“Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək” – konfrans haqqında təəssüratlar

134

22-23 iyun tarixlərində ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib. Konfransda iştirak edən alimlərin təəssüratlarını təqdim edirik.


Pekinq Universitetinin Tarix fakültəsinin dekan müavini Zan Tao: 

“Mən təşkilat komitəsinin üzvüyəm. Bakını seçməmişdən əvvəl bir neçə variantlarımız var idi. İstanbul, Ankara, Səmərqənd kimi şəhərlərdən hansının ola biləcəyi üzərində suallarımız çox oldu. Bakını seçməyin bir çox səbəbləri oldu. Bakının seçilməsi bizi çox həyəcanlandırır. Bakı Avrasiyanın mərkəzidir. Həmçinin, müasir şəhərdir.

Bu layihə Pekinq və İndiana universitetlərinin əməkdaşlığı nəticəsində reallaşdı. Konfransın birinci hissəsi Pekinq Universitetində, ikinci hissəsi isə İndiana Universitetində keçirildi. Bu layihə İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamenti və Pekinq Universitetinin Tarix Departamentinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Konfransın əsas mövzusu Avrasiya və Çin arasında yerləşən İpək yoluna həsr olunub. Biz layihəni Pekin və Bloominqtonun sərhədlərindən kənara çıxmasını istəyirdik. Bu layihələrin keçirilməsi nəticəsində bizə qoşulacaq yeni-yeni tərəfdaşlar, həmçinin iştirakçılar tapırıq, İpək yolu ətrafındakı müxtəlif mədəniyyətləri təcrübədən keçirmək fürsətləri ilə tanış oluruq. Seçimimiz ilk olaraq Bakı oldu. Layihəni Tanq Araşdırma Fondunun dəstəyi ilə davam etdirəcəyik, fərqli və faydalı seminarlar keçirəcəyik.

İlk dəfədir Bakıdayam. Azərbaycan, Bakı haqqında məlumatım var. Bakı neft sənayesində və digər sahələrdə mühüm rol oynayır. Gəlməmişdən öncə Bakı haqqında təsəvvürlərim fərqli idi. Bakıda çoxlu sayda fabriklərin olduğunu düşünürdüm. Lakin bura çatanda gördüm ki, Bakı çox gözəl, səliqəli, müasir şəhərdir. Bakının İçərişəhər tərəfində də olduq. Bununla da gördük ki, Bakı qədimliyi və müasirliyi özündə cəmləşdirib. Bakı qədim ənənəni qorumaqla qədimliyin müasirliyə necə çevrilə biləcəyini bizə göstərən şəhərdir”.

 

İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamentinin rəhbəri Cəmşid Çoksi: 

“Bakını seçməyimizin səbəbi ondan ibarətdir ki, bu şəhər İpək yolu üzərində yerləşən və Çin, Avropa ilə əlaqələri olan çox əhəmiyyətli mərkəzi şəhərdir. Səbəblərdən biri də Azərbaycan Dillər Universitetidir. Çünki buranın böyük imkanları var, müxtəlif dillər tədris olunur. Rektor akademik Kamal Abdulla və Beynəlxalq əlaqələr üzrə prorektor dosent Jalə Qəribova ilə danışıq əsasında bizi qonaq etmək niyyətində olduqlarını eşitdikdə çox sevindik. Post-sovet məkanında yüksək sürətlə iqtisadi cəhətdən inkişaf etmiş Bakı bu konfransın keçirilməsi üçün simvolik və ideal məkan oldu. Bakıda bu cür universitetin olması, bütün intellektual imkanların mövcudluğu bizə konfransı burada keçirməyə sövq etdi.

Konfransda İpək yolu boyunca Çin və Qərb arasında indiki və keçmiş əlaqələrin müxtəlif kontekstlərdə davam etdirilməsi, dillərin, mədəniyyətlərin, dinlərin, geyimlərin, qidanın mübadilə prosesi araşdırılaraq öyrənilir.

Ümid edirik ki, İndiana Universiteti, həmçinin Pekinq Universiteti ilə Azərbaycan Dillər Universitetinin əməkdaşlığı gələcəkdə də davam edəcək. Bu əməkdaşlıqdan qazandıqlarımız çox faydalı olacaqdır.

Bakıya ilk səfərimdir. Bakı mənə Mərkəzi Asiya və Avropanın vəhdətini xatırladır. Bakı müasir, post-modern memarlığa malik, eyni zamanda avropasayağı bulvarı, binaları olan kosmopolitan şəhərdir”. 

SHARE