ADU və Sabir qəsəbə məktəbi: dostluq körpüsünün uğurları

88

Cəmiyyətdə fəal maarifçilik siyasəti  yeritməklə klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyevin fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Onun davamçısı cənab prezidentimiz İlham Əliyev müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompüter və informasiya texnologiyalarına dərindən yiyələnməsi məsələləri onun  xüsusi diqqət mərkəzindədir. Elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi üçün məqsədyönlü tədbirlər həyata keçirməsi, ilk növbədə, vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva da  ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin də  layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə dayanmadan öz töhfəsini verir. Bu gün vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq,  bu siyasətə dəstək vermək dövlət siyasətinə dəstək vermək kimi qiymətləndirilir. Təhsil millətin gələcəyidir və təhsili güclü olan dövlətin siyasəti də hər zaman güclü olar.

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi Azərbaycanın bir çox məktəbləri kimi zamanında sıradan məktəblərdən biri olmuşdur. Lakin son 5 ildə qəsəbə camaatının təhsilə, elmə marağı nəzərə çarpacaq dərəcədə artmışdır. Məktəbdə təhsil alan ən kiçik yaşlı məktəbli də  hansı ixtisasa yiyələnəcəyini bu gündən hədəf seçir. Bəs bu maraq, həvəs bu məktəblilərdə, müəllimlərdə və valideynlərdə haradan yaranmışdır? Bunun səbəbini araşdırmaq və düzgün nəticə çıxarmaq üçün son 6 il ərzində məktəbdə keçirilmiş tədbirləri, görüşlər və bu görüşlərdən şagirdlərin xatirində qalan izləri nəzərdən keçirmək daha düzgün olardı.

Sabir qəsəbə tam orta məktəbin fəaliyyətində tək məktəb rəhbərinin deyil, məktəbə təşrif buyuran, şagirdlərlə maraqlı və səmimi söhbətlər aparan qonaqlarımızın xidməti danılmazdır. Belə ki, bu təşəbbüs ilk dəfə 2013-cü ildən başladı. Prezident seçkiləri ilə bağlı prezidentin vəkili kimi  seçicilərlə Sabir qəsəbə tam orta məktəbində görüş keçirən BSU-nun keçmiş rektoru Kamal Abdulla məktəbin direktorunun onun rəhbəri olduğu universitetin məzunu olduğunu biləndə çox sevinmişdi. Bu sevincdən irəli gələn təklif və tövsiyələrini məktəbin rəhbərliyinə bildirmişdi. Daha sonra məktəb şagirdlərinə günlərin birində vaxt ayırıb onlara mühazirə söyləmişdi. Şagirdlərlə diskussiya apardıqdan sonra bu işin davamlı olması üçün təklif vermiş və məktəbin müəllim və şagirdlərinə lazım olan dəstəyi göstərəcəyini bildirmişdi. Bundan sonra Kamal Abdulla hətta müşavir olduğu dövrdə də Sabir qəsəbə tam orta məktəbində bir neçə dəfə məktəbli şagirdlərlə görüş keçirmiş, onlara mühazirə oxumuşdu. Sonralar bu görüşlərdə universitetin bir çox  professoru, alim heyəti də cəlb olunmuşdu.     

Daha sonra universitetdə keçirilən “Tələbə-şagird” konfransına şagirdlərin ilk dəfə hazırlanması üçün BSU-nun bir neçə müəllimi Sabir qəsəbə tam orta məktəbinə cəlb olunmuşdur. 2016-cı ildə aparılmış işlər öz nəticəsini verməyə başlamışdır. Belə ki, 2016-cı ildə Sabir qəsəbə tam orta məktəbində ali təhsil müəssisələrinə qəbul 2-3 nəfər şagirddən 19 nəfərə qalxmışdır. Artıq məktəbdə təhsil alan şagirdlər bu günü deyil, sabahkı talelərini düşünür və kiməsə bənzəməyə çalışırlar.

2017-ci ildə Kamal Abdulla ADU-ya rektor təyin olunduqdan sonra artıq nizama düşmüş inkişafı davamlı saxlamaq məqsədilə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi ADU-ya əməkdaşlıq etmək üçün təklif ünvanladı. Əməkdaşlıq dedikdə, burda təbii ki, əsas yük universitetin üzərinə düşürdü. Yəni təhsil və elmlə bağlı dəstəyi məktəbə universitet göstərə bilərdi. Kamal Abdulla böyük humanistlik göstərərək bu təklifi qəbul etdi və son iki ildə Sabir qəsəbə tam orta məktəbində məktəbin təhsil sahəsində edə biləcəyi  çox böyük yardımları etdi. Müqavilə imzalandıqdan az sonra universitetdən ingilis dili müəllimlərinə  metodiki və pedaqoji dəstək vermək üçün müəllim göndərilməsi xahiş olundu.

Məktəbə ezam olunan ADU-nun baş müəllimi Hüzurə Ağayeva 10 gün müddətinə məktəbin ingilis dili müəllimlərinə yaxından köməklik etdi, onlara metodiki göstərişlər verib bir çox elektron vəsaitlə təmin olunmasını təmin etdi. Eyni zamanda bu metodiki tövsiyələrdən başqa məktəbin müəllimləri də yararlansın deyə, Hüzurə xanım bir günlük rayonun digər məktəblərindən cəlb olunmuş  ingilis dili müəllimlərinə metodikanın tədrisi baxımından maraqlı mühazirə oxudu.

Daha sonra ADU-nun psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev məktəbə 3 günlük səfəri zamanı 1-ci gün şagirdlərlə, 2-ci gün valideynlərlə, 3-cü gün isə məktəb müəllimləri ilə ardıcıl görüşlər keçirmişdi. Bu görüşlər zamanı psixoloq şagirdlərə, valideynlərə və müəllimlərə təhsilin davamlılığı, problemli və çətin tərbiyə olunan şagirdlərin təhsilə cəlb olunması istiqamətində məsləhət vermiş və düzgün istiqamətə yönləndirməyi bacarmışdır. Bu görüşlərdən başqa  məktəb şagirdləri universitetdə keçirilən müxtəlif  konfranslara cəlb olunmuş, məruzə ilə çıxış edib sertifikat və təşəkkürnamələrə layiq görülmüşdülər. İlk əvvəl böyük həyəcan və gərginliklə çıxış edən şagirdlər, sonralar  son dərəcə özünə inam nümayiş etdirərək ADU-nun tribunasından inamla çıxış edib yazdıqları məruzələrə aid sualları sərbəst cavablandırırdılar. Məruzələri konfrans materiallarında çap olunan şagirdlərin sevinci isə onların həyatlarının ən unudulmaz anları kimi qiymətləndirsək, daha düzgün olardı. Bu sevinci onlarla bərabər valideynləri də yaşayır və onlara dəstək olurdular.

Artıq universitetlərlə görülmüş işlərdən təcrübə götürən Sabir qəsəbə tam orta məktəbi Şamaxı rayonunda  məktəblərarası və regional konfranslar keçirməyə başlayır. Bu konfranslarda ADU-nun professoru Adil Babayev, ADU-nun dosentləri, filologiya üzrə fəlsəfə elmləri doktoru Aytac Zeynalova, filologiya üzrə fəlsəfə elmləri  doktoru Sevinc Musayeva, filologiya üzrə fəlsəfə elmləri doktoru Yeganə Hacıyeva və universitetin müəllimi Aynur Səfərli iştirak edərək, maraqlı çıxışlar etmiş, şagirdlərlə diskussiya aparmışlar. Son 5 ildə Sabir qəsəbə tam orta məktəbi görülmüş işlərin nəticəsində iki akademik və çoxlu sayda professor və alim heyətini məktəbdə qonaq qismində qarşılamış və onların məruzələrini dinləmişdir. Bu işlərin nəticəsi olaraq şagirdlərin dünyaya baxışı tamamilə dəyişmiş, dünyagörüşləri artmış və zamanında xəyallarına belə gəlməyən arzularının  ardınca düşərək  ali təhsil müəssisələrinə qəbul olmuşdurlar. Bu gün artıq danılmaz faktdır ki, Sabir qəsəbə tam orta məktəbi sıradan bir məktəb olmaqdan çıxaraq gələcəyə inamlı və potensial imkanlı kadrlar yetişdirib cəmiyyətə buraxır. Bütün bu inkişafa görə məktəb ona böyük təkan verən xalqını, gələcəyimiz olan gəncləri sevən, eyni zamanda məktəbin əvəzedilməz dostu olan  Azərbaycan  Dillər Universitetinin rektoru, akademik və xalq yazıçısı Kamal Abdullaya borcludur. Onun sayəsində məktəb şagirdləri gördükləri insanlara, şəxsiyyətlərə oxşamağa çalışır və bu arzularının dalınca gedirlər. Sonda onu qeyd etmək doğru olardı ki, şagirdlər bizim gələcəyimizdir və bu gələcəyi arzuladığımız kimi yetişdirmək üçün mütləq onları xalqın nümunəvi şəxsiyyətləri ilə görüşdürməli, onların keçdiyi həyat yolu haqqında bilikləndirməliyik. Bu onların gələcək həyatları üçün keçmiş olduqları  həyat təcrübəsi olacaqdır. Aparılmış bu işlər tək şagirdlərin deyil, Sabir qəsəbə tam orta məktəbin valideynlərinin də düşüncəsinə böyük təsir edirdi. Zamanında onların təhsilinə ciddi önəm verməyən valideynlər artıq onların  təhsilli yetişməsinə xüsusi diqqət yetirir və onlara lazımi dəstəyi verməyə çalışırlar.

 

Gülnurə Babaşova ,

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru,

filologiya üzrə fəlsəfə doktoru  

SHARE