Zalımlığın və mərhəmətin bütün sifətləri… – tələbəmiz “Səfillər” romanından yazır

541

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin II kurs tələbəsi Jalə Hüseynovanın böyük fransız yazıçısı Viktor Hüqonun “Səfillər” romanı haqqında yazdığı məqaləni təqdim edirik. 

 “Səfillər”… Bu möhtəşəm ədəbiyyat hadisəsi oxucunun dünyagörüşünü, insanlara baxışını dəyişən romandır. Romanın əsas suallarından biri belədir: “Səfillər” kimlərdir? Əlbəttə, əlbəttə, insanlar. O insanlar ki, cəmiyyət onlardan üz döndərib, o insanlar heç kimə lazım deyillər.

Həmin adamlardan biri: Jan Valjan. Romanın baş qəhrəmanı. Onun həyat hekayəsi bədbəxt insanlara qarşı ədalətsizliyi göstərən bir çox digər hekayələrdən biridir.

O, ailəsi üçün oğurladığı çörəyə görə 20 il müddətinə katorqaya göndərilib. Onu çətin həyat gözləyirdi. Jan Valjan seçim qarşısında qalır: qazanmaq, yoxsa məğlub olmaq? O, peşmanlığın nə olduğunu bilmirdi, həmişə cəmiyyətin yaxşılığı üçün mübarizə aparırdı və heç vaxt geri çəkilmirdi.

Başqa qəhrəmanın taleyi da maraq çəkir – Javer, cəmiyyətin xüsusi antaqonisti, Jan Valjanın tamam ziddi. Onun taleyi başqa bir variasiyada göstərilir: dövlət sisteminə xidmət etməyə özünə borc bilir və özünün ətrafında nə xeyir, nə də insanpərvərlik görür. Öz işində dürüst və sədaqətlidir, cinayətkarlara qarşı heç bir təəssüf, şəfqət hissi olmayan biridir. Jan Valjanla görüşü onun üçün faciəli olur: əvvəlcə o, həbsxanadan qaçmış məhkumu yenidən ora salmağa cəhd edir, özünün doğru olduğunu başa düşərək, hər kəsə bunu sübut etməyə çalışır.

İnqilabçıların sıralarına qoşulur və axırda ölümlə cəzalandırılır. Bu hadisələr zamanı Javeri görən Jan Valjan onu öldürmə fürsəti ilə üz-üzə gəlir, lakin  Valjan onu azad edir. Javer həqiqətin sərt üzünə dözməyib intiharla həyatına nöqtə qoyur.

Mən Jan Valjanın həyatı üçün əhəmiyyətli dərəcədə təsir göstərən kiçik bir qızın rolunu qeyd etmək istəyərdim. Kiçik qız Kozetta 3 yaşında Tenardye ailəsinə verilib. Kiçik yaşında Kozetta bir çox hadisələrlə rastlaşıb: aclıq, davalar, qışda çılpaq ayaqlar; corabsız gəzirdi, amma səhərdən axşama qədər məcbur olub işləyirdi. Uşaqlıq vaxtından görmədiyi tək şey ana qayğısı və sevgi idi. Bütün bunlar Jan Valjanın gəlməsindən əvvəl idi. Kozetta meşədə onu qarşıladı və o vaxtdan onun himayəsində yaşayırdı. Lakin kiçik qız onun kim olduğunu hələ də bilmirdi.

Viktor Hüqonun roman-epopeyasını bir sözlə və ya bir cümlə ilə təsvir etmək mümkün deyil. Zalımlığın və mərhəmətin bütün sifətləri bir əsərdə toplanıb. Və əlbəttə, bütün bunların həddi-hüdudu yoxdur. Lakin zalımlığı fəth edən və insanın əzabına son verəcək bir ümid var. Viktor Hüqo inanılmaz ruhani və fiziki güclü bir insanı təsvir edib. Baş qəhrəmanın həyatı ağrı və əzabdan ibarətdir. Oxucu ədalətsizliyin nə vaxt sona çatacağını və qəhrəmanın xeyirxah əməllərə görə əbədi (səssiz) həyatı necə qazanacağını gözləyir.

SHARE