ADU təmsilçiləri internat məktəbini ziyarət edib

200

Dekabrın 5-də ADU-nun Filologiya və jurnalistika fakültəsinin nəzdində İngilis dilinin leksikologiya və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə kafedranın müəllimləri və Essex 6 qrupunun tələbələri 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibəti ilə Mərdəkanda yerləşən 2 saylı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbini ziyarət edib.

Uşaqlara təqdim edilən isti geyimlər və ərzaq onların böyük sevincinə səbəb olub. Tələbələr internat məktəbinə apardıqları əyani vəsaitlərin köməyi ilə ibtidai siniflərlə ingilis dilində qısa interaktiv dərs keçərək onların ingilis dili biliklərini daha da möhkəmləndirməyə çalışıblar. Ən fəal şagirdlər kiçik hədiyyələrlə  mükafatlandırılıb.

Tələbələr və müəllimlərlə görüşdən çox şad olan şagirdlər müxtəlif dillərdə şeirlər səsləndirib, mahnılar  oxuyub və öz  əl işlərini nümayiş etdiriblər. Daha sonra uşaq evini gəzən müəllim və tələbələr şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgiyə baxış keçirib. Məharətlə çəkilmiş rəsmlər və əl işlərindən heyranlıq duyan müəllim və tələbələr şagirdlərə peşə və sənətə yiyələnməyin faydalarından bəhs ediblər. Elm yolunda irəliləməyin ən doğru yol olduğunu, yaxşı gələcək əldə etmək üçün bu yolda çəkdikləri zəhmətin, göstərdikləri iradə və əzmin bəhrəsini mütləq görəcəklərini, bilik və təhsilin ən qiymətli sərvət olduğunu söyləyən tələbələr şagirdlərə gələcək həyatlarında uğurlar arzu ediblər.

Daha sonra müəllim və tələbələr uşaqlarla şəkillər çəkdirib və onlarla görüşdən məmnunluq duyduqlarını söyləyiblər. Onlar bu cür ziyarətlərin kafedra  tərəfindən təkrarlanacağını qeyd  edərək, isti qarşılandıqları üçün uşaq evinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yaxın gələcəkdə uşaqlar üçün “Kitab guşəsi” yaratmaq təklifini irəli sürüblər və kitablarla təmin etməyi öhdələrinə götürüblər.

Öz növbəsində uşaq evinin rəhbərliyi bu ziyarətin uşaqlarda şən əhval-ruhiyyə yaratdığını, görüşdən məmnun olduqlarını qeyd edib, ADU kollektivinə uşaqlara qayğıkeş münasibətə görə təşəkkürünü çatdırıb.

Paylaş