Xarici Təhsilli Əməkdaşlar Birliyinin tanıtımı

107

Görüş Təhsil fakültəsinin əməkdaşlarının iştirakı ilə keçirilib

Fevralın 9-da Azərbaycan Dillər Universitetində (ADU) Xarici Təhsilli Əməkdaşlar Birliyinin növbəti tanıtım tədbiri keçirilib. Tədbirdə universitetin Təhsil fakültəsinin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova birliyin ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsu ilə yaradıldığını diqqətə çatdırıb, qurumun səbəb və məqsədləri barədə ətraflı məlumat verib. L.Qurbanova daha sonra müəllimlik peşəsi ilə bağlı tələbələrdə düzgün rəyin formalaşdırılması, onlar arasında müxtəlif təhsil etika və mədəniyyətinin təbliğ olunması, eyni zamanda bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlərin görülməsinin birliyin fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb. O, tanıtım məqsədli tədbirlərin keçirilməsi ilə birlik üzvlərinin sayının artacağına ümidvar olduğunu sözlərinə əlavə edib.

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekan müavini, İngiltərənin Nyukasl Universitetində “Təhsilin idarə olunması” ixtisası üzrə magistr təhsili almış Günay Əhmədli “Fakültələr üzrə tədrisin təşkil olunması” mövzusunda təqdimatla çıxış edib.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, Xarici Təhsilli Əməkdaşlar Birliyi ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təklifi  əsasında universitetin Elmi Şurasının 28 noyabr 2017-ci il tarixli qərarı ilə yaradılıb. Birliyin əsas məqsədi ADU-da müxtəlif vəzifələrdə çalışan əməkdaşlar arasında sıx əlaqələr qurmaq, onlar arasında birlik və təcrübə mübadiləsini təbliğ və təmin etmək, habelə ADU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə birlik üzvlərinin bilik və bacarıqlarından yararlanmaları üçün şərait yaratmaq, öz təcrübələrinə əsaslanaraq onlara multikulturalizm dəyərlərini yaymaqdır. Birliyin fəaliyyət predmetinə isə yeni əməkdaşlara dəstək vermək, xarici universitetlərin məzunları arasında əməkdaşlıq şəbəkəsi qurmaq, bu fəaliyyəti ölkənin və universitetin maraqları istiqamətinə yönəltmək və s. daxildir.

Paylaş