Çinin Xuçjou Universitetinin nümayəndə heyəti ADU-da olub

507

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Çin Kommunist Partiyası Xuçjou Universiteti təşkilatının katibi, professor Lyu Cienxonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan rektor Kamal Abdulla Azərbaycan-Çin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, ADU-nun Çinin müxtəlif universitetləri ilə gözəl münasibətlər qurduğunu söyləyib.

Kamal Abdulla bu münasibətlərin daha dərin və geniş olmağının tərəfdarı olduğunu bildirib.

Çin Kommunist Partiyası Xuçjou Universiteti təşkilatının katibi, professor Lyu Cienxon Bakıya səfərdən məmnun olduqlarını qeyd edib, Azərbaycan paytaxtının gözəl və inkişaf etmiş şəhər olduğunu sözlərinə əlavə edib.

Azərbaycanının Çinlə gözəl münasibətlərindən danışan Lyu Cienxon ADU-nun Çin universitetləri ilə yaxşı münasibət qurduğunu diqqətə çatdırıb. Qonaq ADU-dakı Konfutsi İnstitutunun fəaliyyətinə xüsusi qayğı və diqqətlə yanaşdığına görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.

Professor Lyu Cienxon qeyd edib ki, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün bu cür görüşlərin tez-tez baş tutması vacibdir.

Sonra çinli qonaqlar ADU-da fəaliyyət göstərən Konfutsi İnstitunun fəaliyyəti ilə tanış olublar. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov rəhbərlik etdiyi qurumun Çinin “Bir kəmər – bir yol” qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşdiyini deyib. O, qonaqlara institutda Çin fəlsəfəsi və tarixinə dair reallaşdırılan elmi seminarların mövzusu barədə məlumat verib. O, qonaqları Konfutsi İnstitutunda ümummilli lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti üzrə informasiya bazası ilə tanış edib. Nümayəndə heyəti universitetin çinşünaslıq ixtisasında təhsil alan tələbələri və Konfutsi İnstitutunun təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları ilə görüşüblər. Qonaqlar həmçinin “İpək Yolu üzərində mədəniyyətlərarası dialoq” mövzusunda elmi seminarlarda iştirak ediblər. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək Yolu” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir, Ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb. Professor Lyu Cienxon  bildirilib ki, tarixi “İpək Yolu” istiqamətində Azərbaycan iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması istiqamətində körpü rolu oynayır. Professor Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini vurğulayıb. Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” əsəri və Azərbaycan dilində çapdan çıxmış Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.

SHARE