ADU-da Cəfər Cabbarlının ev-xatirə muzeyinin səyyar sərgisi keçirilib

162

Aprelin 20-də Azərbaycan Dillər Universitetində SABAH qruplarının müəllimi, dosent Əzizağa Nəcəfovun təşəbbüsü və Cəfər Cabbarlının ev-xatirə muzeyinin təşkilatçılığı ilə səyyar sərgi keçirilib.

SABAH qruplarının müəllimi Ə.Nəcəfovun tədris etdiyi “Azərbaycan ədəbiyyatı” fənni çərçivəsində təşkil olunan sərgidə Cəfər Cabbarlının ev muzeyinin direktoru, ədibin nəvəsi, C.Cabbarlı adına Mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinin sədri Qəmər Seyfəddinqızı, muzeyin əməkdaşları da iştirak edib.

Səyyar sərgidə C.Cabbarlının sağlığında səhnələşdirilən tamaşalar, yaradıcılığında yer alan əsərlərin əks olunduğu 10 stend və müəllifin müxtəlif illərdə nəşr olunan kitabları nümayiş olunub.

Sərgiyə yaxınlaşan tələbələrə muzeyin bələdçiləri muzeyin yaranma tarixi, C.Cabbarlının zəngin yaradıcılıq yolu, əsərlərinin teatr səhnəsində tamaşaya qoyulma tarixi, nəşri məsələləri haqqında geniş məlumat verib. Tələbələr böyük dramaturq, şair, nasir və publisist C.Cabbarlının çoxşaxəli yaradıcılıq yolu ilə tanış olub, onun haqqında, əsərləri barədə yazılan tədqiqatlar haqqında məlumat əldə ediblər. Sərgi universitetin professor-müəllim heyətinin də marağına səbəb olub.

Paylaş