XƏBƏRLƏR

ADU - 75 AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ ALMAN İZLƏRİ  

19 aprel, 2024

Qürur hissi ilə vurğulamaq istərdik ki, Azərbaycan Dillər Universitetinin tarixi birbaşa alman dili ilə bağlıdır. Belə ki, 1936-1937-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Dillər kafedrası üç müstəqil kafedraya – Azərbaycan dili, Rus dili və Xarici dillər kafedralarına bölündü. Xarici dillər kafedrasının müdiri vəzifəsinə milliyyətcə alman olan Otto Neff təyin edildi. Yeni açılan kafedradakı müəllimlər əsasən alman dili mütəxəssisləri idi. O.Neff, P.Kromm, V.Rikqof və başqaları respublikada alman dili mütəxəssislərinin yetişdirilməsində mühüm rol oynamış ilk müəllimlər idi. Alman dilinə dair ilk dərslik və dərs vəsaitləri, proqramlar, almanca-azırbaycanca lüğətlər (primitiv olsa da), ev oxusu materialları məhz onların qələminə məxsusdur. O dövrdə dərslik çatışmdığı üçün tələbələrə kömək etmək məqsədilə bütün müəllimlərin iştirakı ilə 1000 sözdən ibarət standart lüğət hazırlamaq qərara alınmışdı. Lüğətin ilk 200 sözünü tərtib etmək O.Urzanoviçə həvalə olunmuşdu. Rus qruplarında almanca-azərbaycanca lüğətə ehtiyac olmadığından O.Neffin dərsliyi ilə yanaşı Berxinanın “Alman dili” dərsliyindən də istifadə edilməsi məsləhət görülmüşdü.

1937-1938-ci tədris ilində Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsi açıldı və alman dili mütəxəssisi P.Kromm fakültənin dekanı təyin edildi. Dekanlığın normal fəaliyyəti üçün lazımi şərait yaradıldı və tələbə qəbulu ilə bağlı təşkilati problemlərin həlli ona tapşırıldı.

Sonralar Xarici dillər kafedrasının bazası əsasında müstəqil İngilis, Alman və Fransız dili kafedraları yaranmışdır. Alman dili kafedrasına dos. N.Ağazadə və sonralar isə  b/m. C.Cəfərov, Almaniyada namizədlik dissertasiyası müdafiə etmiş dos. Ə.Əliyeva, dos. S.Pepinova rəhbərlik etmişlər.

1973-cü ildə Azərbaycanda Xarici Dillər İnstitutu yaradıldıqdan sonra alman dilinin tədrisi yeni bir mərhələyə qədəm qoymuşdur.

1994-cü ildə vahid Alman dili kafedrasının bazasında 3 müstəqil kafedra – Alman dilinin leksikologiyası və üslubiyyatı, Alman dilinin fonetikası və tarixi, Alman dilinin qrammatikası kafedraları fəaliyyət göstərmişdilər.

27 sentyabr 2012-ci ildə ADU-nun rektorunun 103 saylı əmrinə əsasən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası və Alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrası ləğv edilərək onların bazasında Müasir alman dili kafedrası yaradılmışdır.

Universitetin rektoru akademik K.M.Abdullayevin 08 avqust 2017-ci il tarixli 1/290 saylı əmri ilə Alman dili kafedrasının bazasında iki kafedra – Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası və Alman dilinin fonetikası və qrammatikası kafedrası yaradılmışdır.

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının qarışısında duran əsas vəzifə alman dilinin praktik və nəzəri aspektdə yüksək səviyyədə öyrədilməsidir. Həmin missiya və vəzifələrə uyğun olaraq praktik dil dərsləri ilə yanaşı nəzəri dərslər də tədris olunur. Praktik və nəzəri fənlərin qarşılıqlı şəkildə öyrənilməsini təşkil etmədən keyfiyyətin təminatı da qeyri-mümkün olar. Kafedranın başlıca vəzifələrindən biri kadr potensialını getdikcə yüksəltməklə yeni işçiləri əməkdaşlığa cəlb etmək, kafedrada kadrların yüksək səviyyədə hazırlanmasını təmin etməkdir.

Kafedra öz fəaliyyətini alman dilini praktik və nəzəri şəkildə öyrətmək, onun tədrisi metodikasının əsasları ilə bağlı bilik, bacarıq və vərdişləri formalaşdırmaq istiqamətində qurur.

Alman dili deyəndə ilk növbədə Cəfər Mehdiyeviç yada düşür. Ensklopedik bilik sahibi, gözəl alim, iddiasız insan olan Cəfər Cəfərov uzun müddət Alman dili fakültəsinin dekanı, o vaxt vahid Alman dili kafedrasının müdiri, sonralar isə müəllim kimi böyük elmi-pedaqoji işlər görmüş, xarici dillər üzrə milli kadrların hazırlanmasında misilsiz xidmətlər göstərmişdir.

Yüksək intelekt sahibi olan Cəfər Cəfərov Azərbaycanda alman dili məktəbinin banisidir.

Cəfər Cəfərov əslində iqtisadçı idi. O, 1927-ci ildə Berlin Kommersiya İnstitutunu bitirmişdi. Sovet dövründə burada kapitalist iqtisadiyyatı qanunları işləmədiyini bildiyi üçün əlavə pedaqoji təhsil alıb, bu dili həvəslə tədris edirdi. Ömrünün mənalı illərini univesitetdə dilöyrənmə prosesində dünyəvi təcrübəyə əsaslanan “Şifahi Nitq Laboratoriyası”nı yaratmağa həsr etmişdi. Həmin laboratoriya o dövrdə bütün SSRİ miqyasında yeganə zəngin laboratoriya hesab edilirdi. Bu laboratoriyada zəngin dil materialı lentə köçürülüb saxlanırdı.  Alman dilinin öyrənilməsində bu laboratoriyanın hədsiz əhəmiyyəti var idi. Onun dil öyrənmədə seçdiyi metodlar – birbaşa, şüurlu və ana dilinə söykənmək, elmi cəhətdən sınaqdan çıxmış metodlar idi. Ona görə də mərhum Cəfər müəllimin fəaliyyəti çox yüksək qiymətləndirilir, bu gün müstəqil Azərbaycanımızın hər yerində çalışan yaşlı nəslin nümayəndələri bunu yaxşı xatırlayır.

Təsadüfi deyildir ki, dil laboratoriyası sisteminin yaradıcılarından olan Yaponiyanın “Sony” korporasiyası belə bir nəticəyə gəlmişdir ki, “Language is basically sounds” – “Dil əsas etibarı ilə səslərdir”. Cəfər müəllimin məntiqi və doğru düşüncəsinin nəticəsidir ki, son zamanlar dilöyrətmə prosesində “ritmopediya” deyilən üsuldan istifadə edilir. Bu üsul dilöyrətmədə musiqiyə söykənir. Başqa sözlə, dilöyrətmədə musiqidən bir vasitə kimi istifadə edilir. Bu da əbəs deyildir. Çünki Cəfər müəllim klassik alman və italyan opera musiqisini sevərdi. Bu üsul özünü tədris prosesində də doğruldur. Belə ki, orta məktəblərdə pedaqoji təcrübə keçən tələbələrimiz yeni söz və ifadələri şagirdlərə musiqi vasitəsilə daha asanlıqla öyrədə bilirlər.

Cəfər Cəfərov həyatının xeyli hissəsini “Almanca-Azərbaycanca” lüğətin yazılmasına sərf etdi. 40000-dən artıq söz və ifadədən ibarət olan lüğət Azərbaycanda ikidilli lüğətlərin hazırlanmasında olduqca mühüm leksikoqrafik hadisəyə çevrildi. Lüğət C.Cəfərovun Azərbaycan xalqına verdiyi ən qiymətli töhfəsi idi. Həmin lüğət sonralar kafedranın dosenti mərhum Çərkəz Qurbanlı tərəfindən yenidən işlənərək Azərbaycan Respublikasının prezidenti İlham Əliyenin göstərişi ilə çap edilərək oxucuların ixtiyarına verildi. Həmin lüğət bu gün təkcə Azərbaycan Dillər Universitetinin alman dilini öyrənən tələbələrinin deyil, eləcə də orta məktəb şagirdləri və alman dilini xarici dil kimi öyrənən hər bir kəsin stolüstü kitabıdır.

Şeri, poeziyanı sevən Cəfər müəllimin tələbəsi olan Sərxan Abdullayev “Dil və bədii qavrayış” kitabını yazmaqla müəlliminin irsini davam etdirmiş oldu. Cəfər Cəfərov səslərin rəngini, dadını, tamını, ölçülərini duyduğu kimi, Sərxan Abdullayev də öz müəllimindən ilhamlanaraq sözlərin rənginə, musiqisinə, gücünə xüsusi həssaslıqla yanaşır. Bu baxımdan adı çəkilən kitab poeziya və  xüsusilə sərbəst şeirə tədqiqat obyekti kimi diqqət verən, onları araşdıran alim və bədii tənqidçilər üçün əvəzolunmaz vəsaitdir. S.Abdullayev və N.Seyidəliyevin kafedranın profilinə uyğun birgə hazırladıqları “Alman atalar sözləri və onların azərbaycanca, rusca qarşılıqları” adlı lüğətini əvəzolunmaz vəsait hesab etmək olar. Bu kitab alman dilini bilən, bu dillə maraqlanıb, onu öyrənən və müxtəlifdilli oxucular üçün nəzərdə tutulmuşdur. Bundan başqa Sərxan müəllim Aşıq Ələsgərin şeirlərinin tərcüməsində əmək sərf etmiş, kitabın redaktoru olmuş və ona ön söz yazmışdır. Bununla o, YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınan Azərbaycan aşıq sənətinin almandilli oxuculara tanınmasında öz töhfəsini vermişdir.

Son illərdə dərslik və dərs vəsaitlərinin, tədris materiallarının hazırlanması sahəsində kafedranın fəaliyyətinin intensivləşdiyini müsbət hal kimi qeyd etmək lazımdır. Qeyd olunan dərslik və dərs vəsaitlərinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası tərəfindən hazırlanması, ümumrespublika ali və orta məktəblərində istifadəsi kafedranın əməli fəaliyyətinin göstəricisidir. Alman dilinin praktik fənn kimi tədrisində Almaniyada nəşr olunmuş müxtəlif dərsliklərdən istifadə olunmasına baxmayaraq, adları çəkilən dərslik və dərs vəsaitlərinin milli auditoriyanın xüsusiyyətləri nəzərə alınaraq hazırlanması azərbaycanlı tələbələrin alman dilini mənimsəməsi üçün mühüm əhəmiyyətə malikdir.

Kafedranın professor-müəllim heyəti auditoriyalarda dərs deməklə kifayətlənmir, ölkənin və çalışdığı universitetin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi məqsədilə müxtəlif ixtisaslaşmış nüfuzlu jurnallarda məqalələr çap etdirirlər. Belə bazalar sırasına ilk Web of Science və Scopus kimi beynəlxalq elmmetrik verilənlər bazaları daxildir. Adıçəkilən elmmetrik bazalara daxil olan jurnallarda çıxış etmək məqalə müəllifləri ilə yanaşı, onların çalışdıqları universitet və institutların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu birbaşa müəyyən edən və son nəticədə, ölkənin inkişaf səviyyəsini göstərən əsas amillərdəndi. Bunun nəticəsidir ki, Azərbaycan Dillər Universiteti QS 2023 və QS 2024 sahələr üzrə dünya universitetləriniin reytinq cədvəlində “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olub. Bu uğurda kafedranın da payı vardır.

Qeyd etmək lazımdır ki, tez-tez Almaniya, Avstriya və müxtəlif ölkələrin universitetlərindən mütəxəssislər dəvət olunur ki, bu da Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının, universitetimizin dili öyrənilən ölkənin tədris sistemi ilə əlaqələrinin yaranmasında və inkişafında müəyyən rol oynayır. Müəllimlərimiz alman universitetləri, Höte İnstitutu və ADU-da fəaliyyət göstərən Germanistika İnstitutu ilə fəal əlaqə saxlayır, təqaüdlə Almaniyada ixtisasartırma kursu keçir, müxtəlif layihələr həyata keçirirlər. Kafedranın əməkdaşları Gülbəniz Kamal qızı Nəcəfova və Arzu Qədir qızı Cabarova  Göte İnstitutunun, Kassel Universitetinin və ADU-nun əməkdaşlığı çərçivəsində həyata keçirilən müəllimlərin təkmilləşdirilməsi layihəsinin üçillik tam proqramını uğurla başa vuraraq, alman dili müəllimlərinin təkmilləşdirilməsi sahəsində multiplikator diplomuna layiq görülmüşlər. 

Təkcə müəlllimlərimiz deyil, tələbələrimiz də alman dilinin inkişafı üçün bacardıqlarını etməyə çalışırlar. “Heydər Əliyev ili” çərçivəsində Təhsil 1 fakültəsində “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan bütün tələbələr kafedranın profilinə uyğun layihə həyata keçirmişlər. ADU-nun rektoru akademik Kamal Abdullanın ideya müəllifliyi və kafedra müdiri Xuraman Əsgərovanın rəhbərliyi “Heydər Əliyev 100. Sitatlar və kəlamlar” kitabı kafedranın Ümummilli Liderin yubileyinə hədiyyəsidir.  Kafedranın baş müəllimi Gülbəniz Nəcəfovanın elmi redaktorluğu ilə ərsəyə gələn kitab alman dilini xarici dil kimi öyrənənlər üçün dəyərli vəsaitdir.

 

Kitabı hazırlamaqda əsas məqsəd gəncləri H.Əliyev irsi, siyasəti, şəxsiyyəti ilə daha yaxından tanış etmək idi. Bu gün Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi dövrdə ikidilli kitab ölkələrimiz arasında münasibətərin daha da yaxşılaşmasına, Heydər Əliyev simasında almandillli auditoriyada Azərbaycan obrazının yaranmasına öz töhfəsini vermiş olar.

Universitetimizdə hər ilin noyabr ayında kafedranın dosenti, G.M.Pirnəzərovanın rəhbərlik etdiyi “Alman dili Birliyi”nin təşkilatçılığı ilə “Alman dili günü” keçirilir. Tədbirdə Almaniya və Avstriyanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfirləri və Səfirliklərinin nümayəndələri iştirak edirlər. Artıq bu bayram ənənəvi xarakter alıb. Bayramda “Alman dili müəllimliyi” ixtisası ürzə təhsil alan tələbələr böyük maraq və həvəslə iştirak edirlər.

DAAD xətti ilə artıq üç ildir ki, “Geheimnisvolles Aserbaidschan – Brücke zwischen Ost und West” (“Sirli Azərbaycan - Şərq və Qərb arasında körpü”) adlı  yay məktəbi təşkil olunur. Adı çəkilən yay məktəbində kafedranın müəllimləri və “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər. 

Bütün bu tədbirlərdə tələbələr alman dilini səylə və həvəslə öyrəndiklərini sübut etdilər. 

Milli-mənəvi dəyərlərin qorunub saxlanması üçün kafedra hər il dekabr ayında Milad yarmarkası təşkil edir. Tədbiri keçirtməkdə əsas məqsəd dili öyrənilən xalqın adət-ənənəsinə sadiq qalaraq tələbələrdə bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, onlarda sevgi və mərhəmət hissi aşılamaq, alman dilinə marağı artırmaq, komanda şəklində birlikdə işləmək bacarığını formalaşdırmaqdır. Xeyriyyə məqsədilə keçirilən yarmarkaya çıxarılmış məhsulların satışından əldə olunan vəsait Təhsil 1 fakültəsi nəzdində “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsinə yönəldilir. Xeyriyyə adı altında bir insana ümid olmağı, ona sevinc bəxş etməyi bu bayram vasitəsilə bacaran tələbələrin fikrincə, belə tədbirlər universitetdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, tələbələr arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Belə humanist mühitdə yetişən gənc kadrlar onlara aşılanan mənəvi dəyərləri orta məktəblərdə dərs dedikləri siniflərdə uğurla tətbiq edirlər.

Yüksək intellektə sahib olan abituriyentlərin universitetimizə marağını artırmaq, mövcud olan ixtisaslarla tanış etmək məqsədilə orta məktəblərdə pedaqoji təcrübə keçən tələbələrimiz təhkim olunduqları siniflərin şagirdlərini hər il universitetimizdə keçirilən tələbə-şagird konfransında iştirak etmək üçün həvəslə hazırlayırlar. Konfransa verilən tezis, məqalə, hazırlanan şagird sayına görə kafedra universitetdə ön sıralarda gedir. 

Azərbaycan Dillər Uniiversitetində alman dilini mükəmməl və daha dərindən öyrənmək üçün hər cür şərait vardır. Universitetdə fəaliyyət göstərən “Alman oxu zalı”ndan tələbələrimiz istədikləri  bədii kitab və dərs vəsaitlərini, filmlərin disklərini əldə edə bilərlər. Burada mütəmadi olaraq DAAD-nin ADU-dakı ofisinin rəhbəri tərəfindən söhbətlər və müxtəlif görüşlər təşkil olunur.

Əsas binanın 2-ci mərtəbəsində Germanistika İnstitutu və Avstriya kitabxanası fəaliyyət göstərir. Germanistika İnstitutunun rəhbəri professor Zieglinde Hartmann tələbələrə vaxtaşırı seminarlar təşkil edir, alman ədəbiyyatından nümunələri təqdim edir. İnstitut müxtəlif konfrans və simpoziumlar, almandilli ölkələrin milli bayramlarını keçirir ki, tələbələr də həmin tədbirlərin təşkilində yaxından iştirak edirlər.

İnstitutda artıq ənənə halını almış “Səfir saatı” layihəsi çərçivəsində Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin tələbələrlə görüşü təşkil olunur. Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılır.

İki ildir ki, may ayının 31-də universitetimizdə “Germanistikfest” – “Germanistika bayramı” adlı tədbir keçirilir. Həmin tədbirdə universitetin həyətində simvolik olaraq qızılgül kolu əkilir. İnanırıq ki, bu, ənənə halını alacaq və universitetin həyətində bu bayramın şərəfinə qızılgül bağı salınacaq.

Məlumat üçün bildirim ki, universitetin əsas binasında, 311-ci otaqda Alman Azərbaycan Mübadilə Xidmətinin, yəni DAAD-nin ofisi yerləşir. DAAD tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edir. Təqaüd proqramları ilə təyin olunmuş məsləhət saatlarında tanış ola bilərsiniz.

İngilis dilinin dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycanda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının fəaliyyət göstərməsi heç də bu dilə bugünün rəğbətindən irəli gəlmir. Bu, XIX əsrin sonlarında və XX əsrin ikinci yarısına qədər alman dilinin ölkəmizdəki nüfuzunun nəticəsidir. Bildiyiniz kimi, alman dili Qafqazda, o cümlədən də Azərbaycan və Gürcüstanda  ikinci “saray dili”, aristokratların əcnəbi dili olmuşdur. Heç dəsadüfi deyil ki, XIX əsrin sonları və XX əsrin başlanğıcında Azərbaycan aydınları öz övladlarına xarici dil kimi alman  dilini seçmişlər, Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də Sovet Azərbaycanına rəhbərlik etmiş Nəriman Nərimanov gəncləri xaricdə  təhsil almaq üçün məhz Almaniyaya göndərirdilər. Bu,  o dövrdə Almaniyanın coğrafi-siyasi nüfuzundan irəli gəlirdi. Alman dilinin Azərbaycanda, o cümlədən keçmiş Sovetlər məkanında nüfuz qazanmasının bir səbəbi də Almaniyanın Birinci və İkinci Dünya müharibələrinin təkançısı olması ilə izah oluna bilər. Məhz bu səbəblərdən xarici dil dedikdə təsəvvürdə öncə alman dili yaranırdı və Azərbaycanda ilk xarici dil fakültəsinin dekanının alman dili mütəxəssisi olması, xarici dil üzrə ilk elmi müdafiənin alman dilçiliyinə təsadüf etməsi öz izahını məhz bunda tapır. Bu deyilənlərin nəticəsidir ki, Azərbaycanın görkəmli ziyalılarının övladları alman dili üzrə respublikada və dünyada tanınan mütəxəsislər yetirmiş, onlar da gələcək germanistlərin ərsəyə gəlməsində önəmli rol oynamışlar. Bu gün hər birimiz onlara minnətdar olmalıyıq. Həmin insanlar alman dili mütəxəssisləri yetişdirməklə bizim gələcək inkişafımıza dayaq olmuşlar. Dahilərdən biri söyləmişdir: ”Biz ona görə uca görünürük ki, müəllimlərimizin çiynində dayanmışıq”. Alman dili mütəxəssislərinin bugünkü nəsli məhz öz müəllimlərinin çiynində dayandıqlarına görə uca görünürlər.

Məlumat üçün bildirək ki, bu gün “Alman dili müəllimliyi” ixtisasında əsasən ingilis dili bazasında qəbul olunan tələbələr təhsil alır. Buna görə kafedramızın üzərinə böyük məsuliyyət düşür. Tələbələrdə alman dilinə marağı və sevgini daha da artırmaq üçün müəllimlərimiz böyük həvəs və ruh yüksəkliyi ilə çalışırlar.

 

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professor-müəllim heyəti və “Alman dili müəllimliyi” ixtisası” üzrə  təhsil alan bütün tələbələr adından universitetimizə 75 İLLİK yubileyi münasibətilə səmimi təbriklərimizi və və xoş arzularımızı bildiririk.

fil.f.d., dosent Xuraman Səlim qızı Əsgərova

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri