Tədris məsələləri üzrə prorektor

Əfqan Əli oğlu Abdullayev

Əfqan Əli oğlu Abdullayev – Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru (19 sentyabr 2016), Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edib (16 dekabr 2016-01 iyun 2017), filologiya elmləri doktoru, professor.

1956-ci ildə Yevlax rayonunda ziyalı ailəsində anadan olub. 1973-cü ildə Yevlax rayonunda orta məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis–Azərbaycan dilləri fakültəsində təhsil alıb.

1978-1981-ci illərdə təyinatla Ağsu rayonunda müəllim işləyib. 1984-1988-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Aspiranturasında German dilləri ixtisası üzrə təhsil alıb.

1988-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnsititutunda İngilis dilinin Qrammatikası kafedrasında laborant, müəllim, Tətbiqi Dilçilik laboratoriyasının müdiri işləyib.

1992-1995-ci illərdə Xəzər universitetində ingilis dili müəllimi, rektorun müşaviri, İngilis dili kafedrasının müdiri, Humanitar fakültənin dekanı vəzifələrində çalışıb.

1995-2003-cü illərdə ABŞ-da əvvəlcə Ali Təhsilin idarə olunması üzrə magistraturada, sonra Ph.D proqramında (Koqnitiv dilçilik) təhsil alıb.

1998 və 2005-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbraight mükafatına layiq görülərək ABŞ-ın müxtəlif universitetlərində elmi tədqiqat aparıb və mühazirələr oxuyub.

2000-ci ildə ABŞ-ın Harvard Universitetində Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində təhsilini davam etdirib. 1996-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Aktual üzvlənmənin mətnyaratma xüsusiyyətləri (İngilis və Azərbaycan dillərinin materialları əsasında)“ adlı namizədlik dissertasiyası müdafiə edib.

1999-2002-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitunun doktoranturasında təhsil alıb.

2001-ci ildə “Mətn, məna, anlama: kommunikativ-koqnitiv təhlil” adlı doktorluq dissertasiyası müdafiə edib.

2001-ci ildən Xəzər universitetinin, 2002-ci ildən isə Azərbaycan Dillər Universitetinin professorudur.

2003-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

2014-2016-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya şöbəsində, Elm, Ali və Orta ixtisas təhsili şöbəsində çalışıb.

“Aktual üzvlənmə və mətn” (Bakı, Xəzər Universitetinin nəşriyyatı, 1997), “Text, Meaning, and Understanding A communicative-cognitive approach”, (Alpha Print İnc.Minneapolis, USA, 1998) (“Mətn, məna, anlama kommunikativ-koqnitiv təhlil”), “Mətni anlama modelləri”, (Bakı, Səda, 1999), “Discourse Analysis and Theme Development” (Berlin, 2003), (“Diskurs təhlili və temanın inkişafı”) “Koqnitiv Dilçiliyin əsasları”, Bakı, Mütərcim, 2006, “Aktual üzvlənmə, mətn və diskurs” (Bakı, Zərdabi LTD, 2011) kimi kitabları çap olunub.

Bir çox nüfuzlu elmi cəmiyyətlərin (ABŞ Tərcüməçilər Assosiasiyasının, ABŞ İngilis dili müəllimləri Cəmiyyətinin, Avropa Dilçilik Cəmiyyətinin, Avropa Koqnitiv Dilçilik Cəmiyyətinin, Avropa Yaddaş, Əqli İnkişaf Cəmiyyətinin) idarə heyətlərinin üzvüdür.

6 dərsliyin (2 dərslik xaricdə ingiliscə nəşr olunub), 110-dan çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çap olunub) müəllifidir.

ABŞ və Avropanın müxtəlif beynəlxalq təşkilatlarının 23-dən çox təqaüdünə layiq görülüb.

 

Əlaqə:

Tel: (+99412) 440-85-46