Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyası

1203

Azərbaycan Dillər Universitetinin nəzdində Eksperimental fonetika və tətbiqi dilçilik labo­ratoriyasının yenidən təşkili haqqında AR TN-nin 11.05.2012-ci il tarixli əmri vardır. Bu laboratoriya respublikada tədris olunan dillərin ana dili ilə müqayisəli şəkildə öyrənilməsinin, bununla da xarici dillərin öyrənilməsinin səmərəliliyini artırmaq, habelə gənc mütə­xəssislər, doktorantlar və disser­tantların hazırlanmasında elmi mərkəz rolunu oynayır.

Əslində bu laboratoriya ötən əsrin 70-ci illərində fəaliyyətə başlamış və burada xeyli kadr hazırlanmışdır (F.Hacıyeva, D.Yunusov, E.Mirzəyev, F.Zeynalov, F.Aslanov, F.Hüseynov, Fəxrəddin VeysəlliC.Məmmədquliyev, R.İsayeva, S.Nəcəfova, Y.Mürşüdov, Q.Heybətov və başqaları). Laboratoriyada 50-dən yuxarı filologiya üzrə fəlsəfə doktoru və 4 nəfər doktorluq dissertasiyası yazıb müdafiə etmişdir və onlar hazırda Azərbaycanın müxtəlif elm ocaqlarında çalışırlar. Lakin müxtəlif səbəblər üzündən laboratoriya bir müddət fəaliyyətini dayandırmış və yalnız 1994-cü ildən bərpa edilərək Alman dilinin fonetikası, qrammatikası və tarixi kafedrasına təhkim edilmişdir. 2008-ci ildə prof. Fəxrəddin Veysəllinin kafedra müdiri vəzifəsindən istefa verməsi ilə laboratoriyanın fəaliyyəti faktiki olaraq dayandırılmışdır.

Prof. F.Veysəlli 2015-ci ildən laboratoriya müdiri vəzifəsinə qayıtmış, laboratoriya fəaliyyətini yenidən canlandırmağa başlamışdır. Hazırda laboratoriya  Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının nəzdində fəaliyyət göstərməklə Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyası adlanır və TN-nin yuxarıda adı çəkilən əmrinə əsasən burada 7 (yeddi) ştat vahidi ilə müəyyənləşdirilmişdir. Hazırda ştatda 5 nəfər vardır: bir müdir, bir aparıcı və bir böyük elmi işçi, bir elmi işçi və bir kiçik elmi işçi.

Laboratoriya elmi və praktik fəaliyyətini iki istiqamət üzrə planlaşdırır və həyata keçirir. Bunlar aşağıdakılardır:

1) tədris-metodiki işləri (TMİ);

2) elmi-tədqiqat işləri (ETİ).

Laboratoriya elmi fəaliyyətini müasir kompüter proqramlarından və tətbiqi dilçiliyin qabaqcıl təcrübələrindən bəhrələnərək qurur. Laboratoriyada ayda bir dəfə olmaqla keçirilən seminarda müxtəlif məruzəçilər çıxış edirlər və eksperimental fonetikanın və tətbiqi dilçiliyin incəliklərinə yiyələnməkdə bu seminarın əhəmiyyəti danılmazdır.

Laboratoriyanın apardığı işin ikinci aspekti elmi tədqiqatlardan ibarətdir. Bu barədə laboratoriyanın iş planında ətraflı məlumat verilir. Son bir ildə universitet əməkdaşlarından İ.Heybətov artıq müdafiə etmiş, C.Yaqubova, S.Mustafayeva  və H.İmanquliyeva artıq müdafiə ərəfəsindədir.

Laboratoriyanın elmi istiqaməti: Konfrontativ dilçiliyin aktual problemləri və metadil məsələləri.

Problem: Müxtəlifsistemli dillər arasında fonoloji və morfoloji fərqlər və onların təcrübi yolla tədqiqi.

Laboratoriyanın elmi rəhbəri və müdiri f.e.d., prof. F.Y.Veysəllidir. Laboratoriyada 5 əməkdaş çalışır:

f.e.d., prof. F.Veysəlli (laboratoriyanın müdiri)

f.f.d., dos. Q.Heybətov (a.e.i)

f.f.d., dos. C.Babayev (b.e.i)

Z.Əsgərova (e.i.)

Z.Əliyeva (k.e.i)

Qısa müddət ərzində laboratoriyanın müdiri f.e.d., prof. F.Y.Veysəlli və baş elmi işçisi f.ü.f.d. C.Babayev Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Filologiya İnstitutunda ezamiyyətdə olmuşlar (may 2014-cü il) və Azərbaycan Dillər Universiteti ilə qeyd olunan İnstitut arasında 5 il müddətinə əməkdaşlıq haqqında 9 bənddən ibarət müqavilə bağlanmışdır.

Laboratoriyanın nəzdində “Azərbaycanda Xarici Dillər” jurnalının  ildə 4 sayı çap olunur. Son dövrdə laboratoriyada aşağıdakı əsərlər çap olunmuşdur:

  1. F.Veysəlli. Azərbaycan dili orfofoniyasının nəzəri əsasları. Bakı, Mütərcim, 2015.
  2. Ф.Я.Вейсялли. Лингвистические основы азербайджанской письменности. Lap Lambert Academic Publishing RU.
  3. F.Veysəlli. Koqnitiv dilçilik. Bakı, Mütərcim, 2016.
  4. F.Veysəlli. Seçilmiş əsərləri 3-cü cild. Bakı, Mütərcim, 2016.
  5. F.Veysəlli. Azərbaycan dilinin orfofoniya lüğəti. Bakı, Mütərcim, 2016.
  6. F.Veysalli. Phonetics and Phonology Problems. London, Cambridge İnternational Press, 2016.
  7. Ф.Я.Вейсялли. Письмо, Баку, Мутарджим, 2016.
  8. Ф.Я.Вейсялли, Дж.М.Бабаев. Понятие смысла в лингвофилософских концепциях. Новосибирск, ул.Николаева, 8. Институт Филологии. С0 РАН.
  9. 9. F.Veysəlli. Nibelunqlar nəğməsi. Bakı, Mütərcim, 2017.

Laboratoriyanın müdiri F.Veysəlli REA-nın SB-bölməsində ildə 4 nömrəsi çapdan çıxan “Kritika və Semiotika” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyasının müdiri

Fəxrəddin Yadigar oğlu Veysəlli

Tel: (+99412) 564 06 34

Email: f.veyselli@adu.edu.az

f_veysalov@gmail.com

Paylaş