XƏBƏRLƏR

ADU-da Ukraynalı alimin iştirakı ilə interaktiv dərs təşkil edilib

24 dekabr, 2021

Dekabrın 24-də ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova və Kiyev Milli Linqvistik Universitetinin professoru Olqa Vorobyova Filologiya fakültəsinin (429 A,B) tələbələri üçün İngilis dilinin üslubiyyatı fənnindən interaktiv dərs (Peer teaching) təşkil ediblər. Dərsdə Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova, İngilis dilinin leksikologiyası və üslubiyyatı (FF) kafedrasının müdiri, dosent Aytən Hacıyeva və həmin kafedranın əməkdaşı dosent Aysel Məmmədbəyli iştirak edib.  

24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü münasibəti ilə təbriklərin səsləndirilməsi də xüsusi məqamlardan biri olub. Prezidentimizin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf və islahatların həyata keçirilməsi də Sevinc Zeynalova tərəfindən qeyd olunub. İnteraktiv dərsi ADU-nun professoru “Üslubiyyat: müasir tendensiyalar və yanaşmalar” və “Bədii mətndə, dildə üslubi fiqurlar” mövzusu ilə başlayıb.

Professor O.P.Vorobyova mətnin üslubi analizindən bəhs edərkən Virciniya Vulfun “The Water Place” əsəri əsasında tələbələrlə birlikdə bədii mətnin üslubi-konseptual analizini aparıb.

Sonda yekun olaraq, professor Sevinc Zeynalova və professor Olqa Vorobyova tələbələri maraqlandıran bir sıra sualları cavablandırıblar. Açıq dərs Prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” şüarı ilə sona çatıb.   

Həmçinin tələbələri bayram öncəsi motivasiya etmək məqsədilə həmin tarixdə Qərb dünyasında qeyd olunan Milad bayramı haqqında da məlumat verilib.