ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzi əlverişli imkanlar təklif edir

40

Bildiyimiz kimi, Azərbaycan Dillər Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət nümunəsində gənc nəsil yetişdirir. 2018-ci ilin oktyabr ayından universitetin nəzdində fəaliyyətə başlayan Dil və Tərcümə Xidmətləri Mərkəzi də bu istiqamətdə atılan addımlardan biridir. Mərkəz fəaliyyətə başladığı gündən universitetin rektoru akademik Kamal Abdullayev tərəfindən mərkəzin qarşısında önəmli məqsədlər qoyulub. O məqsədlərdən biri də müəllimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl təlimləri təşkil etməkdir.
Azərbaycanda ingilis dilini öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələr təşkil edirik. Biz ingilis dili üzrə tədris proqramlarımızı təlim sessiyaları vasitəsilə həyata keçiririk. Bunların məqsədi tədris alanların və eləcə də müəllimlərin ingilis dili bacarıqlarını artırmaq və onlara yeni perspektivləri təklif etməkdir. Bu məqsədlə mərkəzimizdə indiyədək aşağıdakı təlimlər təşkil olunub:
TKT “Teaching Knowledge Test” (Tədris Bilik və Bacarıqları üzrə Test) təlimi, akademik yazı və oxu təlimi, APTİS test təlimi, “Peşəkar tərcümənin əsasları” silsiləsindən təlim, “Diplomatik tərcümə” üzrə təlim və s. Təlimlərdə ümumilikdə 250 iştirakçı olub. Təlimlərin təşkili istiqamətində Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,Turizm Universiteti, Avrasiya Universiteti ilə əməkdaşlıq etmişik. Adları sadalanan universitetlərdən tələbə və müəllimlər mərkəzdə təşkil olunan təlimlərdə fəal iştirak edib və sonda sertifikatlar ilə təltif olunublar.
Bəs bu təlimlərin mahiyyəti nədir? Qeyd olunan təlimlərdən sadəcə birini misal olaraq diqqətə çatdıraq.
TKT dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu, tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal bir şansdır.
TKT – (Tədris Bilik və Bacarıqları üzrə Test) aşağıda qeyd olunan şəxslər üçün yaradılmışdır:
Hal-hazırda dərs deyən, lakin beynəlxalq səviyyədə ixtisaslaşmaq üçün öz təcrübələrini təsdiqlətmək istəyənlər, eyni zamanda öz tədris bacarıqlarını artıraraq, karyera imkanlarını genişləndirmək istəyənlər və tədris bacarıqlarını müasir metodlara uyğunlaşdırmaq istəyənlər üçün ideal bir təlimdir.
TKT təliminin imtahanı bir neçə moduldan ibarətdir. Siz onların hamısını və ya yalnız ehtiyacınıza uyğun olanı seçə bilərsiniz. Sizin modulların zamanını və növünü seçmək, eyni zamanda hər bir modul üçün sertifikat əldə etmək seçiminiz var.
Dil və Tərcümə Xidmətləri Mərkəzi peşəkar insanların öz potensialını artırmasına və karyera yüksəlişinə nail olmasına şərait yaratmaq məqsədilə müxtəlif təlimləri, eyni zamanda imtahanları təşkil edir. Beynəlxalq səviyyədə tanınan bu imtahanların nəticəsində əldə olunan sertifikatlar bəzən şirkət və müəssisələrin yeni və mövcud işçilər üçün qoyduğu qaçılmaz tələb xarakteri alır.
Təlimlərlə yanaşı, yeni tədris ilindən Azərbaycan Dillər Universitetində ilk dəfə olaraq ADU- nun müəllimlərindən ibarət universitetimizin və digər universitetlərin tələbələri üçün magistratura hazırlığına başlayacağıq. Artıq indidən yüzə yaxın tələbə qeydiyyatdan keçmişdir.
Sonda bütün müəllimlərə, tələbələrə müraciət edərək bildirmək istərdim ki, öz biliklərinizi daha da artırmaq istəyirsinizsə, Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir. Bunun üçün çox əlverişli şərait mövcuddur və mərkəz müasir təhsil və tədris standartlarına uyğundur. Bu imkanlardan maksimum yararlanın.

Azərbaycan Dillər Universitetinin
Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktor əvəzi
Elçin Hüseynov
SHARE