ADU-da “Heydər Əliyevin dövlət strategiyası” mövzusunda tədbir keçirilib

83

Dekabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Heydər Əliyevin dövlət strategiyası” mövzusunda dəyirmi masa keçirilib.

Qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov rəhbərlik etdiyi kafedranın mütəmadi olaraq rəngarəng mövzulara həsr edilən tədbirlər təşkil etdiyini vurğulayıb. O, dəyirmi masanın “Heydər Əliyevin dövlət strategiyası” mövzusuna həsr edildiyini bildirərək ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, xalq, dövlət qarşısındakı xidmətləri, mühüm əhəmiyyət kəsb edən strateji manevrlər və onun fəaliyyətində başlıca yer tutan azərbaycançılıq ideologiyasından bəhs edib.

Daha sonra Qafqazşünaslıq kafedrasının dosentləri Şəlalə Bağırova “Heydər Əliyev və Azərbaycançılıq”, Qorxmaz Mustafayev “Siyasətdə Heydər Əliyev qətiyyəti”, həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov isə “Heydər Əliyevin neft strategiyası” mövzularında çıxış ediblər. Bildirilib ki, XX əsrdə xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən biri olan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli dövlət quruculuğu, milli şüurun formalaşması, azərbaycançılıq ideologiyasının irəli sürülməsi istiqamətində mühüm addımlar atıb, ölkəmizin maraqlarına xidmət edən qətiyyətli siyasi fəaliyyət göstərib, düzgün seçilmiş neft strategiyası sayəsində Azərbaycanın böyük neft gəlirlərinə malik olmasını təmin edib.

Paylaş