XƏBƏRLƏR

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

27 may, 2021

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

Respublika Günü münasibətilə Ümummilli lider Heydər Əliyev demişdir: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır.”

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı 1918-ci il Cənubi Qafqazın siyasi vəziyyətinə baxanda görürük ki, o zamankı vəziyyət 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdiyi dövrdəki siyasi vəziyyətdən daha ağır olmuşdur.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin dağılması ilə mayın 28-də Azərbaycan Milli Şurası Qafqazın cənub-şərqində, tarixi Azərbaycanın şimal hissəsində  “Azərbaycan” adlı dövlətin müstəqilliyini elan etdi. Xalq hakimiyyəti hüququnda olan bu dövlət şərqdə ilk Parlamentli respublika idi.

AXC-nin Tiflis dövrü qısa oldu. 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin “Müsəlman fraksiyası” özünü Milli Şura, yəni Azərbaycanın  ilk Parlamenti elan etdi və Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə seçildi. Mayın 28-də F.Xoyskinin başçılığı ilə keçirilən tarixi iclasda Azərbaycanın müstəqilliyi elan olundu. Milli Şura Tiflisdəki 20 günlük fəaliyyəti dövründə keçirdiyi iclaslarda qəbul etdiyi əsas qərarlardan birincisi Azərbaycanın İstiqlal Bəyannaməsi idisə, digəri də Azərbaycan hökumətinin formalaşdırılması idi. 1813-cü ildən işğala məruz qalmış Azərbaycan ilk dəfə “müstəqil idarə olunmasına başlanıldı”. AXC-nin 1918-ci il iyunun 4-də Batum konfransında Osmanlı dövləti ilə hərbi yardım haqqında bağladığı müqavilə sonrakı aylarda Azərbaycanın sərhədlərinin müəyyənləşməsində mühüm rol oynadı

Tiflisdə müstəqilliyini elan etmiş yeni dövlətin paytaxtı Gəncə şəhəri elan olunduğundan, 1918-ci il iyunun 16-da hökumət Gəncə şəhərinə köçürüldü. AXC-nin Gəncədə fəaliyyət dövrü də uzun sürmədi, ancaq burada da mühüm qərarlar qəbul edildi. İyunun 17-də yaranmış hökumət böhranından çıxış yolu kimi Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırdı və onun səlahiyyətləri  F.Xoyskinin başçılığı ilə formalaşdırılan yeni hökumətə verildi. Azərbaycan hökuməti Gəncədə olduğu dövrdə qəbul etdiyi mühüm qərarlar: 1) İyunun 21-də AXC-nin ilk dövlət bayrağı qəbul edildi; 2) İyunun 26-da Müsəlman hərbi korpusunun adının  dəyişdirilməsi ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı; 3)  İyunun 27-də türk dilinin dövlət dili elan edildi. Qeyd edək ki, o zaman “türk dili” deyəndə bu günkü Azərbaycan dili nəzərdə tutulurdu. Həmin dövrdə Bakı daşnak-bolşevik hakimiyyətinin əlində idi və S.Şaumyanın başçılığı ilə Bakı Soveti bölgənin müsəlman əhalisinə qarşı soyqırım siyasəti yeritmişdi. Azərbaycan xalqına qarşı törədilmiş soyqırım hadisələrinin  sənədləşdirmək üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul olunub. Həmin ilin oktyabrında fəaliyyətə başlayan komissiya erməni vəhşiliyini əks etdirən 36 cildlik sənəd toplamışdı və bu gün də əhəmiyyətinə görə çox aktualdır.

Gəncədə fəaliyyətini davam etdirən Azərbaycan hökumətinin ən ümdə vəzifəsi Bakını işğaldan azad etmək idi. Ancaq Bakı Xalq Komissarları Soveti də Gəncədəki milli hökuməti məhv etməyi planlaşdırırdı. S.Şaumyanın Gəncədə müstəqil hökuməti yerindəcə məhv etmək siyasəti iflasa uğradı. Bakı XKS-nin daşnak-bolşeviklərdən ibarət ordusu Qafqaz İslam Ordusu tərəfindən məğlubiyyətə uğradıldı. Sonra Bakıda hakimiyyəti ələ keçirən Mərkəzi Xəzər (Sentrokaspi) diktaturası ingilislərdən aldıqları yardıma baxmayaraq Azərbaycan hərbi  birləşmələrinin də tərkibinə qatıldığı Qafqaz İslam Ordusunun qarşısında duruş gətirə bilmədi.1918-ci il sentyabrın 15-də Bakı düşmənlərdən azad edildi.

1918-ci il sentyabrın 17-dən  1920-ci il aprelin 28-ə qədər AXC hökumətinin Bakıda fəaliyyət göstərmişdir. Mövcudluğu dövründə Azərbaycan Xalq Cümhuriyyəti “350 dəfə ilkə imza atıb”. Noyabrın 9-da Bakıda Azərbaycanın bu günkü üçrəngli bayrağı təsis edildi, parlament seçkiləri keçirildi və parlament fəaliyyətə başladı, ən mühümlərindən biri isə qısa müddətdə Azərbaycan ordusunun formalaşdırılması idi. Ordu Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsində mühüm qüvvə idi. Ordusuz bugünkü sərhədlərdən də böyük əraziləri qorumaq mümkün deyildi.

Cənubi Qafqazda Azərbaycan Xalq Cümhuriyyətinin ən məkrli düşməni Qərbi Azərbaycan torpaqlarında yaranmış Ermənistan (Ararat) Respublikası idi. Buradakı dövlətlər arasında sərhədlər müəyyənləşdirilmədiyi üçün sərhəd bölgələrində daimi gərginlik müşahidə olunurdu. AXC Dərbənd və ətrafındakı əraziləri, Borçalı, Qarayazı və Sığnax mahallarını, Sürməli qəzası, Axalsıx qəzasının Batum və Qars əyalətini öz ərazisi sayırdı. Ancaq Gürcüstan “Borçalı, Qarayazı və Sığnax mahallarını Azərbaycana qaytarmaqdan” imtina etdi, alman qoşunlarının dəstəyindən istifadə edərək Borçalıya qoşun yeritdi. Qazaxa qədər əraziləri tutmağa çalışan gürcü-alman qoşunları Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş yerli milis və köməyə gələn Osmanlı qüvvələrinin dəstəyi ilə geri çəkilməyə məcbur edildi. Ermənistanın işğalçılıq siyasətinə qarşı Naxçıvanda Araz Türk Respublikası, Qarsda isə Batuma qədər əraziləri özündə birləşdirən Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti (Qars Demokratik Cümhuriyyəti) yaranmışdı və buranın əhalisi Azərbaycana birləşməyə çalışırdı. Azərbaycan dövləti Qafqaz İslam Ordusunun dəstəyi ilə 114 min kv.km-ə qədər əraziyə nəzarəti bərpa etdi. Ərazi məsələləri İstanbul və Paris konfranslarında öz həllini tapmadı, Gürcüstanla və Ermənistanla sərhəd bölgələrdə ümumilikdə 16,6 min kv.km mübahisəli ərazilər qaldı. 1920-ci il aprelin 27-də keçirilən son iclasda AXC hökuməti hakimiyyəti Azərbaycan bolşeviklərinə verməyə məcbur edildi, faktiki olaraq Azərbaycan işğal edildi.  AXC bolşeviklər tərəfindən işğal olunandan sonra 27 min kv.km-dən çox ərazi Azərbaycanın əlindən alındı və Sovet Azərbaycanının ərazisi 86,6 min kv.km müəyyənləşdirildi.

Azərbaycan Xalq Cümhuriyyəti tariximizdə önəmli və şərəfli yer tutub. Qısa bir tarixi dövrdə mövcud olmuş bu dövlət XX əsrin əvvəllərində, I Dünya müharibəsinin sonlarına doğru, xalqımızın ən ağır günlərində yarandı. Paralel müqayisə etsək Azərbaycan Respublikası da XX əsrin sonlarında, yenə də xalqımız üçün ağır olan günlərdə yarandı. 1991-ci il oktyabrın 18-də müstəqilliyimiz elan olunanda Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. 1998-ci il mayın 26-da Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə keçirilən iclasında Ümummilli lider Heydər Əliyev demişdir: «Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur.” Ulu öndər: “Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı Parlamentin indi də varisidir” deməklə varislik prinsipinin qorunduğunu qeyd edirdi.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli şəkildə  qeyd olunub. Cümhuriyyətin süqutuna həsr olunmuş “Son iclas” filmi xalqımız tərəfindən maraqla qarşılanıb. Azərbaycan dövləti Cümhuriyyətin irsini həmişə əziz tutub və varislik prinsipi davam etdirilir.

Dos. Qorxmaz Mustafayev, ADU Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası