Elmi işlər üzrə prorektor

2848

Filologiya elmləri doktoru, professor

 

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Şəki rayonunun Böyük-Dəhnə kəndində anadan olmuşdur.    1957-1967-ci illərdə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurmuş və 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil almışdır.

 Həmin ali məktəbi 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılmışdır.    1973-cü ilin noyabrından 1974-cü ilin noyabr ayınadək ordu sıralarında xidmət etmiş və 1975-ci ilin yanvar ayından İngilis dililnin qrammatikası kafedrasında müəllimlik fəalliyyətini davam etdirməyə başlamışdır.

 D.N.Yunusov müəllimlik fəaliyyəti ilə yanaşı elmi fəaliyyətini də uğurla davam etdirmiş, müəllimlikdən professorluğadək uzun bir yol qət etmişdir.

 İşlədiyi müddətdə dəfələrlə universitet rəhbərliyinin fəxri fərmanlarına və təşəkkür məktublarına layiq görülmüşdür.

img_8186 1981-ci ildə işlərindəki müvəffəqiyyətinə, elmi və ictimai həyatdakı fəal iştirakına görə “Sosializm yarışının qalibi” olmuş və “döş nişanı” ilə təltif edilmişdir.

 1985-ci ildə Tbilisi şəhərində “Müasir ingilis dilində “that” bağlayıcılı və onsuz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiya variativliyi” adlı namizədlik dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmiş və qısa müddətdə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır. D.N.Yunusov 1988-ci ildə dosent vəzifəsinə seçilmişdir.

 2007-ci ildə “Müxtəlifsistemli dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi” adlı doktorluq dissertasiyasını müdafiə etmiş və elə həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2008-ci ilin aprel ayından işlədiyi İngilis dilinin qrammatikası kafedrasının professorudur.

 Dünyamin müəllim işlədiyi müddətdə bir çox xarici ölkələrdə, o cümlədən ABŞ-da, Böyük Britaniyada, Almaniyada, İtaliyada, Fransada, Belçikada, Qazaxıstanda, Ukraynada, Gürcüstanda və s. ölkələrdə sumpozium, konfrans və konqreslərdə iştirak etmiş və təcrübə mübadiləsi keçmişdir.

 O, iyirmi kitabın və dörd yüzə yaxın elmi məqalənin müəllifidir. Onun kitab və məqalələri ölkəmizdən çox uzaqlarda da tanışdır. Dünyamin müəllimin kitabları eyni zamanda Türkiyə Respublikasında və İran İslam Respublikasında da nəşr olunmuş və hal-hazırda həmin ölkələrin bəzi ali məktəblərində tədris olunur. Onun məqalələri ABŞ-da, Rusiya Federasiyasında, Ukraynada, Qazaxıstanda, Belarusda, Gürcüstanda və s. ölkələrdə çapdan çıxmışdır.

 Dünyamin Yunusov Azərbaycan Dillər Universitetində Elmi işlər üzrə prorektor kimi  məsul bir vəzifənin də öhdəsindən layiqincə gəlir.

 Müxtəlif vaxtlarda o, ADU-da dekan müavini, kafedra müdiri, TEC-in sədri, “Təhsil və elm” komissiyası sədrinin müavini və 25.11.2015 ci il tarixdən ADU-nun rektoru  vəzifəsini icra edir.

 Dünyamin müəllim Respublikada nəşr olunan  “Azərbaycanda Xarici Dillər” jurnalının “Oxşarlıqlar və fərqlər dilçiliyi” bölməsinin, Bakı Slavyan Universitetində nəşr olunan “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalının redaksiya heyətlərinin üzvü və ADU – da nəşr olunan “Dil və Ədəbiyyat” jurnalının baş redaktorudur. O, eyni zamanda Azərbaycan Respubikası Təhsil Nazirliyinin Elmi Metodiki Şurası “Avropa dilləri və ədəbiyyatı” bölməsinin sədri kimi  məsul vəzifənin də öhdəsindən bacarıqla gəlir.

    Dünyamin Yunusov  universitetdə fəaliyyət göstərən D.02.081 Dissertasiya Şurasının üzvüdür.

     Dünyamin Nurqələm oğlu Yunusov 2011-ci ildən Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisidir” və elə həmin ildən Gürcüstan Respublikası Təhsil Elmləri Akademiyasının akademikidir.

 Onun birbaşa rəhbərliyi və elmi məsləhətçiliyi ilə yeddi nəfər tədqiqatçı artıq dissertasiya işlərini müdafiə etmiş və fəlsəfə doktoru elmi dərəcələrinə layiq görülmüşlər. Üç nəfər tədqiqatçı isə müdafiə ərəfəsindədir.

 Dünyamin Yunusov ilk dəfə Azərbaycanda “İngilis və Azərbaycan dillərinin müqayisəli tipologiyası” / Comparative typology of the English and Azerbaijani languages /  adlı dərslik nəşr etdirmiş və bu dərslikdən Respublikamızın əksər universitetlərinin filologiya fakültələrinin tələbələri istifadə edirlər.

 Dünyamin Yunusov 2012 – ci ildən Qızıl Qələm mükafatı laureatıdır və Avropa Nəşr Mətbuat Evinin təsis etdiyi “Ən yaxşı tədqiqatçı alim” qızıl medalına layiq görülmüşdür.

 Dünyamin müəllim evlidir, iki övladı və üç nəvəsi vardır.

Paylaş