Vaqif İsmayıl oğlu Sadıqov

1457

Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ilin noyabrın 2-də Bakıda anadan olmuşdur. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişdir. 1986-cı ildən filologiya elmlər namizədidir. 1991-ci ilin sonuna qədər APXDİ-nin İngilis dili fakültəsində baş müəllim vəzifəsində çalışmışdır.

1992-ci ilin əvvəlində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İ..darəsinin 1-ci katibi vəzifəsinə təyin olunmuş, 1993-1995-ci illərdə XİN-in Hərbi-Siyasi Məsələlər Üzrə Şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1995-2004-cü illərdə V.Sadıqov Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nın Vyana Bölməsi, BMT-nın Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olmuşdur. 1998-2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001-2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi olmuşdur. 2004-2010-cu illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışmış, 2010-2016-cı illərdə Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2016-cı ildən Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndədir.

Xarici dillərdən ingilis, rus, fransız, alman dillərini bilir.

 

SHARE