“Azərbaycan Dillər Universiteti ilə çox gözəl əlaqələrim var” – Professor Kamal Silay

116

22-23 iyun tarixlərində ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib. Konfransda iştirak edən İndiana Universitetinin professoru, “Turkish Flagship” proqramının direktoru Kamal Silayın təəssüratını təqdim edirik:

“Bu, Pekinq Universiteti ilə İndiana Universitetinin birlikdə təşkil etdiyi üçüncü konfransdır. Birinci konfransı Pekində təşkil etmişdik. Orada davam edə bilərdik, amma beynəlxalq səviyyədə olsun deyə yeni bir mərhələyə qalxmaq istədik. İkinci konfransımızı İndiana Universitetində keçirdik. Üçüncü konfransın harada keçirilməsini məndən soruşduqda Bakının adını çəkdim. Ən böyük səbəbi odur ki, mənim onsuz da Azərbaycan Dillər Universiteti ilə çox gözəl əlaqələrim var. Kamal Abdullanı, Jalə Qəribovanı və digər müəllimləri tanıyıram. Onları tanıdığım və güvəndiyim üçün bu əlaqələrimizin daha da inkişaf etməsini, yeni mərhələyə yüksəlməyini istədiyim üçün  Bakını tövsiyə etdim. Qəbul etdikləri üçün Kamal müəllim və Jalə müəlliməyə təşəkkürümü bildirirəm. Ona görə də Bakıdayıq. Düzgün qərar verdiyimizi düşünürəm. Növbəti ildəki konfransımız da Ankara Universitetində olacaq. Dünyanın hər yerində görüşmək istəyirik.

Konfransın çox müsbət tərəfləri var. Fərqli ölkələrin və fərqli ziyalıları birləşərək iş görməsi çox yaxşı təcrübədir. Digər əməkdaşlardan da yeni şeylər öyrənilir. Ona görə də bu cür konfranslar mənim üçün çox məhsuldardır. Konfransı digər ölkələrdə keçirməyin üstünlüyü var ki, sadəcə təqdimatlar hazırlanılmır, həmçinin müxtəlif mədəniyyətlərin insanları ilə tanış oluruq. Bu da mənim üçün böyük intellektual qazancdır. Məsələn, Çinə gedəndə yeni mədəniyyətlə tanış oldum. Sadəcə konfrans zallarında öyrəndiklərimlə kifayətlənmədim. Çinin küçələrində gəzdim, insanlarla söhbət etdim, yeni yeməklər, rənglər kəşf etdim. Yeni rəngləri kəşf edə bilmək, məncə, çox böyük intellektual qazancdır.

Mən Azərbaycanla əlaqələrimizin çox yüksək mərhələyə qalxmasını istəyərəm. Məndən soruşsalar ki, hansı ölkə ilə əlaqələrimiz daha da inkişaf etdirilsin, mən Azərbaycan deyərəm. Çünki Azərbaycan və Türkiyə Cümhuriyyəti xeyli sayda ortaq faydaları, ortaq cəhətləri olan iki dövlət, iki millətdir. Bu iki millət bir çox şeyləri birlikdə edə biləcək potensiala malikdir. Türkiyənin və Azərbaycanın zənginliklərini bir araya gətirərək hər iki ölkə də çox önəmli yerlərdə dayan bilər. Türkiyə üçün ən yaxın ölkə Azərbaycandır. Bunu Azərbaycanın ulu öndəri Heydər Əliyev də, Atatürk də söyləyib. Azərbaycanın içində bir Türkiyə var. Bu da sülh vəziyyətini göstərir və mən bundan xoşbəxtəm. Bu əlaqələri iqtisadi, təhsil, hərbi sahədə də genişləndirmək faydalıdır. Azərbaycanla Türkiyənin həmişə birlikdə olub kənar qüvvələrə qarşı vuruşmağını istəyirəm. Məsələn, Dillər Universitetində “Türkoloji” bölməsi yaradıla bilər, eyni formada Türkiyədə də bu işlər görülməlidir.

Bakını mən çox sevirəm. Böyük şəhərdir, amma bu şəhərdə özünüzü itmiş hiss etmirsiniz. Eyni zamanda, balaca qəsəbənin cəlbediciliyi var. Bakını ədəbi şəhər olaraq görürəm. Bildiyiniz kimi, türk şairi Nazim Hikmət Bakıda uzunmüddət yaşayıb və buradan çox təsirlənib. Burada yaşadıqları, tanış olduğu insanlar, burada yazdığı şeirlər… Bir gün bunları ətraflı araşdırmaq istəyirəm. Nazim Hikmət Bakıya, Azərbaycan dilinə, xalqına vurulub. Bura hər dəfə gələndə mən də qismən də olsa, eyni hisləri yaşayıram”.

SHARE