XƏBƏRLƏR

ADU-nun müəllimi Sədaqət Fuadın şeirlər kitabı nəşr olunub

19 mart, 2024

Azərbaycan Dillər Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sədaqət Fuadın “Sənsiz açılmır səhər” adlı şeirlər toplusu nəşr olunub. “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Sənsiz açılmır səhər” şeirlər toplusuna Sədaqət Fuadın son illərdə yazdığı şeirləri toplanıb.

“Sənsiz açılmır səhər” kitabının redaktoru və ön söz müəllifi şair Zülfüqar Şahsevənlidir.

1993- cu ildən ADU-nun baş müəllimi vəzifəsində çalışan, universitetin ictimai həyatında fəal rol oynayan, öz bilik və bacarığını istedadlı tələbələrin yetişməsinə sərf edən Sədaqət Fuad təkcə nümunəvi pedaqoq kimi yox, həm də qayğıkeş, nəcib bir insan, kövrək duyğulu şair, bədii qiraət ustası, son dərəcə təsirli səhnə əsərlərinin müəllifi, yaradıcı ziyalı kimi tanınıb.

Sədaqət Fuad üçün müəllim, işığı, nuru, ziyası ilə dünyanı süsləyən sirli bir planetdir. Yazılarının birində oxuyuruq: “Müəllim olmaq istəyim məni Azərbaycan Dillər Universitetinə gətirib çıxarıb. İlk dəfə müəllim olaraq tələbə auditoriyasına daxil olduğum an keçirdiyim həyəcanı, hiss və duyğuları sözlə ifadə edə bilmərəm. Unudulmaz anlar idi. İllər keçir, arzularsa tükənmir. Öz sənətimi çox sevirəm. Tələbələrlə, gənclərlə işləyərkən elə bil yeni-yeni arzularla açılan sabahlara boylanıram. Doğma universitetim üçün çalışmaq istəyirəm”. Sədaqət xanımın bir müəllim, bir vətəndaş kimi keçirdiyi bu doğma hiss və duyğular yazdığı bütün şeirlərində hiss olunur. Səmimiyyət, sadəlik, müqəddəslik onun yaradıcılığının mayasıdır. 

Şeirlərindəki saflıq oxucunu düşüncələrə qərq edir. Düşünürük ki, insanlığı bəşəri sevgiyə, Tanrı ucalığına, Tanrı gözəlliyinə, müqəddəs duyğulara cağıran Sədaqət Fuad dünyası ilə tanış olan oxucu bizi əhatə edən dünyaya bambaşqa bir gözlə baxacaq, yurdunu, yuvasını daha çox sevəcəkdir.      

Sədaqət xanımı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.