Vüsalə Ağabəylinin ambisiyaları – Daha bir etiraz

559

  Çox təəssüf edirəm ki, universitetimizin əməkdaşları dərs yükünün bölünməsi və universitetin başqa problemlərini həll etməli olduqları bir dövrdə sabiq dekan Vüsalə Ağabəylinin şər-böhtan səciyyəli və şişirdilmiş ittihamlarına cavab verməli olur. Hər səhər facebookda yeni bir yazının (əvvəlki yazılarının təkrar versiyası) çıxdığını eşidirik. Eyni ittihamları nə qədər eşitmək olar? Məsələdən xəbəri olmayanlar elə zənn edə bilər ki, V.Ağabəyli universitetdə verilən təhsilin qayğısına qalır, savadsızlıqla mübarizə aparır və haqq-ədalətin bərpasına çalışır. V.Ağabəyli sadəcə öz yaralanmış eqosunun bərpası uğrunda mübarizə aparır. Əks təqdirdə sual yaranır ki, əvvəllər niyə mübarizə aparmırdı? Niyə məhz töhmət aldıqdan, dekan vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu “mübarizə” başladı? Axı V.Ağabəyli 10 ildən çoxdur bu universitetdə çalışır. Hərçənd mən bu fikirlə razı deyiləm ki, universitetimizin tələbə və müəllim heyəti zəifdir (savadsız demək heç dilimə də gəlməz). Respublikamızın ən savadlı dil kadrları bizim universitetin məzunlarıdır. Bir çox məzunlarımız tanınmış diplomatlar, səfirlər, hətta nazir vəzifələrini tutmuş şəxslərdir. Elə özünü öndə gedən müəllimə hesab edən V.Ağabəyli və xarici ölkə ədəbiyyatı və multikulturalizm sahəsində “ən dəyərli mütəxəssis” hesab etdiyi Pərvin Mürsəlova da Dillər Universitetinin məzunlarıdır. Deməli, universitetimiz sizin kimi savadlı mütəxəssislər yetişdirirsə, onda sizin dedikləriniz yanlışdır.

O ki qaldı universitetimizin rektoru Kamal Abdullanın hər dəfə adı hallandırılan dostunun qızı Nərgiz Qurbanlıya, Nərgiz xanımın atası Çərkəz müəllimin tanınmış alim, dilçi, tədqiqatçı, tərcüməçi, eləcə də şəhid atası olmasından heç danışmayaq. Nərgiz Qurbanlının əsas ixtisası jurnalistikadır, ingilis dili deyil! O, ingilis dilini bizim kimi mükəmməl bilməməlidir. N.Qurbanlı tələbələrə əsasən jurnalistikanı tədris edir, ikinci ixtisas kimi ingilis dilini öyrənib ki, lazım olduqda o dildə də tədris edə bilsin. Bu kiçik bir məsələni əlində bayraq tutub özunu haqq-ədalət carçısı, savad uğrunda mübariz kimi göstərmək, lakin əslində öz şəxsi ambisiyalarını düşünərək insanları narahat etmək, tələbə və müəllimləri iğtişaşa çağırmaq nəyə lazımdır?

Daha sonra, V.Ağabəyli hər dəfə elmi karyerasına son qoyulduğunu qeyd edir. O, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dissertantı idi. Hər bir dissertant və ya doktorant ildə bir dəfə gördüyü işlər barədə hesabat verməlidir. V.Ağabəyliyə də, digər doktorant və dissertantlar kimi telefonla (çox mədəni şəkildə) gəlib hesabat verməyini xahiş etdikdə, o, cavabında “Mən hesabatımı Prezidentə verəcəm” mesaji göndərir (mesaj saxlanılır). Bu halda kafedra, doktorantura şöbəsi nə etməlidir?

V.Ağabəyli öz (hamı üçün açıq qoyulmuş) facebook səhifəsində, həmçinin digər saytlarda təkrar olaraq eyni yazılar dərc edir. Maraqlısı da odur ki, bu yazılara cavab verildikdə, onları “yönlənmiş ordu” adlandırır. Bu cavablar sizin yazılarınıza, insanlara olan əsassız ittihamlarınıza olan cavablardır. Siz istəyirsiniz ki, siz hamı haqqında yazasınız və cavab almayasınız?

Hər istənilən, ehtimal olunan fikri yazıb insanları, xüsusilə də məsul vəzifə daşıyan şəxsləri narahat etmək olmaz, qara yaxmaq, şər atmaq olmaz. Hər deyilmiş cümlə üçün məsuliyyət daşımaq lazımdır. Əks halda siz də məsuliyyətə cəlb oluna bilərsiniz.

 

ADU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aytən Hacıyeva

SHARE