Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi

 

Əziz tələbələr, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinə xoş gəlmisiniz!

 

Bizim əsas missiyamız və gələcəyə baxışımız keyfiyyətli təhsil verən və dərin elmi araşdırmalar aparan, bilik və bacarıqlarını bəşəriyyətin və ölkənin faydası üçün istifadə edən, cəmiyyətdə dəyişiklik/fərq yaradaraq gələcəyə istiqamət verən innovativ fakültə olmaqdan, habelə tənqidi düşünən və problemləri həll etməyi bacaran, elmə və mədəniyyətə töhfə verən, sosial məsuliyyətli və ölkənin problemlərinə həssas olan, ictimai maraqları qoruyan şəxsi və peşəkar sferada öz üzərində davamlı çalışan və təkamül edən, mənəvi – mədəni və ideoloji cəhətdən kamil olan yaradıcı şəxsiyyətlər yetişdirməkdən ibarətdir.

 RBM fakültəsi Azərbaycan Respublikasında ən geniş xarici regionşünaslıq proqramlarına malik olan və demək olar ki, dünyanın bütün regionlarını əhatə edən tədris prosesinə malik yeganə akademik strukturdur. Fakültəmizdə bakalavriatura pilləsində iki istiqamət – Regionşünaslıq və Beynəlxalq münasibətlər istiqamətləri üzrə 17 ixtisas proqramı əsasında tədris prosesi həyata keçirilir və müvafiq dərəcə verilir. Fakültəmizdə, həmçinin 7 ixtisas proqramı üzrə magistr dərəcəsi verilir. Azərbaycan, rus və tələbələrin seçimindən asılı olaraq, ingilis dilində tədris prosesini aparan fakültəmizdə tələbələrin elmi fəaliyyətlə məşğul olması, elmi araşdırmalar aparması, məqalə və tezislər çap etdirməsi üçün əlverişli akademik mühit yaradılıb.

RBM fakültəsi tələbələrin oxuduqları ixtisaslar üzrə zəngin biliklər, bacarıqlar və vərdişlər əldə etməsi və peşəkar qabiliyyətlərinin formalaşdırılması üçün yüksək ixtisaslı professor-müəllimlərdən formalaşan kadr potensialına və özünəməxsus idarəetmə tərzinə malikdir.

Fakültəmiz xaricdə yerləşən aparıcı universitetlərlə əlaqələr yaradaraq, tələbə və müəllim mübadiləsi, həmçinin ikili diplom proqramlarına qoşularaq beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməyi hədəf seçib.

RBM fakültəsi XXI əsrin təhsil ocağıdır. Biz gələcəyin liderlərini formalaşdırırıq. Tələbələrimiz dövlət strukturlarında təcrübə keçirlər. Fakültəmizin məzunları sırasında millət vəkili, çoxlu sayda diplomatlar, dövlət strukturlarında müxtəlif vəzifələrdə çalışan məmurlar və iş adamları var.

Sən də bu sırada olmaq istəyirsənsə, o zaman bizə qoşul!

Fakültənin tərkibinə daxildir:

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrası

Fəlsəfə və ictimai elmlər kafedrası

Beynəlxalq münasibətlər kafedrası

Qafqazşünaslıq kafedrası

Regionşünaslıq kafedrası

İnformasiya texnologiyaları kafedrası

Fakültədə Regionşünaslıq (Böyük Britaniya, Almaniya, Fransa, Amerika, Skandinaviya, Qafqaz, İsrail və Yaxin Şərq, Hindistan, Mərkəzi və Şərqi Avropa, Cənub Şərqi Asiya və İndoneziya, Yaponiya, Argentina, Ərəb ölkələri və Çin üzrə) və Beynəlxalq münasibətlər ixtisasları fəaliyyət göstərir. Fakültədə tədris iki növbədə təşkil olunur (I-V gün 08:30-18:30).

Hazırda Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində müvafiq ixtisaslar üzrə  bakalavriat pilləsində 860  nəfər tələbə təhsil alır. Bakalavriat pilləsi üzrə təhsil alan I kurs  tələbələrinin ümumi sayı 22 qrup  üzrə  209 nəfər, II kurs  tələbələrinin  sayı 20 qrup üzrə 195 nəfər, III kurs tələbələrinin sayı 20 qrup üzrə 211 nəfər, IV kurs tələbələrinin sayı isə 19 qrup üzrə 206 nəfər təşkil edir. Tədris ili müddətində universiteti bitirə bilməyən (V-VII il) tələbələrinin sayı isə 39 nəfərdir.

Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri hər il qazandıqları müxtəlif təhsil proqramları (Erasmus Mundus, MEXT) əsasında Norveç, Almaniya, Fransa, Polşa, Yaponiya, Çin, İndoneziyada bir illik təhsillərini davam etdirir və ya Yay məktəblərində iştirak edirlər.

Tel: (+99412) 441 22 90