ADU-da İndoneziyaya dair inşa müsabiqəsi keçirilib

154

İyulun 17-də Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Respublikasının müstəqillik əldə etməsinin 72-ci ildönümü münasibətilə universitetin İndoneziya Araşdırmalar Mərkəzi və İndoneziya səfirliyinin birgə təşkilatçılığı ilə ADU-nun İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan I-IV kurs tələbələri arasında inşa müsabiqəsi keçirilib.

Müsabiqənin təşkil edilməsinə görə ADU rəhbərliyinə dərin təşəkkürünü bildirən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani inşa müsabiqəsinin səfirlik tərəfindən ilk dəfə təşkil olunduğunu söyləyib: “İndoneziyanın müstəqillik əldə etdiyi gün Azərbaycanda yaşayan indoneziyalılar üçün xüsusi əhəmiyyət kəsb edir. Mən çox şadam ki, İndoneziya səfirliyi və ADU arasında sıx əlaqələr mövcuddur. Hal-hazırda İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 40 tələbə İndoneziya dilinə yiyələnib. Ümidvaram ki, bu tələbələrin sayı gələcək illərdə artacaq və tələbələr İndoneziyanı daha yaxından öyrənəcəklər”. H.Fanani tələbələrə müsabiqədə iştirak etdikləri üçün təşəkkürünü bildirib və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, inşa müsabiqəsində ADU-nun İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi iştirak edib. Onlar İndoneziya xalqı, tarixi, mədəniyyəti və mətbəxinə dair 250 sözdən ibarət inşa yazıblar. Müsabiqənin nəticəsi isə 17 avqustda İndoneziyanın Müstəqillik günündə elan olunacaq. Qaliblər İndoneziya səfirliyi tərəfindən mükafatlandırılacaqlar.

Paylaş