XƏBƏRLƏR

ADU-da Nizami Cəfərovun “Ümumi dilçilik” dərsliyinin təqdimat mərasimi keçirilib

18 aprel, 2024

Aprelin 17-də Azərbaycan Dillər Universitetində Milli Məclisin üzvü, görkəmli dilçi alim, akademik Nizami Cəfərovun “Ümumi dilçilik” dərsliyinin (ikinci nəşr) təqdimat mərasimi keçirilib.

Universitet rəhbərliyinin, tanınmış dilçi alim və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADU-nun Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov təqdim edilən kitabın dilçilik sahəsindəki önəmi, onun Azərbaycan dilçiliyinə gətirdiyi yeniliklər haqqında danışıb, kitabda yer alan əsas mövzular, konsepsiyalar və elmi yanaşmalarla bağlı məlumat verib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Nizami Cəfərovun dilçiliklə bağlı problemləri dərindən araşdırdığı və dilin inkişafı ilə bağlı yenilikçi yanaşmaları ilə ön plana çıxdığını vurğulayıb. Nizami Cəfərovun ümumi dilçilik sahəsində təqdim etdiyi yeni kitabı əlamətdar hadisə kimi qiymətləndirən akademik bu cür tədbirlərin dilçilik elmi üçün böyük əhəmiyyət kəsb etdiyini və müsbət nəticələr verdiyini bildirib: “Nizami Cəfərovun təqdim etdiyi bu kitab ümumi dilçilik sahəsində mövcud olan boşluğu doldurur, bu sahəyə yeni bir yanaşma və dərinlik gətirir. Belə dəyərli kitabın təqdimatı və müzakirəsi yalnız bir dəfə ilə bitirilə bilməz; bu prosesin davam etməsi və kitab üzərində müxtəlif aspektlərdən müzakirələrin aparılması zəruridir. Nizami Cəfərovla tələbələrin ünsiyyətini davam etdirmək isə gələcək nəsillər üçün həm elmi, həm də peşəkar inkişaf baxımından çox faydalı ola bilər”.

Kitabın müzakirə və təhlilində davamlı iştirak etmənin vacibliyini vurğulayan akademik Kamal Abdulla Nizami Cəfərovun dilçilik sahəsindəki xidmətlərini təqdirlə qarşılayaraq, onun elmi irsinin gələcək nəsillər üçün dəyərli bir mənbə olduğunu vurğulayıb. O, tədqiqatçı alimlərin Nizami Cəfərovun əsərlərindən faydalandıqlarını və bu tədqiqatların dilçilik elminin inkişafında böyük rol oynadığını qeyd edib.

Təqdimat mərasimində çıxış edən məruzəçilər – dosent Cəmil Babayev, professor Adil Babayev, ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, ADU-nin prorektoru, dosent Jalə Qəribova, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və başqaları Nizami Cəfərovun tərtib etdiyi dərsliyin ümumi dilçilik elminə verdiyi töhfələr və kitabın əhəmiyyətindən danışıblar. Kitabın dilçiliyin inkişafında aparıcı rola malik olduğunu, xüsusilə ümumi dilçilik sahəsində elmi yanaşmalara yeniliklər gətirdiyini vurğulayan məruzəçilər  Nizami Cəfərovun dilçilik sahəsindəki dərin elmi araşdırmalarını və yorulmaz əməyini yüksək qiymətləndiriblər, təqdim olunan kitabın tədqiqatçılar, tələbələr və dilçilər üçün əvəzsiz mənbə olduğunu vurğulayıblar.

Çıxışlardan sonra akademik Nizami Cəfərov “Ümumi dilçilik” dərsliyinin ikinci nəşrinin yazılma tarixçəsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Kitab üzərində işləmə prosesinin mərhələlərini, istifadə etdiyi elmi metodologiyaları və qarşılaşdığı çətinlikləri açıqlayan alim dərsliyin tərtib edilməsində ona ilham verən mənbələr barədə fikirlərini bölüşüb, kitabın ərsəyə gəlməsində onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib. “Ümumi dilçilik” dərsliyinin təqdimat mərasiminin təşkilinə görə universitet rəhbərliyinə dərin minnətdarlığını bildirən Nizami Cəfərov tədbirin uğurlu keçirilməsində universitet kollektivinin göstərdiyi dəstəyin böyük rol oynadığını vurğulayıb. Alim bu cür təqdimatların dilçilik sahəsinin inkişafına, eləcə də tələbələr və alimlər arasında elmi mübadilənin güclənməsinə mühüm töhfələr verdiyini qeyd edib.