Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub

147

İyulun 11-də Azərbaycan Dillər Universitetində (ADU) Rus dili kursunda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Rektorun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə  şöbəsinin müdiri Sərraf Hüseynov tələbələrin xarici dil biliklərinə yiyələnməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, universitetin rektoru, akademik Kamal Abdulla tələbələrin məhz bu istiqamətdə bilik və bacarıqlarının inkişafına xüsusi önəm verir.  Bu kimi təlimlər davamlı olaraq həyata keçiriləcək, bundan sonra da tələbələrə yeni imkanlar yaradılacaqdır. Universitet rəhbərliyi tərəfindən hər zaman tələbə və müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində zəruri addımların atıldığı, bunun da həm müəllimlərin, həm tələbələrin  imkanlarının genişləndirilməsində əhəmiyyətli dərəcədə  rola malik olduğu vurğulanıb.

Rus dili kursunun təlimçisi, Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova yaradılan şəraitə görə rəhbərliyə, təşkilatçılara təşəkkürünü bildirib, kursun tələbələr üçün əhəmiyyətindən danışıb. Universitet  rəhbərliyi tərəfindən yaradılan şərait həm müəllimlərin, həm də tələbələrin öz üzərlərində işləməsi üçün əlverişlidir. Bu da nəticə etibarilə müəllim və tələbələrin  mövcud  bilik və bacarıqlarının inkişaf etdirilməsinə kömək edir.

Tələbə Həmkarlar Komitəsinin sədri Şahin Sərdarlı tələbələri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzu edib. Tələbələrin dil imkanlarının geniş olması həm də onların karyera  imkanlarına müsbət təsir edir. Təqdim olunacaq sertifikatların  tələbələrin dil biliklərinin bundan sonra da artırılması yolunda mühüm əhəmiyyət kəsb olunacağı söylənilib.

Tədbir tələbələrə sertifikatların verilməsi ilə başa çatıb.

SHARE