Tələbə Gənclər Təşkilatı

3277

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) 2005-ci ilin may ayında yaradılmışdır. Tələbə Gənclər Təşkilatının yaradılması Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə layihəsi əsasında baş tutmuşdur. ADU-nun Tələbə Gənclər Təşkilatı 2009-cu ilin noyabr ayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının formalaşdırılmasında iştirak etmişdir. Hal-hazırda həmin ittifaqın üzvüdür. ADU TGT İttifaqda sədr və sədr müavini olmaqla 2 nəfərlə təmsil olunur.

Tələbələrin özlərinin idarəetmə orqanı olan TGT-nin əsas məqsədi tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, fikirlərini gələcəyinə yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını səmərəli keçirməsini təmin etməkdir.

ADU-nun daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, debat çempionatları, qonaqlarla görüşlər, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirlər TGT-nin üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. Tələbə ideyasını TGT nəzdində fəaliyyət göstərən Layihələr Departamentinə təqdim edir, Layihələr Departamenti ideyanı layihə kimi formalaşdırıb mövzuya uyğun olan departamentə (kluba) ünvanlandırır. Departament rəhbəri layihəni sədr müavinlərinə ünvanlandırır. Bir neçə düzəlişdən sonra layihə TGT sədrinə ünvanlanır. Sədr tərəfindən təsdiqini tapan layihənin icrası üçün start verilir. Layihəni qəbul etmiş departament ideya müəllifi olan tələbəyə lazımi məlumat və informasiyanı çatdırır. Layihə müəllifi layihəsini həyata keçirmək üçün işçi qrupu yaradaraq öz fəaliyyətinə başlayır. Məkan və zaman müəyyənləşdirildikdən sonra layihənin icrasına başlanır.

Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni fakültə rəhbərləri təşkil edir. Bundan əlavə, hər fakültənin qruplar üzrə nümayəndələri olur ki, bu da öz növbəsində heç bir tələbənin təşkilatın hüdudlarından kənarda qalmamasına yardımçı olur.

Bu sistem vasitəsilə ADU TGT tələbələrin asudə vaxtının təşkilində və onların ixtisaslarının təkmilləşdirilməsində və maraqlarının artırılmasında tələbələri düzgün şəkildə məlumatlandırmış olur.

Tələbə Gənclər Təşkilatının fəaliyyət istiqamətləri:

  • Tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etmək;
  • Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  • Tələbələr arasında maarifləndirmə işinin aparılması;
  • Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • Tələbələrin hüquqlarının təmin edilməsi;
  • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların təşkil edilməsi, görkəmli şəxslərlə görüşlərin keçirilməsi;
  • Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
  • Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;

Təşkilata üzvlük: Tələbə Gənclər Təşkilatına üzvlük könüllü və hər bir tələbə üçün açıq xarakter daşıyır.

Təşkilatın strukturu:

Təşkilatın ali orqanı olan konfrans hər 2 ildən bir təşkil olunur. Təşkilatın sədr, sədr müavinləri və İdarəetmə Şurasının üzvləri konfransda seçilir. İdarəetmə Şurası konfranslararası dövrdə təşkilatın fəaliyyətinə rəhbərlik edir. Şura təşkilatın sədri, sədr müavinləri, universitetin 6 fakültəsinin TGT sədrləri və hər fakültədən bir sədr müavini olmaqla təşkil olunur. ADU Tələbə Gənclər Təşkilatına sədr başçılıq edir. Sədr müavinləri icraedici və sərəncamverici səlahiyyətləri yerinə yetirməklə təşkilat sədrinə kömək edir. ADU TGT-nin strukturuna aşağıdakı fakültələrin Tələbə Gənclər Təşkilatları daxildir:

  • Beynəlxalq münasibətlər və idarəetmə
  • Filologiya və jurnalistika
  • Tərcümə və mədəniyyətşünaslıq
  • SABAH qrupları
  • Təhsil
  • Magistratura şöbəsi

Fakültə TGT-lərinin işini fakültə tələbələrindən ibarət İdarə heyəti həyata keçirir. Fakültələrin Tələbə Gənclər Təşkilatlarına sədr və müavinləri rəhbərlik edir. Fakültə TGT-lərinin strukturuna klasterlər və hər klasterə daxil olan qruplar aiddir. Fakültə TGT-lərinin hər qrup üzrə nümayəndələri klaster rəhbərinə, klaster rəhbərləri icraçı sədr müavinlərinə tabedir.

İcra orqanları:

İcra orqanlarının ümumi işinə icraçı direktor rəhbərlik edir və öz fəaliyyəti zamanı təşkilat sədrinə tabedir. ADU Tələbə Gənclər Təşkilatının icra orqanları departamentlərdir. Departamentlərə direktorlar rəhbərlik edir. Departamentlərin tərkibinə daha kiçik icra orqanları olan İşçi qrupları aiddir.

Departamentlər aşağıdakılardır:

  • İctimaiyyətlə əlaqələr Departamenti
  • Azərbaycanşünaslıq Departamenti
  • İnsan resursları Departamenti
  • Tələbə problemləri Departamenti
  • Layihələr Departamenti
  • Ümumi işlər Departamenti
  • Əcnəbi tələbələrlə iş Departamenti

İctimaiyyətlə əlaqələr Departamenti:  Departament təşkilatın ictimaiyyətlə əlaqələrini, TGT-nin təqdimatını həyata keçirir və tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasını təşkil edir.

Azərbaycanşünaslıq Departamenti:  Tələbələrin vətənpərvərlik ruhunun yüksəldilməsinə, bu istiqamətdə maarifləndirici tədbirlərin təşkil olunmasına xidmət edir.

İnsan resursları Departamenti:  Təşkilat üzvlərinin uçotunun aparılması, yeni üzvlərin qəbulunu həyata keçirir. Təşkilatın müvafiq bölmələrinə resursların yerləşdirilməsi ilə bağlı tövsiyələr verir.

Tələbə problemləri Departamenti: Tələbələri narahat edən məsələlərlə maraqlanır, onların problemlərini dərindən öyrənərək problemin həlli üçün lazımi orqanlara müraciət edir.

Layihələr Departamenti: Departament təşkilatın layihələrinin hazırlanması və idarə olunmasını, həmçinin təşkilata yeni ideya ilə müraciət edən tələbələrin fikirlərini dəyərləndirib bir layihə kimi formalaşdırmağı və onun idarə olunmasını həyata keçirir.

Ümumi işlər Departamenti: Təşkilat Təftiş Komissiyası: Təşkilatın seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Əsasnaməyə uyğun olması üzərində nəzarəti təmin edir. Təşkilat Təftiş Komissiyasının (TTK) say tərkibi 5 nəfərdən ibarət olmaqla konfrans tərəfindən 2 il müddətinə seçilir. Komissiyanın fəaliyyətinə TTK sədri nəzarət edir.

Əcnəbi Tələbələrlə iş Departamenti: Universitetimizdə yerli tələbələrlə yanaşı xarici tələbələr də təhsil alır ki, onların ictimai fəaliyyətə cəlb olunmasını, milli-mədəni irsimizin onlara təbliğ olunmasını təmin edir.

Klublar aşağıdakılardır:

  • İntellektual oyunlar klubu
  • Debat klubu
  • Kitab klubu
  • Rəsm klubu
  • Tarix klubu
  • Jurnalistika klubu
  • Şən və Hazırcavablar klubu
  • Musiqi və teatr klubu
  • Sağlamlıq və psixologiya klubu
  • İdman klubu
  • Linqvistika klubu
  • Yazarlar klubu
  • Film klubu

İntellektual oyunlar klubu: Tələbələrin intellektual səviyyəsini yoxlamağa, yeni biliklər əldə etməyə xidmət edir. Oyunlar hər həftə keçirilir. İldə iki dəfə olaraq isə yaz və payız kubokları adlı çempionat keçirilir.

Debat klubu: Tələbələrin fikirlərini azad şəkildə ifadə edir, müzakirələr aparır, həmçinin nitq qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Kitab klubu: Tələbələrin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün kitab mütaliələri, kitab sərgiləri təşkil edir, yazıçılarla görüşlər keçirib tələbələrin dünyagörüşünün artırılmasına xidmət edir.

Rəsm klubu: Tələbələrin rəssamlıq potensialını aşkarlamaq, rəsm sərgiləri, müsabiqələr, dərslər keçərək təhsillə bərabər tələbələrin rəssamlıq bacarıqlarının inkişafına xidmət edir.

Tarix klubu: Tələbələrin tarix elminə marağının artırılmasına xidmət edir. Klub fəaliyyəti dövründə tarixi yerlərə ekskursiyalar təşkil edir, mütəxəssislər və tarixçi alimlərlə tələbələri görüşdürür.

Jurnalistika klubu: Tələbələrlə peşəkar jurnalistlər arasında görüşlər, fotoşop dərsləri, qısa məlumatlandırıcı videoçarxlar və ya sorğular təşkil edir, tələbələrin bu sahədə müəyyən biliyə yiyələnməsinə xidmət edir.

Şən və Hazırcavablar klubu: Tələbələrin asudə vaxtlarının xoş və yumorla keçirilməsinə, il ərzində “Gülüş günləri”nin təşkil edilməsinə xidmət edir.

Musiqi və teatr klubu: Tələbələrin istedadlarını üzə çıxarmağa, maraq dairəsini musiqi təşkil edən tələbələri birləşdirməyə xidmət edir. Vokal, piano və gitara dərsləri keçirilən Musiqi klubunda xüsusi bayramlar və konsertlər də təşkil edilir. Klub, eyni zamanda müğənnilərlə, mədəniyyət evləri ilə sıx əlaqədədir. İstedadlı gəncləri bir araya toplayan Teatr klubu tədbirlərin yüksək səviyyədə təşkilini, tələbələrin bu sahə üzrə ixtisaslaşmasını təmin edir.

Sağlamlıq və psixologiya klubu: Tələbələrə daha yaxşı həyat tərzi aşılamağa xidmət edir. Buna görə də hər ay mütəmadi olaraq təlimlər, tədbirlər keçirilir və bu təlimlərdə tanınmış mütəxəssislər, psixoloqlar iştirak edir, öz biliklərini tələbələrimizlə bölüşürlər.

İdman klubu: Tələbələrin idmana olan marağını artıran İdman klubu tələbələrlə idmançıları görüşdürməyə, müxtəlif idman yarışları keçirməyə xidmət edir.

Linqvistika klubu: Dilə və dilçiliyə marağı olan tələbələrin müxtəlif dil sahələrinə aid fəaliyyət növlərini özündə cəmləşdirir, tələbələrə yeni dillər öyrənmək imkanı yaratmağa xidmət edir.

Yazarlar klubu: Bədii yaradıcılıq və qiraət qabiliyyəti olan tələbələri bir araya gətirən klub onların ədəbiyyat sahəsində inkişafına, təkmilləşməsinə xidmət edir.
Yazarlar klubu Azərbaycan Yazıçılar Birliyi ilə sıx əməkdaşlıq edir, tanınmış şairlərlə görüşlər təşkil edir.

Film klubu : Hər həftə xarici dildə müxtəlif filmlər seçilir və filmlər nümayiş olunaraq həm tələbələrin dil biliyi yaxşılaşdırılır, həm də dünyagörüşü genişlənir.

 

Tələbə Gənclər Təşkilatının  sədri

Səmədli Günay Şükür qızı

E-mail: gunaysemedli98@gmail.com

Paylaş