Kafedradan keçən “qara xətt”

443

Linqvokulturologiya kafedrası üzvlərinin müraciəti

Bizi bu müraciəti yazmağa vadar edən səbəb heç də ürəkaçan deyil, əksinə qanımızı qaraldan, bizi əlacsız qoyan, işimizdən yayındıran, demək olar ki, bezdirən bir səbəbdir.  Artıq bir ilə yaxındır ki, universitetdə baş verən və gündəmi zəbt edən bir məsələ hələ də öz həllini tapmamışdır.  İlk gündən kollektiv olaraq, bu münaqişəyə son qoyulacağına ümid etmişik. Yalandan deyib-gülməyimizə baxmayaraq, içimizdə çox götür-qoy edə-edə bitib tükənmişik. İçimiz qan ağlayıb. Çünki bir tərəfdə kafedra müdirimiz- qayğıkeş, savadlı və həddindən artıq mədəni insan, digər tərəfdə isə kolleqamız – vaxtılə mehribanlıqla çiyin-çiyinə çalışdığımız Vüsalə Ağabəyli durur.

Bizim üçün ADU ikinci evdir. Kim istəyər evində söz-söhbət olsun. ADU bizim üçün çox doğmadır. Demək olar ki, hər birimiz yeniyetmə yaşımızdan bu universitetdə fəaliyyətə başlamışıq, bu universitetdə həyat təcrübəsi toplamışıq. ADU bizə çox doğmadır. Bu universitet müəyyən çəkiyə malik, savadlı kadr yetişdirən, öz prestiji ilə seçilən, hələ neçə-neçə gəncin arzusu olan bir universitetdir.  ADU həmişə işləmək üçün də, oxumaq üçün də ideal bir yer sayılıb. Kimlər bizim universitetin məzunları olmayib… Kimlər burada işləməyib ki… Bu universiteti bitirən məzunun gələcəyi həmişə perspektivli olub, olacaq da.

  Yetər ki, hər kəs burada vicdanla çalışsın.  Son iki ildə universitetimizin rektoru təyin edilən Xalq yazıçısı, akademik Kamal Abdulla tərəfindən aparılan islahatlar, universitetin adını yüksəltmək məqsədilə atılan addımlar və onların müsbət nəticəsi göz qabağındadır.  Qaçqın və məcburi köçkün  məktəblərində pedaqoji təcrübələrin keçirilməsi, 11 ölkənin 14 şəhərində keçirilən analoqu olmayan beynəlxalq konfrans, saysız-hesabsız tədbirlər, Azərbaycanın dünyada  başqa universitetlərdə tanınması, dünyanın aparıcı universitetlərarası əlaqələrin qurulması  məhz Kamal müəllimin adı ilə bağlıdır. Bu nailiyyətləri saydıqca qurtarmaz və bunları görməmək, qiymətləndirməmək qəbahətdir.

  Linqvokulturologiya kafedrasının müəllim heyəti həmişə öz peşəkarlığı ilə seçilib.  Kafedramızın adı tələbələrin dilindən düşmür.  Biz universitetdə həyata keçirilən bütün yenilikləri alqışlamışıq. Ancaq xoş xəbərlər eşitmək istəmişik.  Universitetin dəyərlərinə, adına sadiq işçilər kimi qarşımızda qoyulan haqlı tələblərə əməl etmişik.  Bu münaqişədə də, kollektiv olaraq bitərəf olmağı tərcih etmişik. Başa düşürük ki, universitetin rəhbərliyi, həyat təcrübəsi olan professor-müəllim heyətinin məsləhətləri həmişə bizim xeyrimizə olub. Lakin, qeyd etdiyimiz kimi artıq münaqişə öz çərçivəsindən çıxıb indi bir qədər də böyüyüb və hələ də davam edir.

  Biz kollektiv olaraq tələb edirik ki, bu münaqişəyə son qoyulsun, Vüsalə Ağabəyli  öz ambisiyalarından əl çəksin, problemin həlli yolu tapılsın. Geridə qoyduğumuz tədris ili müddətində hər günümüzə gərginliklə başlayıb, əsəbi abu-havada dərslərimizə getmişik. Fikrimizi toplaya bilmir, hər gün bir sensasiyalı xəbəri eşidib narahat olmuşuq. Münaqişənin episentrində olan kolleqamıza isə demək istəyirik, daha doğrusu, tələb edirik ki, özü-özünə “DUR!” desin.  Keçmiş günlərin xətrinə bu mənasız mübarizəyə son qoysun.  Özü də dinclik tapsın, biz də.

SHARE