ADU-da Aleksandr Soljenitsının xatirəsinə həsr olunan dəyirmi masa keçirilib

544

Sentyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, Nobel mükafatı laureatı, ictimai və siyasi xadim Aleksandr Soljenitsının anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masa ADU-nun “Ruşiyaşünaslıq mərkəzi” Elmi Tədqiqat Laboratoriyası (ETL) və Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla A.Soljenitsının rus ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu, onun əsərlərinin bir çox digər ədəbiyyatçılara istiqamət verdiyini söyləyib. A.Soljenitsının əsərlərində daxili köləlik, insanın özü üzərində qələbə qazanmasından söz açıldığını deyən rektor Azərbaycanda çoxsaylı insanların yazıçının həyat və yaradıcılığına geniş bələd olduğunu diqqətə çatdırıb. Bir çox azərbaycanlı ədəbiyyatçıların repressiya qurbanı olduğunu deyən rektor Sovet dövründə ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində azərbaycanlı dramaturq Hüseyn Cavidin nəşinin Azərbaycana gətirildiyini xatırladıb:

“Bu, o deməkdir ki, insanlar heç zaman qəlbi millətlə döyünən şəxsləri unutmurlar. Aleksandr Soljenitsın o yazıçılardandır ki,  bu mərhələdən özü keçib və bütün bunları öz əsərlərində peşəkarlıqla əks etdirib”.

Rektor K.Abdulla tələbələrin də A.Soljenitsının yaradıcılığına maraq göstərmələrindən məmnunluq duyduğunu söyləyib. Rektor eyni zamanda A.Soljenitsın adına “Doma Russkoqo Zarubejya” təşkilatının müdiri Qalina Tyurinanı universitetdə görməkdən məmnun olduğunu bildirərək, əməkdaşlıq istiqamətində gələcək nailiyyətlərə ümid etdiyini qeyd edib.

A.Soljenitsın adına “Doma Russkoqo Zarubejya” təşkilatının müdiri Qalina Tyurina ADU-da olmaqdan şərəf duyduğunu söyləyib. Bakıda ilk dəfə olduğunu söyləyən Q.Tyurina şəhərdəki mühitdən və insanlardan xoş hisslər yaşadığını dilə gətirib. O, mədəni mühitin formalaşmasının müsbət hal olduğunu deyib. A.Soljenitsının Sovet dövründə bütün millətlər haqqında yazdığını söyləyən Q.Tyurina yazıçının insanlıq, insanın yaşadığı çətin şərait, yaşadığı hisslər, ağır seçimlərdən bəhs edən məsələləri gündəmə gətirdiyini deyib. Q.Tyurina A.Soljenitsının 95-ci ildönümü münasibəti ilə A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyində keçirilən sərgidə nümayiş olunan kataloqu ADU kitabxanasına hədiyyə edib.

Dəyirmi masada ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov A.Soljenitsının əsərlərinin Azərbaycan dilinə tərcüməsi prosesindən söz açıb, Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə “A.Soljenitsının siyasi baxışları” və Dünya ədəbiyyatı kafedrasının dosenti Rasimə Əsədzadə “A.Soljenitsının ədəbi irsi” mövzularında məruzə ilə çıxış ediblər.

Daha sonra A.Soljenitsın adına “Doma Russkoqo Zarubejya” şöbəsinin müdiri Qalina Tyurina “Dünyada və Rusiyada A.Soljenitsının 100 illiyi” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə ADU-nun bakalavr, magistrant, doktorantları iştirak edib.

SHARE