ADU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində təmsil olunub

112

Oktyabrın 10-da Azərbaycan Dillər Universiteti (ADU) 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində təmsil olunub.

Universitetin təmsil olunduğu guşədə ADU-nun fəaliyyətini, xidmətlərini və uğurlarını əks etdirən mükafatlar, bukletlər və digər nəşrlər təqdim olunub. Guşədə, həmçinin ADU-nun maliyyə vəsaiti hesabına çap olunmuş nəşrlər, kitablar, dərs vəsaitləri, eləcə də universitetdə mərkəzlərinin fəaliyyət göstərdiyi müxtəlif ölkələrin elm və mədəniyyət nümunələri nümayiş olunub.

Sərgi iştirakçıları ADU-nun məlumat guşəsi ilə yaxından tanış olublar. Universitetin beynəlxalq əlaqələrindəki uğurları, xarici dil biliklərinin mükəmməl şəkildə tədris olunması ziyarətçilərin diqqətini çəkib. Eyni zamanda universitetin xarici ölkə universitetləri ilə təhsil mübadiləsi imkanlarının olması sərgi iştirakçılarını maraqlandıran əsas məqamlardan biri olub.

Sərginin açılışında iştirak edən Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar ADU-nun təmsil olunduğu guşə ilə yaxından tanış olublar.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bildirib ki, son illər Azərbaycan təhsilinin inkişafına xüsusi diqqət ayrılır və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan rəhbərlik etdiyi universitetin də Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən biri kimi özünəməxsus şəkildə fərqləndiyini deyən rektor beynəlxalq əlaqələr, dünya ölkələrinin elm və mədəniyyət mərkəzlərinin fəaliyyəti, savadlı kadr hazırlığı, peşəkar dil mütəxəssislərinin hazırlanmasının təhsilimizə verilən töhfələrdən hesab olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi hələ iki gün (10-12 oktaybr) davam edəcək.

SHARE