Xarici dillərin tədrisi metodikası kafedrası

2384

1937-1941-ci illər respublikamızda xarici dil mütəxəssislərinin hazırlanmasında mühüm mərhələ təşkil edir. Bununla əlaqədar olaraq 1936-1937-ci illərdə APİ-nin Dillər kafedrasında üç müstəqil kafedra – Azərbaycan dili, Rus dili və Xarici dil kafedraları yaradıldı. 1939-cu ilin mayında Moskva şəhərində Xarici dil müəllimlərinin Birinci Ümumittifaq müşavirəsi keçirildi. Xarici dillərin tədrisi ilə bağlı olan bu müşavirədə xarici dillərin tədrisi metodikasının işlənilməsində problemlərin aradan qaldırılması və metodiki məsələlərin elmi-tədqiqat mövzularına daxil edilməsi müzakirə olundu. Xarici dil müəllimlərinə ehtiyacın olması xüsusi vurğulandı. Bu ehtiyacı ödəmək üçün Xalq Maarif Komissarlığı tərəfindən 1948-ci il iyun ayının 28-də Bakı şəhərində Pedaqoji Xarici Dil İnstitutunun açılması haqqında əmr verildi. İnstitutun açılması ilə 1948-ci ildə ilk dəfə olaraq Xarici dillərin tədrisi metodikası kafedrası yaradıldı. İngilis, fransız və alman dilləri üzrə ixtisaslaşmış kafedranın ilk müdiri Yevqeniya Zaxarovna Qirşqorn olmuşdur. Kafedra yarandığı ilk günlərdən tədrisin qarşısında duran problemlərin həlli istiqamətində fəaliyyətə başladı. Əsas məsələlərdən biri pedaqoji təcrübənin keçirilməsi üçün baza məktəblərinin müəyyən edilməsi idi. Növbəti illərdə baza məktəblərinin müəyyənləşdirilməsi üzrə genişmiqyaslı işlər görüldü. 190 saylı orta məktəb kafedra tərəfindən himayəyə götürüldü. Kafedranın müəllimləri müntəzəm olaraq bu məktəbin müəllimlərinə metodiki məsləhətlər verir, pedaqoji təcrübə zamanı tələbələrin hazırladıqları əyani vəsaitləri məktəblərə hədiyyə edir, məktəbin müəllimlərini institutda fəaliyyət göstərən Metodik Birliyə cəlb edir, ingilis və alman dilləri üzrə institutda dərnəklər təşkil edirdi. Tələbələrin çox hissəsinin azərbaycanlı olması nəzərə alınaraq 1953-1954-cü tədris ilindən ingilis və fransız dillərinin tədrisi metodikası Azərbaycan dilində tədris olunmağa başladı. 1955-ci il 25 iyun tarixli əmrlə Xarici dillərin tədrisi metodikası kafedrası ləğv edildi. İngilis dilinin tədrisi metodikası kursu İngilis dilinin qrammatikası və İngilis dilinin leksikası kafedralarına, alman və fransız dillərin tədrisi metodikası kursu Alman və fransız dilləri kafedralarına verildi.

1961-ci il 24 iyul tarixli əmrlə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda Xarici dillərin tədrisi metodikası kafedrası bərpa olundu. Pedaqoji elmlər namizədi, dosent Tamara Əhmədova kafedraya müdir təyin olundu.

Kafedra fəaliyyətini ilbəil genişləndirirdi. Müəllim hazırlığında daha əhəmiyyətli addımlar atmaq üçün 1972-ci ildə xarici dil tədrisinin nəzəri və metodiki məsələləri üzrə mühazirələr oxumaq üçün kafedra Leninqrad Dövlət Universitetindən prof. L.N.Zinder və dos. L.A.Vervitskaya, M.Torez və bir çox digər alimləri APDİ-yə dəvət etmişdir. Bu dövrdə kafedranın aspirant və dissertantları Moskva və Leninqrad şəhərlərinə ezam edilmişdir.

Uzun illər ərzində XDTM kafedrasının müdiri tanınmış alim, bir çox elmi əsərlərin müəllifi, p.e.d, prof. R.Y.Barsuk olmuşdur. O, kafedraya rəhbərlik etdiyi müddətdə yüksək elmi potensiala malik olan mütəxəssisləri ətrafına toplayaraq Azərbaycanda xarici dillərin tədrisi metodikası sahəsində elmi pedaqoji kadrların yetişdirilməsi məqsədilə  məktəb yaratmışdır.

Bu məktəbin yetirmələri kafedrada və eləcə də institut miqyasında fəaliyyət göstərərək  xarici  dillərin tədrisinin daha yüksək səviyyədə  həyata  keçirilməsi və tədris prosesinin əhəmiyyətli dərəcədə səmərəliləşdirilməsinə nail olmuşdur.

Bu məktəbin yetirmələrindən biri olan p.e.n. dos. R.A.Salahov 1986-cı ildən 1995-ci ilədək kafedraya rəhbərlik etmişdir.

1970-80-cı illərdə yaranmış elmi-metodik məktəbin yetirmələri olan prof. Ə.Səfiyev, prof. G.Yusifov, Z.Abdullayeva, dos. Ə.Şirəliyev bu gün də kafedrada fəaliyyət göstərərək, xarici dil müəllimlərinin günün tələbləri səviyyəsində hazırlanmasına öz töhfələrini  verirlər.

1995-ci ildən kafedraya p.e.d. prof. G.C.Hüseynzadə rəhbərlik edir.

02.12.13-cü il tarixli 112 №-li əmrlə kafedranın adı dəyişdirilərək  “Linqvodidaktika” kafedrası adlandırılmışdır.

Kafedranın missiyası

Fənnlərin müxtəlif metodlarla öyrənilməsini təmin edir. Və gələcəkdə tələbələrin magistraturaya qəbul olmalarında, doktorant və dissertant kimi minimum imtahanlarının verilməsində və tədris prosesində səmərəli metodlardan istifadə edə bilmələrində tələbələrə kömək edir. Hazırki dövrdə bir metod bilmək hər şeyi həll etmir. Odur ki, müəllimin müxtəlis tədris metodları bilməsi və dərs prosesində həmin metodlardan istifadə etməsi bakalavr pilləsini bitirən tələbələrə öz gələcək işlərini düzgün qurmaqda köməklik edir. Bunun üçün hər fənn üzrə yeni proqramlar, dərs vəsaitləri və dərsliklər hazırlanır. Tələbələrin bu dilləri dərindən mənimsəmələri üçün texniki vasitələrdən də geniş istifadə olunur.

Kafedranın fəaliyyəti

Dərslər bütün  kursları əhatə etməklə müxtəlif fənlər üzrə keçilir. Hər semestrin sonunda keçilən proqrama uyğun olaraq imtahan verilir

 

Əlaqə

Tel: (+99412) 564-22-47 (daxili 119)

E-mail: [email protected]

SHARE