Fakültəmiz həm ölkəmiz üçün, həm də ölkəmizdən kənarda çalışa biləcək yüksək ixtisaslı ingilis dili və alman dili müəllimləri hazırlayır. Universitet yarandığı ilk günlərdən fəaliyyətə başlayan fakültənin həyatında 2016-cı il əsl islahatlar ili olmuşdur. Daha doğrusu, yeni dövr – dəyişikliklər dövrü başlamışdır. Fakültəmizdə Bakalavriat, img_4752Magistratura və Ph.D səviyyələrində fənlər təklif olunur. Respublikamızda və xaricdə tanınan, öz sahəsinin gözəl biliciləri olan mütəxəssislər fakültəmizdə dərs deyirlər. Lazımı bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün hər cür şərait – effektiv, kreativ tədris mühiti, yeniləşmiş tədris proqramları, yeni dərsliklər, İKT əsaslı təlim zalları, elmi-tədqiqat mərkəzləri, tələbə-müəllim münasibətlərində qarşılıqlı hörmət və şəffaflıq və s. sizi gözləyir, əziz tələbələr. Fakültənin dünyanın qabaqcıl universitetləri ilə olan əlaqələri sizin üçün dünyaya açılan bir pəncərə olacaq. Bir sözlə, fakültəmizdə hər gününüz yeni-yeni xəbərlərlə, tədbirlərlə dolu olacaq. Hələ görüləsi çox işlərimiz var. Siz də bu görüləcək işlərin iştirakçısı olmaq istəyirsinizsə, əsl tələbə həyatı yaşamaq istəyirsinizsə, heç bir tərəddüd etmədən öz nüfüzu və dəst-xətti olan Pedaqoji fakültəyə gəlin.

 Pedaqoji fakültənin tarixi

Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı və İnstitut öz qapılarını 1948-ci il sentyabrın 1-də tələbələrin üzünə açanda burada cəmi iki fakültə fəaliyyət göstərirdi: İngilis dili və Alman-fransız dilləri fakültələri. İngilis dili fakültəsi ayrıca qurum kimi həmin tarixdə yaransa da, öz başlanğıcını 1937-ci ildə APİ-nin nəzdində fəaliyyətə başlamış Xarici dillər fakültəsindən götürür. Çünki respublikada ingilis dili mütəxəssisləri ilk dəfə olaraq məhz həmin fakültədə hazırlanmağa başlamış və İnstitut açılana qədər respublikanın məktəblərinə yüzlərlə xarici dil müəllimi göndərilmişdir. Bu məzunların arasında sonralar müstəqil institutun elmi-pedaqoji həyatında, eləcə də respublikada xarici dillərin tədrisi prosesində mühum rol oynamış Rüxsarə Qayıbova, İsmixan Rəhimov, Nazim Qədimbəyov, Fuad Kazımov, Həcər Nağıyeva, Xədicə Əhmədova, Miyasət Ömərova və bu kimi şəxslər də var idi. Lakin respublikada müstəqil institut yarandıqdan sonra xarici dil mütəxəssislərinin hazırlanması yeni mərhələyə qədəm qoydu. Fakültəyə 1948/1949-cu tədris ilində 75 nəfər (50 Azərbaycan, 25 rus bölmələrinə) tələbə qəbul olunmuş, 140 nəfər isə APİ-dən köçürülmüşdür. 215 nəfərlə (137 azərbaycanlı) tədrisə başlayan fakültənin ilk dekanı 1948-ci ildə APİ-nin Xarici dillər fakültəsinin məzunlarından olan Nazim Qədimbəyov olmuşdur. Lakin o, tezliklə Xarici İşlər Nazirliyinə məsul işə getdiyindən fransız dili mütəxəssisi Mina Quliyeva onu bu vəzifədə əvəz etdi. Sonrakı illərdə Nigar Vəzirova-Yeqorova, Dora Abbasova, Lev Qusliser, Səid Bağırov, Miyasət Ömərova dekan vəzifəsini icra etmişlər. İngilis dili kafedrasının müdiri isə Rüxsarə Qayıbova olmuşdur.  Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il aprelin 14-də “Azərbaycan SSR-də ali məktəblər şəbəkəsini nizama salmaq haqqında” qəbul etdikləri qərarın icrası ilə əlaqədar olaraq Respublika Maarif naziri həmin ilin may ayında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F. Axundov adına Rus dili və ədəbiyyatı institutlarının birləşdirilməsi haqqında əmr verdi. Yeni yaranmış institutda cəmi iki fakültə fəaliyyət göstərirdi: Rus dili və ədəbiyyatı və Avropa dilləri. İngilis dili mütəxəssislərini hazırlayan ikinci fakültənin dekanı Cəfər Cəfərov təyin edilmişdi. Lakin o, bu vəzifəni cəmi bir il icra etdi. 1960-cı ilin mart ayında onu Şamil Səfiquliyev əvəz etdi. Respublika AOİT nazirinin 7 fevral 1968-ci il tarixli əmri ilə Avropa dilləri fakültəsi iki yerə ayrıldı: İngilis dili və Alman-fransız dilləri fakültələrinə. Seçki keçirilənə qədər dosent İ. Rəhimov fakültənin dekanı təyin edildi. Az sonra, 1968-ci il aprelin 22-də Nanə Şahmuradova fakültənin dekanı seçildi. 1971-ci ilin aprelində İ. Rəhimov fakültəyə yenidən rəhbərlik etməyə başladı.

1969-cu ildə hakimiyyətə gəlmiş Ümummmilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Qərara əsasən, həmin institutun bazasında iki müstəqil institut təşkil edildi: M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu. APXDİ-də ən böyük fakültə İngilis dili fakültəsi idi. Fakültə ləğv edilmiş institutdan köçürüldüyü üçün dekan vəzifəsini müvəqqəti olaraq yenə də İsmixan Rəhimov icra etməyə başladı. 1973-cü ildə onun yerinə Fikrət Seyidov dekan vəzifəsinə təyin olundu, 1979-cu ildə onu G. Yusifov, 1990-cı ildə isə G. Yusifovu F. Orucov əvəz etdi.

90-cı illərdə respublikada baş vermiş ictimai-siyasi proseslər institut həyatına da öz təsirini göstərirdi. Bu özünü kadr dəyişikliyi, fakültə, kafedra və şöbələrin yenidən qurulması sahəsində daha bariz şəkildə göstərirdi. Rektorların, prorektorların, dekanların, kafedra və şöbə müdirlərinin dəyişdirilməsi, fakültə, kafedra və şöbələrin yenidən qurulması adi prosesə çevrilmişdi.

90-cı illərə qədər respublikada ingilis dili mütəxəssislərinin hazırlanması sahəsində yeganə qurum olan ingilis dili fakültəsi rektorun 1991-ci il 17 dekabr tarixli əmrilə ingilis-alman dilləri və ingilis-fransız dilləri fakültələrinə ayrıldı. İkinci fakültə İnstitut Elmi Şurasının qərarı ilə 1998-ci ildən İngilis dili və Regionşünaslıq, 2001-ci ildən 1№-li İngilis dili fakültəsi adlandı. 1991-2003-cü illərdə Dünyamin Yunusov, Sevda Cavadova, Natiq Yusifov, Məlumat Nurəddinov fakültənin dekanları olmuşlar. 2003-2014-cü illər dövründə isə professor Əfqan Abdullayev fakültəyə rəhbərlik etmişdir. 2013-cü ildə 1 saylı İngilis dili fakültəsinin adı dəyişdirilərək Pedaqoji fakültə adlandırılmışdır.

Yarandığından ötən 70 il ərzində minlərlə ingilis dili mütəxəssisi hazırlamış fakültənin yetirmələri arasında zəngin elmi yaradıcılığı, yüksək istedadı, dilçilik elminin inkişafında öz dəst-xətti ilə seçilən bir çox milli kadr hazırlanmışdır. Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş ilk xarici dil mütəxəssisi, professor Zemfira Verdiyeva, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı Ağamusa Axundov, Qəzənfər Paşayev, respublikada komperativ dilçiliyin əsasını qoymuş professor Oruc Musayev, respublikada ilk dəfə milli dilçiliyin tərkibində bədii surətin fikir ifadəsinin kommunikativ aspektlərinin dərin elmi təhlilini vermiş Məhparə Qayıbova, dilçilik elminin inkişafında müstəsna xidmətləri olan professorlar Dünyamin Yunusov, Natiq Yusifov, Fikrət Seyidov, Sayadulla Babayev, Gülnar Hüseynzadə, Dilarə İsmayılova, Məsmə Qazıyeva, Əfqan Abdullayev, Fərman Zeynalov, Fikrət Cahangirov, Azad Məmmədov, Nigar Vəliyeva, Leyla Cəfərova, Arif Hüseynov, Sevinc Zeynalova, əməkdar müəllim Akif Bayramov, Balaxan Hüseynov və başqaları məhz bu fakültənin yetirmələridir.

Fakültə Universitetdə aparılan islahatların önündə gedən aparıcı quruma çevrilmişdir. Universitetin rektoru olmuş professor Səməd Seyidovun diqqət və qayğısı sayəsində Pedaqoji fakültənin maddi-texniki bazası daha da gücləndirilmişdir. Müxtəlif mərkəzlər, laboratoriyalar, yeni kafedraların yaradılması məhz həmin diqqətin nəticəsidir.

Fakültədə  tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mühüm addımlar atılmışdır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, öyrədən və öyrənənin hüquq və vəzifələrini daha məsuliyyətlə başa düşmələri, nizam-intizamın daha da gücləndirilməsi sahəsində işlər görülmüşdür.

Respublikamız 2005-ci ildə Boloniya Bəyannaməsini qəbul etdikdən sonra universitetimiz bu prosesi dəstəkləyən ilk ali təhsil müəssəsi oldu. Tədris plan-proqramları yeniləndi, dərsliklər müasir tələblərə cavab verən dərsliklərlə əvəz olundu. Tələbələrlə, valideynlərlə, eləcə də müəllimlərlə bu yeni sistem haqqında maarifləndirmə işləri aparıldı, yeni innovativ təlim metodlarına həsr olunmuş treyninqlər – seminarlar keçirildi, yeni-yeni fənn proqramları hazırlandı.

Fakültənin nəzdində aşağıdakı kafedralar fəaliyyət göstərir: İngilis dilinin leksikologiyası; İngilis dilinin fonetikası, Pedaqogika, Mülki müdafiə və tibbi biliklərin əsasları, Təlimdə İnnovasiyalar və Alman dili. Bu gün fakültədə 6 kafedrada 167 nəfər əməkdaş çalışır. Onların 4 nəfəri elmlər doktoru-professor, 40 nəfəri fəlsəfə doktoru-dosent, 75 nəfəri isə baş müəllimdir. Fakültənin professor-müəllim heyəti son 1 ildə 162 dərslik, dərs vəsaiti, monoqrafiya çap etdirmiş, müxtəlif nüfuzlu elmi nəşrlərlə 447 məqalə-tezis nəşr etdirmişdir. Müəllimlərimiz daim öz peşə hazırlıqlarını artırmaq üçün müxtəlif seminar, konfrans və treyninqlərdə iştirak edirlər. Son bir ildə kafedralarımız tərəfindən 52 elmi-tədqiqat, peşəyönümlü tədbirlər təşkil edilmişdir. 2014-cü ildən filologiya elmləri doktoru,  professor Fikrət Cahangirov fakültənin dekanıdır.

Akademik proqramlar

 

Bu gün Pedaqoji fakültədə bakalavriat səviyyəsində müxtəlif proqramlar-ixtisaslar təklif edilir. Fakültədə ixtisaslar üzrə aşağıdakı fənlər tədris edilir.

Bakalavriat pilləsində İngilis və alman dili müəllimliyi, eləcə də İbtidai sinif müəllimliyi ixtisasları verilir. Bu ixtisaslar üzrə tələbələrə aşağıdakı fənlər təklif olunur:

 

İngilis dili və alman dili müəllimliyi ixtisasları üzrə:

  1. Oxu və nitq (səviyyələr üzrə)
  2. Kommunikativ qrammatika (səviyyələr üzrə)
  3. Eşitmə və tələffüz (səviyyələr üzrə)
  4. İngilis (alman) dilinin leksikologiyası
  5. İngilis (alman) dilinin üslubiyyatı
  6. İngilis (alman) ədəbiyyatı
  7. Ölkəşünaslıq
  8. Xarici dilin tədris metodikası
  9. Dilçiliyə giriş
  10. Təlim psixologiyası
  11. Pedaqogika
  12. Azərbaycan tarixi
  13. Azərbaycan dili
  14. Azərbaycan ədəbiyyatı
  15. Xarici dillər (alman, fransız, ispan, italiyan)
  16. Təlimdə informasiya texnologiyaları
  17. Mülki müdafiə
  18. Bədən tərbiyəsi
  19. Müxtəlif seçmə fənlər

 

İbtidai sinif müəllimliyi ixtisası üzrə:

  1. Azərbaycan coğrafiyası
  2. Psixologiya
  3. Ana dili
  4. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları
  5. Uşaq anatomiyası, fiziologiyası və gigiyenası
  6. Azərbaycan tarixi
  7. Ana dilinin tədrisi metodikası
  8. Təsviri sənət və onun tədrisi metodikası
  9. Musiqi və onun tədrisi metodikası
  10. Təlim nəticələrinin qiymətləndirilməsi
  11. Pedaqogika
  12. Fiziki tərbiyə və onun tədrisinin metodikası
  13. Həyat bilgisi və onun tədrisi metodikası
  14. Ailə pedaqogikası
  15. İnformatika və onun tədrisi metodikası

Beynəlxalq əlaqələr

Pedaqoji fakültənin xarici əlaqələri ildən-ilə genişlənmiş, dünyanın qabaqcıl universitetləri ilə niyyət protokolları, ikitərəfli müqavilələr bağlanmışdır. ESLI Beynəlxalq təşkilatı (ABŞ), Florida Beynəlxalq Universiteti, Berklidəki Kaliforniya Universiteti (ABŞ), Nyu-York Dövlət Universiteti (ABŞ), Minnesota Universiteti (ABŞ), Şimali Karolina Universiteti (ABŞ), Kluj Dövlət Universiteti (Rumıniya), Belarus Dövlət Universiteti, Upsala Universiteti (İsveç), Uludağ Universiteti (Türkiyə) və başqalarını göstərmək olar. Böyük Britaniya Birləşmiş Krallığının Esseks Universiteti ilə bağlanmış müqavilə isə Universitetimizin tarixinə yazılacaq. Tələbələrimiz 2 il fakültəmizdə oxuyandan sonra təhsillərini Esseks Universitetində davam etdirməklə həm Esseks Universitetinin, həm də Azərbaycan Dillər Universitetinin ikili diplomlarını alacaqlar.