ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

181

İyunun 28-də Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədi ilə növbəti mediatur təşkil olunub. 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 3 iyun 2019-cu ildən 5 iyul 2019-cu ilədək davam edəcək.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova media nümayəndələrini və valideynləri universitetdə görməkdən məmnun olduğunu deyib. O, keçən mediatur haqqında qısa məlumat verərək, universitetdə imtahan prosesinin izlənilməsinin açıq şəraitdə təşkil olunduğunu bildirib. Prorektor mediaturları birdəfəlik aksiya kimi deyil, proses şəklində keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

T.Cəfərova bildirib ki, mediaturların təşkilinin məqsədi həm şəffaflığı təmin etmək, həm də imtahan prosesinə kömək etməkdir.  Mediaturların təşkilinin ölkə rəhbərinin təhsilin inkişafına və onun demokratik idarə olunmasına verdiyi diqqətin nəticəsi olduğunu deyən prorektor bununla vətəndaşların idarəetmədə iştirakının təmin olunduğunu vurğulayıb.

Biliyin qiymətləndirilməsi, monitorinq və keyfiyyətin təminatı şöbəsinin rəhbəri Fatma Qurbanzadə yaz semestrinin yay imtahan sessiyasının təşkili prosesi, tələbələrin yazı işlərinin yoxlanılması haqqında məlumat verib. Növbəti həftə imtahan sessiyasının yekunlaşacağını deyən F.Qurbanzadə apellyasiya prosesi haqqında da danışıb.

Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov və rektorun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verilmədiyini qeyd ediblər.

ADU-nun Valideynlər Komitəsinin sədri Zülfiyyə Hüseynova ADU-da tələbə və müəllimlər üçün yüksək səviyyədə şərait yaradıldığını deyib. Övladının məhz ADU-nun tələbəsi olmasından şad olduğunu deyən valideyn bu təhsil ocağının ölkənin qabaqcıl universitetlərindən olduğunu söyləyib. Universitetin rektorluğunun iclasında iştirakından danışan Z.Hüseynova bu prosesin şəffaflığın mövcudluğunu sübut edən amil olduğunu diqqətə çatdırıb. Z.Hüseynova, eləcə də digər valideynlər övladlarının ADU-nun dərs prosesindən razı qaldıqlarını, hər zaman imtahandakı obyektivlik və şəffaflıqdan danışdıqlarını deyiblər. Valideynlər ADU-nun yetişdirdiyi tələbələrin universitetin adını daim uca tutmaqlarını və tədris prosesində uğurlar arzulayıblar.

Mediaturda məlumat verilib ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat müəyyənləşdirilib.

ADU rektorunun imzaladığı əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, imtahan nəzarətçiləri və fənn müəllimləri ilə hər bir imtahandan əvvəl müvafiq izahat işləri aparılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil edilməsi, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.

Qeyd edək ki, ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını  mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

SHARE