ADU-da “Laçınsız illər” adlı dəyirmi masa keçirilib

132

Mayın 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə Laçın rayonunun erməni hərbçiləri tərəfindən işğal olunmasının 25-ci ildönümünə həsr olunmuş “Laçınsız illər” adlı dəyirmi masa keçirilib.

Universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarixi və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov və tələbələrin iştirak etdiyi dəyirmi masada Laçın rayonunun qədim tarixi ilə yanaşı onun zəngin təbiəti, coğrafi mövqeyindən bəhs edilib. Çıxışçılar Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdikləri vəhşiliklərdən söz açıb, erməni vandalizminə məruz qalmış mədəniyyət və tarixi abidələr haqqında məlumat veriblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna güvənərək işğal olunmuş torpaqlarımızın azad ediləcəyi, məcburi köçkünlərin tezliklə doğma yurdlarına qayıdacağına inam da ifadə olunub.

Paylaş