Dillər Universitetində Çin Kommunist Partiyasının ildönümü qeyd olunub

116

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Kommunist Partiyasının yaranmasının 98-ci ildönümünə həsr olunmuş “Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyasının partiyalararası dialoqu” adlı tədbir keçirilib. Seminarda açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

O, həmçinin Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə işgüzar səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü xatırladaraq, görüş zamanı Çinin başçısının ÇKP-nın YAP ilə  əlaqələri gücləndirməyə,  dövlət idarəçiliyində təcrübə mübadiləsinə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlədirilməsinə hazır olduğunu vurğulayıb.  ADU nəzdində Konfutsi İnstitutunun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələri xatırladan R.Abbasov, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusunun nəşr olunduğunu bildirib.

Toplunun tərtibçisi R.Abbasov qeyd edib ki, Si Cinpinin dövlətin idarə edilməsi haqqında fikirlərindən ibarət olan bu kitab Azərbaycan ictimaiyyətinə Çin liderinin siyasi fəlsəfəsini, bu ölkənin daxili və xarici siyasətinin əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də “Çin arzuları” konsepsiyası və Böyük İpək Yolunun bərpasına yönəldilmiş “Bir kəmər, bir yol” layihəsi ilə tanışlıq imkanı verəcəkdir. Seminarda çıxış edən ADU Konfutsi İnstitutunun əməkdaşları Azərbaycan və Çin arasında siyasi əməkdaşlıq və partiyalararası dialoqun uğurlu inkişafı, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində iki ölkənin aparıcı partiyalarının rolu haqqında məlumat veriblər.

SHARE