ADU-nun rektoru Rumıniya səfiri ilə görüşüb

104

İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Qonağı salamlayan rektor yaxın tarixlərdə Rumniyaya səfərin nəzərdə tutulduğunu deyib. Rektor universitetin Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açıb. O, universitetdə rumın dili öyrənən tələbələrin tədris proqramlarının genişləndiriləcəyini bildirib. Universitet rəhbəri görüşlərdə səsləndirilən təklif və ideyaların layihə formasında təqdim olunmasını məqsədəuyğun hesab edib və qeyd edib ki, bu, qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə zəmin yaradacaqdır.

Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir D.İanku əməkdaşlığın inkişafında rektor Kamal Abdullanın dəstəyini, tələbə və müəllimlərə olunan köməkliyi yüksək qiymətləndirib. Səfir ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışında iştirak edən Rumıniyanın Baş nazirinin müavini Ana Birçalın həmin səfərdən çox razı qaldığını, xoş təəssürat və xatirələrlə geri döndüyünü diqqətə çatdırıb.

O, Bakıda keçirilmiş I Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun növbəti planlarından söz açıb. D.İanku rumın dilini öyrənən tələbələrin tədris proqramları, eyni zamanda ADU-nun Rumıniyanın Babeş-Bolyay Universiteti ilə əməkdaşlığı çərçivəsində Latın dilinin tədrisinin bərpası haqqında təkliflər irəli sürüb.

Görüşdə təqaüd və təcrübə proqramları, tədqiqatların aparılması, təlim və layihələrin həyata keçirilməsi, ikili diplomların verilməsi üzrə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SHARE