Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor

Tamam Şaməmməd qızı Cəfərova

Cəfərova Tamam Şaməmməd qızı 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə  Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində 1976-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinə daxil olub. 1981-ci ildə Moskva Dövlət Universitetini  bitirdikdən  sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1987-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) aspiranturasında əyani təhsil alıb. 1991-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülüb. 1996-ci ildən dosent vəzifəsində çalışır. 

2007-ci ilə qədər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Siyasi Tarix” kafedrasında, 2007-ci ildən 2019-cu ilin fevral ayına qədər  Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və iqtisadiyyat”  fakültəsinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasında dosent vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dillər  Universitetinin Beynəlxalq münasibətlər kafedrasının  dosenti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur.

Tamam Cəfərova 2006-2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzv olub.

Tamam Cəfərova pedoqoji və  elmi fəaliyyətlə yanaşı Azərbaycanın ictimai-siyasi həyatında, vətəndaş cəmiyyətinin və qadın hərəkatının formalaşmasında və inkişafında  fəal iştirak edib.

2000-2005-ci illərdə Milli Qeyri-hökumət Təşkilatları Forumunun vitse-prezidenti olmuşdur.  2000-ci ildən “Universitet Təhsilli Qadınlar” cəmiyyətinin təsisçisi və sədridir.

2002-ci ildən BMT Qadın İnkişaf Fondunun (UNIFEM) Azərbaycandakı Qadın Koalisiyasının (Koalisiya 1325) həmtəsisçisi və üzvü, Cənubi Qafqaz Qadın Koalisiyasının  üzvüdür.

2003-cü ildə keçirilən prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyevin namizədliyini dəstəkləyən “Yeni Azərbaycan Naminə” ictimai hərəkatının  həmtəsisçisi olmuşdur.

2005-ci ildə yaradılan, fəxri prezidenti ölkənin birinci xanımı Mehriban Əliyeva olan Azərbaycan Qadınlarının Milli Konfederasiyasının həmtəsisçisi və 3 həmsədrindən biri olmuşdur.

Tamam Cəfərova Gender problemləri və konfliktologiya üzrə ekspert və regional statuslu təlimçidir. 2004-cü ildə ABŞ-ın Konsensus Quruculuğu İnstitutunun “Konfliktologiya və danışıqaparma bacarıqları” adlı  6 aylıq kursunu bitirib.  Çoxsaylı yerli və beynəlxalq konfransların iştirakçısı olub.

2005-ci ildə keçirilən parlament seçkilərində 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi üzrə namizəd olaraq iştirak edib.

 

Əlaqə:

Tel: (+99412) 441-58-61