“İndiana Universiteti və ADU arasında əməkdaşlıq davam edəcək” – BMT-dəki sabiq səfir

130

22-23 iyun tarixlərində ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib. Konfransda iştirak edən İraqın BMT-dəki sabiq səfiri Feisal İstrabadi təəssüratını təqdim edirik:

“Bu dəfəki konfrans Pekin, İndiana və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirildi. Konfransın Bakıda keçirilməsi bu cür gözəl şəhəri görmək imkanı yaratdı. Biz erkən saatlarda Bakını gəzdik. Çoxlu görməli yerlər, restoranlar var. Burada yeni insanlarla tanış oldum. Buradakı təcrübə böyük zövq verdi.

Texnologiya işıq sürəti ilə inkişaf edir. İnsanlar artıq bir-biri ilə rahat şəkildə əlaqə saxlayırlar. Bir çox sahələr üzrə əməkdaşlıq etmək asanlaşıb. Bu səbəbdən konfransın nəticəsində yeni təcrübəyə yiyələnirik, əlaqələrin təhlükəsi və qazancları araşdırılır, keçmişdə olunan səhvlərin gələcəkdə təkrarlanmaması üçün yollar tapılır.

Düşünürəm ki, gələcəkdə konfrans digər Mərkəzi Avrasiya paytaxtlarında keçiriləcək. Bu, artıq üçüncü konfransdır və bu prosesin davamı da olacaq. Həmçinin, İndiana Universiteti və Azərbaycan Dillər Universiteti arasında “Turkish Flagship” layihəsi çərçivəsində işlər davam edəcək. Mən öz adımdan daim perspektivli universitetlərlə əlaqələr yaradıb inkişaf etdirmək niyyətindəyəm. Mən və həmkarlarım tələbə mübadiləsini həyata keçirmək üçün hər zaman imkanlar axtarırıq və bunlardan yararlanırıq. Ümid edirəm ki, bu universitetlə də əlaqələr davam edəcəkdir”.

SHARE