ADU-da “Rəsulzadə AXC-nin qurucularından biri və milli ideologiyanın banisi kimi” mövzusunda dəyirmi masa keçirilib

1115

Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və milli ideologiyanın banisi kimi” mövzusunda dəyirmi masa keçirilib.

Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva 2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb və bildirib ki, bu il çərçivəsində ADU-da silsilə tədbirlər keçirilir.

Azərbaycanşünaslıq ETL-in aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində çox mühüm hadisə olduğunu bildirib. S.Rüstəmova-Tohidinin sözlərinə görə, AXC-nin yaranmasında M.Rəsulzadə siyasi lider kimi böyük rol oynayıb. O, M.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisitik fəaliyyəti haqqında ətraflı məlumat verib. S.Rüstəmova-Tohidi deyib ki, M.Rəsulzadə sosial-demokratik, ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətindəki böyük fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub. O, daha sonra Azərbaycan ictimai fikrində azərbaycançılıq ideyasının yaranması, milli dövlətin formalaşmasına əngəl yaradan rus çarizminə qarşı mübarizə və cəmiyyətin siyasi fəallığa cəlb edilməsində  M.Rəsulzadənin müstəsna xidmətlərindən söz açıb. Daha sonra AXC-nin fəaliyyəti və qısa zaman ərzində gördüyü işlərdən danışan S.Rüstəmova-Tohidi yeni yaranan dövlətə “Azərbaycan”adının verilməsinin tarixi əhəmiyyətini xüsusilə vurğulayıb.

SHARE