heyətinə, ziyalılarımıza, bir sözlə tələbələr üzərində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.

Hazırladı: Ramilə Yusifova. Filologiya və Jurnalistika fakültəsinin II kurs tələbəsi 

SHARE