Kitabxana İnformasiya Mərkəzi

3173

                 

Azərbaycan Dillər Universiteti kitabxanasının tarixi

Kitabxana 1948-ci ildən APİ-nin kitabxanasından köçürülmüş 7000-ə qədər kitab və 4 nəfər işçi ilə fəaliyyətə başlamışdır. İlk illərdə kitab fondu Kitabxana Kollektoru vasitəsilə komplektləşdirilməklə yanaşı bağışlamalar yolu ilə də zənginləşdirilmişdi. Məsələn, 1952-ci ildə Dövlət Arxitektura İdarəsi institutun kitabxanasına 499 nüsxə kitab hədiyyə etmişdi. Həmin illərdə tələbələrin dərsliyə olan ehtiyacı əsasən ödənilirdi. Tələbələrin qəbulu ardıqca oxucuların sayı da artırdı. 1951-ci ildə kitabxanadan 806 nəfər, 1952-ci ildə 936 nəfər, 1953-cü ildə isə 880 nəfər oxucu istifadə etmişdir. Xidmət işini yaxşılaşdırmaq məqsədilə kabinetlərdə məlumat ədəbiyyatından ibarət kiçik fondlar yaradıldı və bu fondlara ən çox istifadə olunan kitablardan bəzi nüsxələr və dövri mətbuat qoyuldu. İnstitutun əsas binasının yuxarı mərtəbəsində, eləcə də Balaxanı qəsəbəsindəki 38 nömrəli yataqxanada səyyar kitabxana təşkil etməklə tələbələrin kitabla daha yaxşı təmin edilməsinə nail olundu. Kitabxanada tələbələrin bilik səviyyəsinin və ümumi Nuranə Tağıyevadünyagörüşünün artmasına kömək etmək məqsədilə müxtəlif kütləvi tədbirlər həyata keçirilirdi.

1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu ilə birləşdiyi üçün iki institutun kitabxanası da birləşdirilərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun kitabxanası kimi indiki R.Behbudov, 134  ünvanında fəaliyyət göstərməyə başladı.

1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə institutlar ayrılaraq müstəqil ali məktəblərə çevrildikdən sonra kitabxanadakı kitablar iki yerə bölünərək hər institutun kitab fondunun əsasını təşkil etdi. Təbii ki, SSRİ-nin 50 illiyi adını daşıyan APXD-nin kitabxanasında əsasən xarici dillərdə olan kitablar, o cümlədən tədris proqramına müvafiq olaraq Azərbaycan və rus dillərində dərslik, dərs vəsaiti, elmi, ictimai-siyasi və bədii ədəbiyyat saxlanıldı.

2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Dillər İnistituna universitet statusu verildikdən sonra kitabxananın yeni modelini yaratmaq məqsədilə ilkin addım kimi universitetin Təbriz küçəsindəki yeni binasında kitabxana üçün kifayət qədər yer ayrıldı və 2007-ci ildən başlayaraq kitabxana fondunun böyük əksəriyyəti geniş, işıqlı, təmiz və quru zallara köçürüldü. Binanın birinci mərtəbəsində müəllim, aspirant, magistr və tələbələr üçün yeni texnologiyalarla təchiz edilmiş, Avropa standartlarına tam cavab verə biləcək 2 oxu zalı, biblioqrafiya-informasiya xidmətləri şöbəsi, abonement şöbəsi və onun kitab fondu üçün böyük zal yerləşdirildi. Kitabxananın maddi-texniki bazası gücləndirildi, ən müasir texniki avadanlıqlar alınmasına xüsusi diqqət verildi. İlkin mərhələdə kitabxananın hazırladığı layihəni qalib sayan  EKSON Mobil Əməliyyat Şirkəti tərəfindən 2006-ci ildə ayrılmış 14 min Amerika dolları müəyyən rol oynadı. Həmin vəsait hesabına Azərbaycanın bir çox ali məktəb kitabxanalarında tətbiq olunan İRBİS-64 sistemi alındı, kitabxana əməkdaşlarının peşə hazırlığını artırmaq məqsədilə respublikanın tanınmış mütəxəssisləri cəlb edilməklə 126 saatlıq fasiləsiz təlimlər keçirildi, kitabxana üçün geniş yaddaşı olan 4 ədəd kompyuter alındı. Hazırda kitabxanadakı kataloqların elektron variantını hazırlamaq prosesi üzərində ciddi iş aparılır və 2006-cı ilin ikinci yarsından kitabxanaya alınan kitabların hamısı, fonddakı retro kitablar isə tədricən İRBİS-64 sistemi əsasında işlənməyə başlanmışdır. Bununla yanaşı universitet müəllimlərinin elmi əsərlərindən ibarət tam mətnli məlumat bazalarının yaradılması sahəsində də iş aparılır. İRBİS-64 sisteminin tətbiqini daha operativ həll etmək məqsədilə kitabxananın bütün şöbələrində avtomatlaşdırılmış işçi yerləri (AİY) təşkil edilmiş, onların hamısı kompyuterlərlə təmin edilmişdir.

Hazırda universitetimizdə hər bir ali məktəbin arzu edə biləcəyi geniş kitabxana şəbəkəsi yaranmışdır. Artıq yeddi ilə yaxındır ki, fəaliyyət göstərən Alman mənbə mərkəzinin, Avstriyanın mədəniyyət və iqtisadi məsələlər üzrə mərkəzinin oxu zalları, Fransa, Norveç, ABŞ, İtaliya, Yaxın Şərq və İsrail, Koreya, İndoneziya, Yaponiya, Hindistan və b. ölkələrin mənbə mərkəzlərinin kitabxanalarından universitetimizin professor-müəllim heyəti və tələbələri ilə yanaşı kənar şəxslər də istifadə edə bilir.

Kitabxana universitetin maliyyəsi hesabına ingilis, alman, fransız, italyan dillərində xaricdə çap olunmuş dərslik, dərs vəsaiti və başqa kitablar alaraq universitetdə tədrisin Avropa standartlarına uyğun təşkil olunmasına çalışır. Bədii ədəbiyyat isə ölkə prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitablarla pulsuz komplektləşdirilir. İndiyə qədər kitabxanamız bu yolla yeddi min nüsxədən çox Azərbaycan və dünya yazıçılarının əsərlərini, folklor nümunələrini hədiyyə kimi almışdır.

Kitabxana ildə beş minə qədər oxucuya xidmət edir. Kitab fondunda beş yüz mindən artıq ədəbiyyat saxlanılır.

2007-ci ildə universitetin nəzdində İnformasiya Resurs Kompleksi açıldıqdan və Amerika mərkəzindəki kitabxana bu kompleksə köçdükdən sonra həmin kitabxananın almış olduğu EBSCO host-elmi jurnalların tam mətnli elektron bazaları da oxucuların istifadəsinə verilmişdir. Təxminən yeddi min tam mətnli jurnalları əhatə edən EBSCO host internet və ya birbaşa əlaqə vasitəsilə əldə oluna bilən güclü onlayn istinad sistemidir.

Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq respublika ali məktəbləri arasında ilk dəfə universitetimizdə işləyən əməkdaşların xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərinin “Biblioqrafiya”sı hər il kitab şəklində çap edilir. Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr olunmuş əsərləri haqqında Azərbaycan və rus dillərində 2 cilddən ibarət Biblioqrafik göstərici çap olunmuşdur.

Kitabxana İnformasiya Mərkəzi haqqında

Kitabxana İnformasiya Mərkəzinin strukturu

Məqsəd:

Kitabxana İnformasiya Mərkəzinin (KİM) məqsədi maariflənməni dəstəkləmək, təlim və tədqiqatda üstün olmaq, universitetin informasiya ehtiyaclarını qarşılamaq, tələbələrin, tədqiqatçıların informasiya və biliyə olan axtarışlarına kömək etmək üçün müasir informasiya texnologiyaları sahəsində liderliyini saxlamaqdır.

Strategiya:

Strateji məqsədlərimizi həyata keçirtmək üçün universitet çərçivəsində və xaricində əməkdaşlıq yaratmaq, KİM daxilində yenilik mədəniyyəti tətbiq etmək və xidməti hədəflərimiz, peşəkar inkişafa dair öhdəliyi artırmaqdır.

Elektron informasiya xidmətlərinin inkişafını sürətləndirmək

Universitet və fakültənin təşəbbüslərini dəstəkləyən strateji və birgə əməkdaşların inkişafına kömək və vasitəçilik etmək.

KİM-in xidmətlərini, resurslarını universitet birliyi daxilində və xaricində tanıtmaq, əlaqələr yaratmaqla genişləndirmək.

Təhsil və tədqiqat,eyni zamanda sosial-intellektual əlaqələr üçün münasib görüş yeri kimi kitabxana imkanlarını genişləndirmək.

 

Dövriyyə xidmətləri

Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Bununla yanaşı oxucuların kitabxanaya yazılışını təşkil edir,oxucu qrupları üzrə xidməti həyata keçirir. Fondların komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir:

Texniki xidmətlər

Elektron komplektləşdirmə

Elektron kataloqlaşdırma

Elektron tam mətnli məlumat bazaları

Şöbədə işin mərhələləri 2006-cı ildən İRBİS-64 sistemi əsasında aparılır. Kitabxana fondunu Azərbaycan və xarici dillərdə çap məhsulları ilə təmin edir. Bölmədə oxucu, sorğu əsasında ən çox istifadə olunan kitabların, dövri mətbuatın, dissertasiyaların elektron versiyaları yaradılır və surəti çıxarılır.

Tədqiqat və təlimat xidmətləri

Elektron və ənənəvi kataloq, həmçinin kartoteka sistemi ilə biblioqrafik xidmət göstərmək, oxucuları məlumat- bilikləri ilə maarifləndirmək.

Elektron kataloq vasitəsilə biblioqrafik xidmət göstərmək:

Dövriyyə zalı

Burada ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s.ədəbiyyat növləri açıq rəf üsulu ilə yerləşdirilmişdir.Eyni zamanda yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edilir.

Tədqiqat zalı

Elektron resurslardan,lokal şəbəkədən istifadənin təşkili.İstifadəçinin eyni zamanda kitabxananın lokal şəbəkəsində elektron resurslardan istifadə imkanları artmışdır.

Kitabxana İnformasiya Mərkəzinin müdiri

Nuranə Namiq qızı Tağıyeva

Tel: (+99412) 564 06 82

Email: tagiyeva_nurana@mail.ru

Paylaş