Pedaqoji (ingilis dili və fransız dili üzrə)

Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültəsinin dekanlığı bütün tələbələrə tədris ilində uğurlar arzulayır.  Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültə yüksək ixtisaslı ingilis və fransız dili müəllimləri hazırlayır. Fakültəmizdə ingilis dili və fransız dili müəllimliyi üzrə bakalavriat səviyyəsində fənlər təklif olunur. Fakültədə 2-ci xarici dil kimi alman, fransız, rus və ingilis dilləri tədris edilir. İstər fakültə rəhbərliyi, istərsə də fakültəmizdə tədris edilən bütün fənlər üzrə mütəxəssislər tələbələrin lazımi bilik, bacarıq və vərdişlərə yiyələnməsi üçün daima çalışır. Keyfiyyətli tədrisin təmin edilməsi üçün fakültədə tələbələr üçün hər cür şərait yaradılmışdır. Fakültəmizdə mütəmadi olaraq tələbələrin iştirakı ilə müxtəlif məzmunlu tədbirlər, sərgilər, yarmarkalar, xeyriyyə aksiyaları və s. təşkil edilir ki, bu da tələbələrin universitetin ictimai həyatında daha fəal iştirak etmələri üçün stimul yaradır.

Fakültədə Universitetin ictimai həyatında olduqca əhəmiyyətli rola malik olan Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı və Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.

Fakültədə tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, nizam-intizamın daha da gücləndirilməsi sahəsində geniş işlər görülmüşdür. Universitet rəhbərliyinin fakültə kollektivi qarşısında qoyduğu hər bir tələb bizim fəaliyyət proqramımızdır. İnamla deyə bilərik ki, bundan sonra da Pedaqoji (İngilis dili və fransız dili üzrə) fakültə universitetimizin cəmiyyətdəki nüfuzunu həmişə uca tutacaq.

Fakültənin tarixi

Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı. İlk dövrlərdə burada cəmi iki fakültə fəaliyyət göstərirdi: İngilis dili və Alman-fransız dilləri fakültələri. Fakültəyə 1948/1949-cu tədris ilində 75 nəfər (50 Azərbaycan, 25 rus bölmələrinə) tələbə qəbul olunmuş, 140 nəfər isə APİ-dən köçürülmüşdür. 215 nəfərlə (137 azərbaycanlı) tədrisə başlayan fakültənin ilk dekanı 1948-ci ildə APİ-nin Xarici dillər fakültəsinin məzunlarından olan Nazim Qədimbəyov olmuşdur. Lakin o, tezliklə Xarici İşlər Nazirliyinə məsul işə getdiyindən fransız dili mütəxəssisi Mina Quliyeva onu bu vəzifədə əvəz etdi. Sonrakı illərdə Nigar Vəzirova-Yeqorova, Dora Abbasova, Lev Qusliser, Səid Bağırov, Miyasət Ömərova dekan vəzifəsini icra etmişlər. İngilis dili kafedrasının müdiri isə Rüxsarə Qayıbova olmuşdur. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il aprelin 14-də “Azərbaycan SSR-də ali məktəblər şəbəkəsini nizama salmaq haqqında” qəbul etdikləri qərarın icrası ilə əlaqədar olaraq respublika maarif naziri həmin ilin may ayında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F. Axundov adına Rus dili və ədəbiyyat institutlarının birləşdirilməsi haqqında əmr verdi. Yeni yaranmış institutda cəmi iki fakültə fəaliyyət göstərirdi: Rus dili və ədəbiyyatı və Avropa dilləri. İngilis dili mütəxəssislərini hazırlayan ikinci fakültənin dekanı Cəfər Cəfərov təyin edilmişdi. Lakin o, bu vəzifəni cəmi bir il icra etdi. 1960-ci ilin mart ayında onu Şamil Səfiquliyev əvəz etdi. Respublika AOİT Nazirinin 7 fevral 1968-ci il tarixli əmri ilə Avropa dilləri fakültəsi iki yerə ayrıldı: İngilis dili və Alman-fransız dilləri fakültələrinə. Seçki keçirilənə qədər dos. İsmixan Rəhimov fakültənin dekanı təyin edildi. Az sonra, 1968-ci il aprelin 22-də Nanə Şahmuradova fakültənin dekanı seçildi. 1971-ci ilin aprelində İ.Rəhimov fakültəyə yenidən rəhbərlik etməyə başladı.

1969-cu ildə hakimiyyətə gəlmiş ümummmilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Qərara əsasən, həmin institutun bazasında iki müstəqil institut təşkil edildi: M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu. APXDİ-də ən böyük fakültə İngilis dili fakültəsi idi. Fakültə ləğv edilmiş institutdan köçürüldüyü üçün dekan vəzifəsini müvəqqəti olaraq yenə də İ.Rəhimov icra etməyə başladı. 1973-cü ildə onun yerinə Fikrət Seyidov dekan vəzifəsinə təyin olundu, 1979-cu ildə onu G.Yusifov, 1990-cı ildə isə G. Yusifovu F. Orucov əvəz etdi.

90-cı illərdə respublikada baş vermiş ictimai-siyasi proseslər institut həyatına da öz təsirini göstərirdi. Bu özünü kadr dəyişikliyi, fakültə, kafedra və şöbələrin yenidən qurulması sahəsində daha bariz şəkildə göstərirdi. Rektorların, prorektorların, dekanların, kafedra və şöbə müdirlərinin dəyişdirilməsi, fakültə, kafedra və şöbələrin yenidən qurulması adi prosesə çevrilmişdi.

90-cı illərə qədər respublikada İngilis dili mütəxəssislərinin hazırlanması sahəsində yeganə qurum olan ingilis dili fakültəsi rektorun 1991-ci il 17 dekabr tarixli əmrilə İngilis-alman dilləri və İngilis-fransız dilləri fakültələrinə ayrıldı. İkinci fakültə institut Elmi Şurasının qərarı ilə 1998-ci ildən İngilis dili və regionşünaslıq, 2001-ci ildən 2№-li İngilis dili fakültəsi, 2013-cü ildən etibarən Pedaqoji fakültə adlandı.

Pedaqoji (ingilis dili və fransız dili üzrə ) fakültə Azərbaycan Dillər Universiteti üzrə 28 avqust 2014-cü il tarixli 68 saylı əmr ilə yaradılmışdır. (Əsas: Rektoryanı Şuranın 25.08.2014-cü il tarixli iclasının qərarı)

Fakültə ingilis dili müəllimliyi və fransız dili müəllimliyi ixtisasları üzrə bakalavr hazırlığını həyata keçirir. Təhsilin forması əyanidir. Fakültədə iki ixtisas üzrə hazırda 1359 tələbə təhsil alır.

Bu ixtisaslar üzrə tələbələrə aşağıdakı fənlər təklif olunur.

  1. Oxu və nitq (səviyyələr üzrə)
  2. Kommunikatıv qrammatika (səviyyələr üzrə)
  3. Eşitmə və tələffüz (səviyyələr üzrə)
  4. İngilis və fransız dillərinin leksikologiyası
  5. İngilis və fransız dillərinin üslubiyyatı
  6. İngilis və fransız dillərinin tədrisi metodikası
  7. İngilis və fransız ədəbiyyatı
  8. Ümumtəhsil kurrikulumunun əsasları
  9. Xarici dillər (alman, fransız, rus, ingilis)
  10. Ölkəşünaslıq
  11. Dilçiliyə giriş
  12. Təlim psixologiyası
  13. Pedaqogika
  14. Azərbaycan tarixi
  15. Azərbaycan dili
  16. Azərbaycan ədəbiyyatı
  17. Təlimdə informasiya texnologiyaları
  18. Mülki müdafiə və tibbi biliklərin əsasları
  19. İbtidai sinifdə ixtisas dilinin tədrisi metodikası
  20. Bədən tərbiyəsi
  21. Müxtəlif seçmə fənlər