Əlavə Təhsil fakültəsi

Əlavə Təhsİl fakültəsİ

 

Əziz məzunlar!

Əlavə Təhsil fakültəsinin internet səhifəsində sizləri xoş gördük. Bu fakültə 2001-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində 1500-dən çox tələbə burada öz ixtisasını dəyişərək ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Tərcümə fakültəsini bitirənlər müəllim kimi fəaliyyət göstərə bilmədiklərindən burada bir il əlavə təhsil almaqla orta məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilir. Bundan əlavə, pedaqoji fakültələri bitirən məzunlar da bu fakültədə təhsillərini davam etdirə bilər. Onlar əyani şöbədə 2.5, qiyabi şöbədə isə 3 il oxuyub bakalavr dərəcəsi almaqla öz ixtisaslarını dəyişib xarici dil müəllimi kimi işləyə bilər. Fakültənin imkanları çox genişdir. Hər kəs istədiyi ixtisas üzrə ixtisasını dəyişib müxtəlif sahələrdə çalışa bilər.

Təhsil almaq üçün universitetin çox geniş imkanları vardır. Bu fakültəyə qəbul olanlar universitetin digər tələbələri kimi bütün hüquqlara malikdir. Burada ən bacarıqılı və bilikli müəllimlər çalışır. Bütün bunlardan istifadə edərək siz öz həyatınızda böyük dönüşlər edə bilərsiniz. Bunlar hamısı artıq Əlavə Təhsil fakültəsində! Buyurun, seçin, gəlin və həyatınızı dəyişin!

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanının tələblərinə uyğun olaraq, həmçinin Təhsil Nazirliyinin «İxtisasartırma və Yenidənhazırlanma təhsili, real vəziyyət, prosesin təkmilləşdirilməsi barədə» 21 aprel 2000-ci il tarixli 48/2 saylı kollegiya iclasının qərarı ilə  əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 25 oktyabr 2000-ci il tarixli 985 saylı əmrilə Azərbaycan Dillər Universiteti nəzdində təşkil olunan «İxtisasartırma və Yenidənhazırlanma fakültəsi» artıq on beş ildən yuxarıdır ki, uğurla fəaliyyətini davam etdirir.

Məlum olduğu kimi, işsiz müəllimlərin işlə təmin olunmasında, az dərs yükü ilə işləyən müəllimlərin əlavə fənlər hesabına dərs saatlarının artırılmasında, regionlarda ayrı-ayrı ixtisaslar üzrə pedaqoji kadrlara olan tələbatın ödənilməsində, bu yolla şagird biliyinin səviyyəsinin yüksəldilməsində, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasında, təhsil müəssisələrinin ödənişli təhsil xidmətləri hesabına əlavə gəlir əldə etmələrində yenidənhazırlanma təhsilinin mühüm əhəmiyyəti vardır.

Bunun nəticəsidir ki, respublikada orta ümumtəhsil məktəblərinin xarici dil müəllimləri ilə təmin olunması istiqamətində bu fakültədə xeyli işlər görülmüşdür. Regionların inkişaf proqramı çərçivəsində dövlət sifarişi əsasında yerlərə göndərilən gənc mütəxəssislərə külli miqdarda maliyyə vəsaiti ayrılması nəzərdə tutulduğu halda, yenidənhazırlanma təhsili yolu ilə tələbatın ödənilməsinə heç bir əlavə vəsait tələb olunmur, əksinə, bu təhsilin ödənişli əsaslarla həyata keçirilməsi nəticəsində müəssisələrə xeyli vəsait daxil olur.

Fakültəyə qəbul indiyə kimi iki istiqamətdə – pedaqoji və tərcümə istiqamətində aparılmışdır. Bu şöbələri hər iki istiqamətdə indiyə kimi xeyli məzun bitirərək müxtəlif sahələrdə çalışır. Lakin 2006-cı ildən fakültəyə tərcümə üzrə qəbul dayandırılmışdır.

Bundan başqa, fakültə Təhsil Nazirliyinin 21 fevral 2002-ci il tarixli 164 saylı əmrinə əsasən 2003-2004-cü tədris ilindən respublikada çalışan bütün xarici dil müəllimlərinin ixtisasartırmaları ilə də məşğul olmuşdur. Bunun nəticəsidir ki, indiyə kimi yüzlərlə müəllim ixtisas hazırlıqlarını artırmaq üçün Azərbaycan Dillər Universitetinin müxtəlif dil kafedralarında ixtisasartırma kursları keçmişlər.

2010-cu ildən etibarən artıq Azərbaycan Dillər Universitetində ilk dəfə olaraq İxtisasartırma və Yenidənhazırlanma fakültəsi nəzdində Bakalavr pilləsi üçün Qısaldılmış tədris proqramı əsasında  ingilis, alman və fransız dilləri üzrə Əlavə Təhsil şöbəsi fəaliyyətə başlamışdır. Burada təhsil əyani şöbədə 2.5 il, qiyabi şöbədə isə 3 il nəzərdə tutulur. Bununla bağlı xüsusi qısaldılmış tədris planları hazırlanıb Təhsil Nazirliyinə təqdim olunmuş və Təhsil Nazirinin 23.01.2010-cu il tarixli 48-03-407/17 saylı məktubu ilə ilk dəfə olaraq Azərbaycan Dillər Universitetində bu təhsil formasına icazə verilmişdir. Bu fakültəyə əvvəl pedaqoji ali təhsil almış mütəxəssislər qəbul edilir.

AR Təhsil Nazirinin 10.06.2010-cu il tarixli 46-25-3576/17 saylı məktubu ilə İxtisasartırma və Yenidənhazırlanma fakültəsinin imkanları genişləndirilərək yeni bir fakültə, “Əlavə Təhsil fakültəsi” yaradılmışdır. İxtisasartırma və Yenidənhazırlanma fakültəsi bu fakültənin tərkibində artıq bir şöbəyə çevrilmişdir.

Azərbaycan Respublikasında əlavə təhsil altı istiqamətdə öz fəaliyyətini davam etdirir:

  † İxtisasartırma təhsili

  †Yenidənhazırlanma təhsili

  † Stajkeçmə və kadrların təkmilləşdirilməsi  təhsili

   †Təkrar ali və orta ixtisas təhsili

   † Dərəcələrin yüksəldilməsi təhsili

   † Yaşlıların təhsili

Hazırda Azərbaycan Dillər Universitetində  İxtisasartırma,  Yenidənhazırlanma və Təkrar ali təhsil şöbələri uğurla fəaliyyət göstərir. Xüsusilə Dərəcələrin yüksəldilməsi şöbəsinin qısaldılmış tədris planı əsasında fəaliyyətinə icazə verilməsi çox vacibdir, çünki texnikum və kolleclərin ingilis dili şöbəsini bitirən məzunların bu şöbədə təhsillərini davam etdirmələrinə böyük ehtiyac vardır.

Eyni zamanda Distant təhsil məsələsi də vacib bir məsələ kimi gündəmdə durur. Bu şöbənin fəaliyyətə başlaması bir sıra problemlərin həllinə imkan yaratmış olacaq.

Fakültənin dekanı- f.f.d,dosent Yasif Malik oğlu Mürşüdov

Metodist-Elnurə Əli qızı Bədəlova