Oruc Musayev

642

Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayev (Türksevər) 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində kəndli ailəsində anadan olub. 1948-ci ildə orta təhsilini başa vurub, 1949-cu ildə isə Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunun İngilis dili fakültəsinə daxil olub, 1953-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. İnstitutu bitirdiyi il həmin institutda aspiranturaya oruc-musayevdaxil olub və 1961-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub və 1964-cü ildə oranı bitirərək ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə başlayıb və 50 ildən artıq İngilis dilinin qrammatikası kafedrasında əvvəlcə sıravi müəllim, sonra baş müəllim, daha sonra dosent, 1985-ci ildən isə həmin kafedrada professor vəzifəsində çalışaraq gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. 20 ildən artıq adıçəkilən kafedraya başçılıq edib, 7 il isə çalışdığı ali məktəbdə elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. 1998-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri vəzifəsində öz əmək və elmi fəaliyyətini davam etdirir.

Elmi fəaliyyətə hələ 2-ci kurs tələbəsi olarkən maraq göstərib. Tələbə Elmi Cəmiyyətinin üzvü olaraq o zaman “Mehdi Hüseynin “Abşeron” romanının ingilis dilinə tərcüməsi haqqında” elmi iş yazıb və respublika üzrə ali məktəb tələbələrinin elmi işləri üzrə keçirilmiş müsabiqədə 1-ci dərəcəli mükafat alıb. Bundan sonra elmi-tədqiqat işinə böyük həvəs və ciddiyyətlə yanaşıb, bir sıra məqalələr, monoqrafiyalar, həmçinin ölkəmizin orta ümumtəhsil və ali məktəbləri üçün çoxsaylı dərsliklər və dərs vəsaitləri yazıb. Məhz onun sayəsində ilk dəfə Azərbaycan leksikoqrafiyasına çox dəyərli töhfə olan 2 böyük həcmli lüğət – Azərbaycanca-İngiliscə (1996) və İngiliscə-Azərbaycanca (2003) lüğətlər işıq üzü görüb.

Müəllif hər iki dil üzrə ali təhsilli mütəxəssis olduğundan tərtib etdiyi lüğətlər yüksək keyfiyyəti ilə seçilir.

 

Paylaş