XƏBƏRLƏR

ADU-nun rektoru Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

31 oktyabr, 2022

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb. Səfiri ADU-da görməkdən məmnun olduğunu deyən rektor, iki ölkə arasındakı müxtəlif istiqamətli əlaqələri yüksək dəyərləndirib.

Rektor ADU-da ispan dilinin tədrisinə verilən böyük önəmə toxunub, universitetin müxtəlif istiqamətli beynəlxalq layihələri haqqında danışıb. Qeyd olunub ki, gələcək tədris planların hazırlanmasında və yeni təhsil yanaşmalarının tətbiqində ispan dilinin  öyrənilməsi öndə duran məsələlərdəndir. Eyni zamanda Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, bu səpkidə Meksika ilə də əməkdaşlığın əhəmiyyəti böyükdür.

Fövqəladə və səlahiyyətli səfir Xuan Rodriqo Labardini Flores rektora səmimi qəbula görə təşəkkürünü bildirib. Təhsil sahəsində əməkdaşlığın xaqları daha yaxınlaşdıran amil olduğunu deyən diplomat bu istiqamətin rəhbərlik etdiyi qurumun prioriteti olduğunu xüsusi vurğulayıb:

“İnanıram ki, bizim təhsil sahəsində əməkdaşlığımız bundan sonra da inkişaf edən xətlə davam edəcəkdir. Tələbələri İspan dili öyrənməyə təşviq edirsiniz, bu işə böyük diqqət göstərirsiniz. Bu bizim tərəfdən böyük rəğbətlə qarşılanan məsələlərdən biridir. Eyni zamanda ədəbiyyat sahəsində gələcək əlaqələri də vacib istiqamət hesab edirik. Bu, digər mövzularda təmasımıza böyük köməklik göstərə bilər. Çünki mədəniyyət böyük dəyər, böyük təsir qüvvəsi deməkdir”.

Sonda  “Halloween” bayramı ilə bağlı tələbələrin hazırladıqları rəsm tablolarına baxış keçirilib.