Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsi ixtisaslarının müxtəlifliyi və çoxşaxəliliyi ilə fərqlənən bir fakültədir.

Belə ki, dünyanın bir çox aparıcı universitetləri ilə əlaqələri olan bu fakültədə ingilis, alman, fransız, ispan, rus dilləri tədris olunur. Ümumilikdə, fakültəmizdə, öz peşəsinin əsl mütəxəssisi olan, innovativ metodlarla işləyən müəllimlər tərəfindən təşkil olunmuş yaradıcı, effektiv və keyfiyyətli tədris mühiti İKT əsaslı otaqlarda, elmi-tədqiqat mərkəzlərində həyata keçirilir.

Filologiya və jurnalistika fakültəsinin dekanı fil.f.d., dos.

Ağabəyli Vüsalə Elxan qızı

Tel: (+99412) 440 45 07

(+99412) 441 22 78 (daxili 1 12, 1 13)

E-mail: filologiya.jurnalistika@adu.edu.az

Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsi ADU rektorunun imzaladığı 07 fevral 2013-cü il tarixli 17 saylı əmrə əsasən Fransız və Alman dilləri fakültəsi ilə Filologiya fakültəsinin birləşməsi əsasında yaranmışdır. Fakültənin tarixinin başlanğıcı 1948-ci ilə təsadüf edir. Filologiya və jurnalistika fakültəsinin möhkəm təmələ əsaslanan keçmişi, dövrün nəbzini tutan bu günü və ümidli gələcəyi var. Fakültənin tarixində “filyer” adlanan xüsusi tədris proqramları tətbiq olunaraq özünəməxsus yer tutmuş, “filyer” təcrübəsi genişlənmiş və bir müddət fakültəni bütöv şəkildə əhatə etmişdir.

Filologiya və jurnalistika fakültəsinin təməlində sonradan adları dəyişmiş və əməkdaşları fəaliyyətini digər kafedralarda davam etdirmiş mərhum prof. M.S.Qarayevanın rəhbərlik etdiyi Roman-german filologiyası və s. bu kimi əsl elm ocağı olan kafedralar olmuşdur. Onların fəaliyyəti bütövlükdə fakültənin inkişafında fövqəladə rol oynamışdır.

Fakültənin ali orqanı Elmi Şuradır. 14 üzvü olan fakültə Elmi Şurasının iclasları ayda bir dəfə keçirilir. Fakültənin fəaliyyətinə dair məsələlər müzakirə olunur və müvafiq qərarlar qəbul olunur.

Hazırda fakültədə 743 tələbə təhsil alır. Universitetin bütün fakültələrində olduğu kimi, Filologiya və jurnalistika fakültəsində də tədrisdə Bolonya sistemi tətbiq olunur. Burada kredit sistemi, delokalizasiya proqramları, seçmə fənlərin tələbələr tərəfindən müəyyənləşdirilməsi və bir çox digər məsələlər öz əksini tapır.

Fakültə nəzdində fəaliyyət göstərən kafedralarda yeni nəfəs duyulmaqdadır. Burada gənc kadrlara daha çox yer verilir, onlara xüsusi diqqət və qayğı göstərilir.

Universitetdə təşkil olunan beynəlxalq, respublika miqyaslı və universitetdaxili elmi konfranslarda fakültənin professor-müəllim heyətinin fəal iştirakı fakültənin gündəlik fəaliyyətinin tərkib hissəsini təşkil edir. Fakültə nəzdində olan kafedraların bütün professor-müəlim heyəti elmi işlərin hazırlanması ilə əhatə olunmuşdur: bir qismi doktorantura, digər qismi dissertantura xətti ilə, digər bir qismi isə kafedraların əməkdaşları kimi elmi işlər üzərində çalışır.

Universitetin Tələbə Elmi Cəmiyyəti ilə fakültənin Tələbə Elmi Cəmiyyəti əl-ələ verərək birgə fəaliyyət göstərir. Elmi fəaliyyətə cəlb olunan tələbələrin sayı ildən-ilə artır; onlar elmi konfranslarda məruzələrlə çıxış edir, tezislərini təqdim edir.

Fakültə təmsilçiləri tədbirlərdə fəal iştirak edir.

Universitetin ictimai həyatına yeni enerji gətirən Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatı hazırda fəallıq göstərir və öz sıralarında fakültənin lider tələbələrini birləşdirir. Bu qurumlar tələbələr arasında xüsusi nüfuza malikdir. Fakültə tələbələri TGT nəzdindəki mərkəzlərin bəzilərinə rəhbərlik edir, bəzilərinin isə fəal iştirakçısıdır. Fakültə Tələbə Həmkarlar Təşkilatı tələbələrin qayğısını çəkir, onların sosial problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Maddi təminatla bağlı məsələləri isə universitetin Tələbə Həmkarlar Təşkilatı qarşılayır.

Fakültənin gələcəyi etibarlı əllərdə – bugünkü nizam-intizamlı, tərbiyəli, ağıllı, savadlı, yüksək potensiala malik olan vətənpərvər, geniş dünyagörüşlü tələbələrin əlindədir.

Fakültədə beynəlxalq əlaqələr də inkişaf etməkdədir. Xarici universitetlər ilə əməkdaşlıq qurmaq istiqamətində danışıqlar aparılır.

Respublikamızda hökm sürən inkişaf siyasətini, tədrisin keyfiyyətinin yüksəldilməsi əzmini, universitet rəhbərliyinin bu tərəqqi yolunda tutduğu israrlı mövqeyini dəstəkləyən Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsi tələbələri parlaq gələcəyə doğru yönəltmək işini özünə borc və şərəf bilir.

İxtisaslar
1. İngilis dili və ədəbiyyatı
2. Fransız dili və ədəbiyyatı
3. Alman dili və ədəbiyyatı
4. İspan dili və ədəbiyyatı
5. Azərbaycan dili və ədəbiyyatı
6. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
7. İngilis dili və ədəbiyyatı müəllimliyi
8. Alman dili və ədəbiyyatı müəllimliyi
9. Fransız dili və ədəbiyyatı müəllimliyi
10. Rus dili və ədəbiyyatı müəllimliyi
11. Jurnalistika