İndoneziyanın Azərbaycandakı səfiri ADU-da olub

92

Avqustun 4-də  Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Səfir bildirib ki, avqust ayının 17-də İndoneziyanın Müstəqillik günü qeyd olunacaq. O, ADU-nun İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin adıçəkilən əlamətdar günlə bağlı tədbirlərdə iştirak edəcəyini qeyd edib və buna görə universitet rəhbərliyinə təşəkkürünü çatdırıb: “ADU-nu İndoneziya ailəsinin bir üzvü hesab edirik”.

Müstəqillik günü ilə bağlı bir sıra tədbirlərin planlaşdırıldığını deyən səfir ADU-da multikulturalizmə dair diskussiya da təşkil etmək istədiklərini söyləyib. O, deyib ki, ADU-nu təkcə universitet kimi deyil, həm də multikulturalizm üzrə mərkəz kimi nəzərdə tutduqları üçün İndoneziyadan bu sahə ilə maraqlanan qonaqları bu diskussiyaya dəvət etmək istəyirlər.

Öz növbəsində K.Abdulla səfiri qarşıdan gələn Müstəqillik günü münasibəti ilə təbrik edib. O, bildirib ki, səfirin ADU-da multikulturalizmlə bağlı diskussiya keçirilməsi təklifini məmnuniyyətlə qarşılayır.

Görüşdə Cakarta universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması məsələsi də müzakirə olunub. K.Abdullanın bu istiqamətdə işlərin sürətləndirilməsi təklifinə cavab olaraq səfir bildirib ki, yaxın zamanlarda ölkəsinə səfəri zamanı  bu məsələ ilə yaxından məşğul olacaq: “Mən belə bir mərkəzin məhz Cakartada yaradılmasına çalışacağam, çünki Azərbaycan mənim ruhumun ayrılmaz bir hissəsinə çevrilib”.

K.Abdulla da səfirin ikitərəfli əlaqələrin möhkəmlənməsində rolunu yüksək qiymətləndirib: “Biz sizi Azərbaycanın oğlu kimi görürük”.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı digər məsələlər də müzakirə olunub.

Paylaş