XƏBƏRLƏR

Anar Rəhimov İspaniyada beynəlxalq təlimdə iştirak edir

25 aprel, 2024

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Rəhimov İspaniyanın Mursiya şəhərində Beynəlxalq şöbə əməkdaşları üçün təşkil edilən təlimlərdə iştirak edir. Təlimlər İspaniyanın Mursiya şəhərinin eyniadlı universitetində keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşir. 

Aprel ayının 24-də Anar Rəhimov tədbir iştirakçılarına "ADU - etibarlı beynəlxalq tərəfdaş kimi" mövzusunda mühazirə oxuyub. O, mühazirəsində ADU-nun inkişaf edən beynəlxalq münasibətlərindən, ADU-nun qoşulduğu beynəlxalq tərəfdaşlıq proqramlarından söz açıb. Anar Rəhimov həmçinin uğurlu beynəlxalq tərəfdaşlıq nəticəsində, eyni zamanda universitetdə gedən müsbət yönlü islahatlar sayəsində QS sahələr üzrə dünya universitetlərinin reytinqində 1600 universitet arasında ADU-nun 300-340 ən yaxşı universitet qrupunda yer tutmağı barədə məlumat verib. 

Mühazirədən sonra Anar Rəhimov iştirakçıların suallarını cavablandırıb. Xatırladaq ki, Mursiya Universitetindəki təlimlərdə dünyanın 20 ölkəsindən 27 mütəxəssis iştirak edir. Təlimlərdə başlıca mövzu Avropanın ali təhsil ocaqlarında Beynəlxalq şöbənin işinin təşkili, təkmilləşdirməsi və qarşıya qoyulan yeni hədəflərdir.