Rektor

1586

Rektor

Kamal Abdulla (tam adı: Abdullayev Kamal Mehdi oğlu)-Azərbaycan Dillər Universitetinin rektoru (1 iyun 2017), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017), filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas, ədəbiyyatşünas; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri, Birinci dərəcəli dövlət müşaviridir.
kamal-abdulla1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə  Bakıda 190 saylı orta məktəbi bitirib.
1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

1973-1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.

1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.

1977-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Türk dillərinin müqayisəli tədqiqi” şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.

1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri, professoru olub.

1988-1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-cı ildə Fondun İdarə Heyətinin sədri, 1990-cı ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib, 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb.

1994-1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölümünün professoru olaraq fəaliyyət göstərib.

2000-ci ilin may ayında M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.

2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin mart ayına qədər rektor kimi fəaliyyət göstərib.

2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Ölkə Prezidenti İlham Əliyevin 18 iyul 2014-cü il tarixli Sərəncamı ilə Kamal Abdulla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilib. 18 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu  qurumun Himayəçilik Şurasının sədri seçilib.

Azərbaycan Yaradıcılıq Fondunun (keçmiş Azərbaycan Mədəniyyət Fondu) sədridir.

Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Müxtəlif ölkələrin universitetlərində (Rusiya, Türkiyə, Polşa, Gürcüstan, Fransa, Almaniya, ABŞ, İtaliya və s.) “Ümumi dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektlərinə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparıb. Elmi və publisistik məqalələri Azərbaycanda və xaricdə mütəmadi çap olunur.

Dilçiliyə dair “Проблемы синтаксиса простого предложения в азербайджанском языке” (Баку, Элм, 1983) (“Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri”), “Azərbaycan dili sintaksisin nəzəri problemləri” (Bakı, Maarif, 1999), “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Azərbaycanda rus dili”, “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycanca danışaq” (Paris 2008; Buxarest 2010; Budapeşt 2011; Abu-Dabi 2012.) kimi kitabları var.

Ədəbiyyatşünaslıq, tənqid və esseistikaya dair “Müəllif – əsər – oxucu” ( Bakı, Yazıçı, 1985), “Əvvəl –axır yazılanlar”( Bakı, Yazıçı, 1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1993),“300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir,  qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.

Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (Bakı, Yazıçı, 1991), “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (Bakı, Elm, 1999), «Тайный Деде Коркут» (Bakı, Mütərcim, 2006), “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” (Bakı, Mütərcim, 2009), “Kitabi-Dədə Qorqud” poetikasına giriş” (Bakı, RS Poliqraf MMC, 2017) adlı kitablar nəşr etdirib. “Gizli Dede Korkut” kitabı Bursada (Bursa, Ekin Basınevi, 1995), İstanbulda (İstanbul, Ötükən Basınevi, 1995) və yenə təkrar İstanbulda “Mitten yazıya ve ya Gizli Dede Korkut” (İstanbul, Ötüken Basınevi, 2013) ayrı-ayrılıqda türk dilinə çevrilərək çap olunub.

“Лекции в Бакинском славянском университете” (Баку, Мутарджим, 2003) (“Bakı Slavyan Universitetində mühazirələr”) adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib.

“Русский язык в Азербайджане” (Баку, Мутарджим, 2005) adlı kitabı (prof. İ.Həmidovla birlikdə) rus dilinin Azərbaycanda işlənmə tarixindən, müasir vəziyyətindən və  perspektivlərindən bəhs edir.

Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur.

Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…”, “Tarixsiz gündəlik” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir. Onun dram əsərlərindən ibarət  Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunub: “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Casus” (Bakı, Mütərcim, 2004), “Ruh” (Ankara, 2006), “Все мои печали» (Ваку-Мутарджим-2009)  və s.

O, “Gümüş dövrün sirləri” adlı tərcümə kitabçasının müəllifidir (Bakı, Mütərcim, 2001). “Qəribədi, deyilmi?!” (Bakı, BDU-nun mətbəəsi, 1998), “Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014) kitablarında müəllifin şeirləri cəmlənib.

Onun “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri və pyesləri nəşr edilib.

“Yarımçıq əlyazma” romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Roman Azərbaycanda 2013-cü ildə təkrar nəşr edilib. Bundan sonra “Le Manuscrıt inachevé” adı ilə Fransada (Paris, L’Harmattan, 2005, təkrar nəşr: 2013), “Eksik El Yazması” adı ilə Türkiyədə (İstanbul, Ötüken, 2006, təkrar nəşr: 2014), Rusiyada “Неполная рукопись” adı ilə (Moskva, Xroniker, 2006, təkrar nəşr: “Романы” kitabında, Moskva, “Художественная литература”, 2013), Braziliyada “O Manuscrito İnacabado” adı ilə (João Pessoa, İdeia, 2009), Polşada “Zagadkowy Rykopis” adı ilə (Torun, 2009), Misirdə “رلمخطوط المبتو” adı ilə (Qahirə, 2012), Amerikada “The Incomplete Manuscript” adı ilə (Hyuston, 2013), Qazaxıstanda “Толык емес колжазба” adı ilə (Astana, 2013), Avstriyada «Das unvollständige manuscript» adı ilə (Vyana, 2013), Qırğızıstanda «Толук емес колжазма» adı ilə (Bişkek, 2014), İtaliyada “İl Manoscritto İncompleto” adı ilə (Roma, 2014) çap edilib.

Sufi dərvişlərin həyatından bəhs edən “Sehrbazlar dərəsi” romanı Bakıda 2006-cı ildə, “Büyücüler deresi” adı ilə Türkiyədə 2010-cu ildə, “Долина Кудесников”  adı ilə Rusiyada 2010-cu ildə (Rusiyada təkrar nəşr: “Романы” kitabında, Moskva, “Художественная литература”, 2013), «Stebukladarių slėnis» adı ilə Litvada 2013-cü ildə, «Сикыршылар ангары» adı ilə Qazaxıstanda 2013-cü ildə, «La vallée des magiciens» adı ilə Fransada 2013-cü ildə, «魔術師の谷» adı ilə Yaponiyada 2013-cü ildə,  «Valley of the sorcerers» adı ilə Amerika Birləşmiş Ştatlarında  2015-ci ildə çap edilib.

Kamal Abdullanın “Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda çap edilib.

Müəllifin öz məktəb həyatından bəhs edən “Tarixsiz gündəlik” romanı 2005-ci ildə Bakıda çap olunub.

Moskvada «Господин дороги» adlı şeirlər və pyeslər toplusu nəşr edilib (Москва, Риф Рой, 2004).

Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, Ukrayna, fin, ərəb, yapon başqa dillərə tərcümə olunub, pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

Azərbaycanda onun haqqında “Kədərin sirri” (müəllifi Elçin Səlcuq), “Kamal Abdulla: seçimin morfologiyası” (müəllifi prof. Asif Hacılı), “Kamal Abdulla: Yazıdan mifə” (müəllifi Rüstəm Kamal) və Türkiyədə “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” (müəllifi Mehman Musaoğlu) adlı kitablar çap olunub. Elmi və bədii yaradıcılığı ilə bağlı Rusiya, Türkiyə, Fransa, Braziliya, Polşa və başqa ölkələrdə yazılar çap edilib.

Televiziyada 1983-cü ildən başlayaraq “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub.

ABŞ (Kolumbiya Universiteti, Harriman İnstitutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Linqvistik Universitet, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Vatikan Sileza Universiteti) universitetlərində mühazirələrlə çıxış edib, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı olub.

200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

1999-cu ilin dekabr ayında Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə ölkə Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının əməkdar elm xadimi” adı ilə təltif olunub.

2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ilin iyul ayında isə Akademiyanın həqiqi üzvü seçilib.

29 noyabr 2007-ci il tarixində Rusiya Prezidenti V.V.Putin tərəfindən Puşkin medalı ilə təltif olunub.

2007-ci ildə Azərbaycanda Humay mükafatını, 525-ci qəzetin “İlin romanı” adlı mükafatını, Monitorinq qrupunun “İlin ədəbiyyat adamı” adını alıb.

2009-cu ildə Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı ilə təltif edilib.

2009-cu ildə Polşa Respublikasının Prezidenti Lex Kaçinski tərəfindən bu dövlətin “Böyük Xaç” kavaler ordeni ilə də təltif olunub, bundan əlavə Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomuna layiq görülüb.

2009-cu ildə həyata keçirilməyə başlamış “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” 10 illik beynəlxalq proyektin (Almaniyanın Mayns Universiteti və Folkenştayn Cəmiyyəti ilə birgə) ideya müəllifi və təşkilatçılarından biridir.

2010-cu ildə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Dilçilik üzrə problem Şurasının sədri təyin edilib.

2010-cu ildə Dədə Qorqud  Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı”  “Azərbaycan dünyası”  beynəlxalq jurnalının “Vətən övladı” qızıl medalı ilə təltif edilib.  2011-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.

3 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

17 fevral 2016-сı ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının baş redaktoru vəzifəsinə təyin edilib.

23 mart 2016-cı ildə Rusiyanın məşhur “Художественная литература” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib…” (“Платон, кажется, заболел…”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata — “Qızıl Delviq”ə layiq görülüb.

2016-cı ildə  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilib.

Ölkə Prezidenti İlham Əliyevin 1 iyun 2017-ci il tarixli Sərəncamı ilə Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.

http://kamalabdulla.az/

Paylaş