Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) 2005-ci ilin may ayında yaradılmışdır. Tələbə Gənclər Təşkilatının yaradılması Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə layihəsi əsasında baş tutmuşdur. ADU-nun Tələbə Gənclər Təşkilatı 2009-cu ilin noyabr ayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının formalaşdırılmasında iştirak etmişdir. Hal-hazırda həmin ittifaqın üzvüdür. ADU TGT İttifaqda sədr və sədr müavini olmaqla 2 nəfərlə təmsil olunur.

ADU-nun daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, debat çempionatları, qonaqlarla görüşlər, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirlər TGT-nin üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. Tələbə ideyasını TGT nəzdində fəaliyyət göstərən Layihələr Departamentinə təqdim edir, Layihələr Departamenti ideyanı layihə kimi formalaşdırıb mövzuya uyğun olan departamentə (kluba) ünvanlandırır. Departament rəhbəri layihəni sədr müavinlərinə ünvanlandırır. Bir neçə düzəlişdən sonra layihə TGT sədrinə ünvanlanır. Sədr tərəfindən təsdiqini tapan layihənin icrası üçün start verilir. Layihəni qəbul etmiş departament ideya müəllifi olan tələbəyə lazımi məlumat və informasiyanı çatdırır. Layihə müəllifi layihəsini həyata keçirmək üçün işçi qrupu yaradaraq öz fəaliyyətinə başlayır. Məkan və zaman müəyyənləşdirildikdən sonra layihənin icrasına başlanılır.

Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni fakültə rəhbərləri təşkil edir. Bundan əlavə, hər fakültənin qruplar üzrə nümayəndələri olur ki, bu da öz növbəsində heç bir tələbənin təşkilatın hüdudlarından kənarda qalmamasına yardımçı olur.

Bu sistem vasitəsilə ADU TGT tələbələrin asudə vaxtının təşkilində və onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasında tələbələri düzgün şəkildə məlumatlandırmış olur.

Tələbə Gənclər Təşkilatının fəaliyyət istiqamətləri:

  • Tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarının təmsil və müdafiə edilməsi, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakının təmin olunması;
  • Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • Tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • Tələbələrin hüquqlarının təmin edilməsi;
  • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • Tələbələr arasında narkomaniya, alkoqolizm, cinəyatkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskusiya klublarının, müzakirələrin, simpoziumların təşkil edilməsi, görkəmli şəxslərlə görüşlərin keçirilməsi;
  • Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
  • Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;

 Təşkilata üzvlük: Tələbə Gənclər Təşkilatına üzvlük könüllü və hər bir tələbə üçün açıq xarakter daşıyır.

 Təşkilatın strukturu:

Təşkilatın ali orqanı olan konfrans hər 2 ildən bir təşkil olunur. Təşkilatın sədr, sədr müavinləri və İdarəetmə Şurasının üzvləri konfransda seçilir. İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Şura təşkilatın sədri, sədr müavinləri, universitetin 6 fakültəsinin TGT sədrləri və hər fakültədən bir sədr müavini olmaqla təşkil olunur. ADU Tələbə Gənclər Təşkilatına sədr başçılıq edir. Sədr müavinləri icraedici və sərəncamverici səlahiyyətləri yerinə yetirməklə təşkilat sədrinə kömək edir. ADU TGT-nin strukturuna aşağıdakı fakültələrin Tələbə Gənclər Təşkilatları daxildir:

  • Beynəlxalq münasibətlər və idarəetmə
  • Filologiya və jurnalistika
  • Tərcümə
  • SABAH qrupları
  • Təhsil
  • Magistratura

Fakültə TGT-lərinin işini fakültə tələbələrindən ibarət İdarə heyəti həyata keçirir. Fakültələrin Tələbə Gənclər Təşkilatlarına sədr və müavinləri rəhbərlik edir. Fakültə TGT-lərinin strukturuna klasterlər və hər klasterə daxil olan qruplar aiddir. Fakültə TGT-lərinin hər qrup üzrə nümayəndələri klaster rəhbərinə, klaster rəhbərləri icraçı sədr müavinlərinə tabedir.

İcra orqanları:

İcra orqanlarının ümumi işinə icraçı direktor rəhbərlik edir və öz fəaliyyəti zamanı təşkilat sədrinə tabedir. ADU Tələbə Gənclər Təşkilatının icra orqanları Departamentlərdir. Departamentlərə direktorlar rəhbərlik edir. Departamentlərin tərkibinə daha kiçik icra orqanları olan İşçi qrupları aiddir.

Departamentlər aşağıdakılardır:

  • İctimaiyyətlə Əlaqələr Departamenti
  • Azərbaycanşünaslıq Departamenti
  • İnsan Resursları Departamenti
  • Tələbə İnkişaf Departamenti
  • Layihələr Departamenti
  • Ümumi İşlər Departamenti
  • Əcnəbi tələbələrlə iş Departamenti
  • Elm və Təhsil Departamenti
  • Promovideolar Departamenti

 İctimaiyyətlə Əlaqələr Departamenti:  Departament təşkilatın ictimai əlaqələrini, TGT-nin təqdimatını həyata keçirir və tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasını təşkil edir.

Azərbaycanşünaslıq Departamenti:  Tələbələrin vətənpərvərlik ruhunun yüksəldilməsinə, bu istiqamətdə maarifləndirici tədbirlərin təşkil olunmasına xidmət edir.

İnsan Resursları Departamenti:  Təşkilat üzvlərinin uçotunun aparılması, yeni üzvlərin qəbulunu həyata keçirir. Təşkilatın müvafiq bölmələrinə resursların yerləşdirilməsi ilə bağlı tövsiyələr verir.

Tələbə İnkişaf Departamenti: Departament tələbələri narahat edən məsələlərlə maraqlanır, onların problemlərini dərindən öyrənir. Tələbələrin inkişafı yönündə əsaslı addımlar atır. Keyfiyyətli təlim və görüşlərlə tələbələrimizin inkişafında böyük rol oynayır.

Layihələr Departamenti: Departament təşkilatın layihələrinin hazırlanması və idarə olunmasını, həmçinin təşkilata yeni ideya ilə müraciət edən tələbələrin fikirlərini dəyərləndirib bir layihə kimi formalaşdırmağı və onun idarə olunmasını həyata keçirir.

Ümumi İşlər Departamenti: Təşkilat Təftiş Komissiyası: Təşkilatın seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti təmin edir. Təşkilat Təftiş Komissiyasının (TTK) say tərkibi 5 nəfərdən ibarət olmaqla konfrans tərəfindən 2 il müddətinə seçilir. Komissiyanın fəaliyyətinə TTK sədri nəzarət edir.

Əcnəbi tələbələrlə iş Departamenti: Universitetimizdə yerli tələbələrlə yanaşı xarici tələbələr də təhsil alır ki, onların ictimai fəaliyyətə cəlb olunmasını, milli-mədəni irsimizin onlara təbliğ olunmasını təmin edir.

Elm və Təhsil Departamenti: Departament tələbələrin elmə olan marağını artırır. Belə ki, o həm universitet daxilində, həm də uşaqlar evində fəaliyyətini davam etdirir. “Docendo discumus” sözünün bariz nümunəsi olan tələbələr departament vasitəsilə elmə meyllənir.

Promovideolar Departamenti: Fəaliyyət istiqaməti çəkdiyi video görüntülər ilə  universiteti tanıtmaq, tələbələrimizdə kompleksi aradan qaldırmaq, özünə güvəni yaratmaqdır. Bir çox əyləncə, tanıtım, yumor, yaradıcı videoların müəllifləridirlər.

Klublar aşağıdakılardır:

  • İntellektual Oyunlar Klubu
  • Debat Klubu
  • Kitab Klubu
  • Rəsm Klubu
  • Tarix Klubu
  • Jurnalistika Klubu
  • Şən və Hazırcavablar Klubu
  • Musiqi və Teatr Klubu
  • Sağlamlıq və Psixologiya Klubu
  • Radio Klubu
  • Linqvistika Klubu
  • Yazarlar Klubu
  • Biznes Klubu
  • Moda Klubu

İntellektual Oyunlar Klubu: Tələbələrin intellektual səviyyəsini yoxlamağa, yeni biliklər əldə etməyə xidmət edir. Oyunlar hər həftə keçirilir. İldə iki dəfə olaraq isə yaz və payız kubokları adlı çempionat keçirilir.

Debat Klubu: Tələbələrin fikirlərini azad şəkildə ifadə edir, müzakirələr aparır, həmçinin nitq qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Kitab Klubu: Tələbələrin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün kitab mütaliələri, kitab sərgiləri təşkil edir, yazıçılarla görüşlər keçirib tələbələrin dünyagörüşünün artırılmasına xidmət edir.

Rəsm Klubu: Tələbələrin rəssamlıq potensialını aşkarlamaq, rəsm sərgiləri, müsabiqələr, dərslər keçərək təhsillə bərabər tələbələrin rəssamlıq bacarıqlarının inkişafına xidmət edir.

Tarix Klubu: Tələbələrin tarix elminə marağının artırılmasına xidmət edir. Klub fəaliyyəti dövründə tarixi yerlərə ekskursiyalar təşkil edir, mütəxəssislər və tarixçi alimlərlə tələbələri görüşdürür.

Jurnalistika Klubu: Tələbələrlə peşəkar jurnalistlər arasında görüşlər, fotoşop dərsləri, qısa məlumatlandırıcı videoçarxlar və ya sorğular təşkil edir, tələbələrə bu sahədə müəyyən biliyə yiyələnməyə xidmət edir.

Şən və Hazırcavablar Klubu: Tələbələrin asudə vaxtlarının xoş və yumorla keçirilməsinə, il ərzində “Gülüş günləri”nin təşkil edilməsinə xidmət edir.

Musiqi və Teatr Klubu: Tələbələrin istedadlarını üzə çıxarmağa, maraq dairəsini musiqi təşkil edən tələbələri birləşdirməyə xidmət edir. Vokal, piano və gitara dərsləri keçirilən Musiqi klubunda xüsusi bayramlar və konsertlər də təşkil edilir. Klub, eyni zamanda müğənnilərlə, mədəniyyət evləri ilə sıx əlaqədədir. İstedadlı gəncləri bir araya toplayan Teatr klubu tədbirlərin yüksək səviyyədə təşkilini, tələbələrin bu sahə üzrə ixtisaslaşmasını təmin edir.

Sağlamlıq və Psixologiya Klubu: Tələbələrə daha yaxşı həyat tərzi aşılamağa xidmət edir. Buna görə də hər ay mütəmadi olaraq təlimlər, tədbirlər keçirilir və bu təlimlərdə tanınmış mütəxəssislər, psixoloqlar iştirak edir, öz biliklərini tələbələrimizlə bölüşürlər.

Radio Klubu: Tələbələr tərəfindən verilən fikir əsasında yaranan və maraqlı bir ideya kimi ərsəyə gələn klub, universitetin yeganə radio şəbəkəsidir. Hazırda, jurnalistika ixtisasında və radioya marağı olan hər bir tələbələrin həyatında, özünü inkişafında böyük rol oynayır.

Linqvistika Klubu: Dilə və dilçiliyə marağı olan tələbələrin müxtəlif dil sahələrinə aid fəaliyyət növlərini özündə cəmləşdirir, tələbələrə yeni dillər öyrənmək imkanı yaratmağa xidmət edir.

Yazarlar Klubu: Bədii yaradıcılıq və qiraət qabiliyyəti olan tələbələri bir araya gətirən klub onların ədəbiyyat sahəsində inkişafına, təkmilləşməsinə xidmət edir.
Yazarlar klubu Azərbaycan Yazıçılar Birliyi ilə sıx əməkdaşlıq edir, tanınmış şairlərlə görüşlər təşkil edir.

Biznes Klubu : Sıfırdan, öz biznesini qurmaqda tələbələrə yol göstərən klub, bu sahədə uğur qazanmış insanlarla tələbələrin görüşlərini, əlaqəsini təmin edir və gənc biznesmenlərin yetişməsinə dərindən köməklik göstərir.

Moda Klubu: Tələbələrin dəbə olan marağını nəzərə alaraq klub bu istiqamətdə müxtəlif təlim və tədbirlər, layihələr həyata keçirir.

 

Layihələr aşağıdakılardır:

  • Gənc xeyriyyəçilər
  • TEDx

 

Gənc xeyriyyəçilər: Layihə yardıma ehtiyacı olan insanların məlumatlarının tələbələrə çatdırılmasında, onlar üçün müəyyən kampaniyaların, konsertlərin təşkil olunub məvacib toplanılmasında böyük rol oynayır. Layihə üzvləri həmçinin, müxtəlif uşaq evlərinə ərzaq, geyim yardımı edir və bir ailəni tamamilə öz üzərlərinə götürərək bütün xərclərini qarşılayır.

TEDx: Dünyaca məşhur olan bu layihə Azərbaycanda yalnız bir neçə universitetdə fəaliyyət göstərir. Məqsədləri universitet tələbələrinə TED və TEDx haqqında məlumat vermək, onlarla fikir mübadiləsi aparmaq və gələcəyin Tedx spikerlərini yetişdirməkdir.

 

 

Tələbə Gənclər Təşkilatının  sədri

Səmədli Günay Şükür qızı

E-mail: [email protected]

Əlaqə nömrəsi: (+99450) 440 22 02

Elanlar

“Xaricdə təhsilin üstünlükləri” təlimi keçirilib

ADU TGT nəzdində fəaliyyət göstərən Elm və Təhsil Departamentinin "Xaricdə təhsilin üstünlükləri" adlı təlimi baş tutub. Təlimin qonağı jurnalist, tele-aparıcı Murad Əzimzadə olub. Təlim zamanı tələbələrlə...

ADU-da TEDxAUL layihəsinin növbəti görüşü baş tutub

20 aprel 2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən TEDxAUL layihəsinin növbəti görüşü baş tutub. Layihə rəhbəri Nərmin...

Xəmsə Milli İntellektual Oyunu keçirilir – qaydalar

Azərbaycan Dillər Universiteti Tələbələrlə iş və tərbiyə şöbəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyinə həsr olunmuş Xəmsə Milli İntellektual Oyunu üzrə 2-ci...

Tarixi Abidələrin Mühafizəsi gününə həsr olunan tədbir keçirilib

Aprelin 17-də  ADU TGT nəzdində fəaliyyət göstərən Tarix Klubunun təşkilatçılığı ilə "18 aprel - Tarixi Abidələrin Mühafizəsi" gününə həsr olunan tədbir keçirilib. Tədbirin qonağı Azərbaycanın...