Təcrübəçi tələbələr şagirdlərlə birgə Bakı Kitab Mərkəzində olublar

88

Gənc nəslin bir şəxsiyyət kimi formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərləri mənimsəməsində kitabların, bədii ədəbiyyat nümunələrinin müstəsna rolu vardır. Kitab nəinki zəngin bilik mənbəyi, həm də yüksək mənəvi-əxlaqi dəyərlərin daşıyıcısı və təbliğatçısıdır. Təsadüfi deyil ki, Təhsil Nazirliyinin 4 mart 2019-cu il tarixli qərarına əsasən 23 aprel tarixinin bu ildən etibarən respublika üzrə bütün orta ümumtəhsil məktəblərində “Oxu günü” kimi qeyd olunması nəzərdə tutulub.

Şagirdlərdə mütaliə vərdişlərinin möhkəmləndirilməsi kimi həmişə aktual olan bir vəzifəyə xidmət məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri də mayın 10-da Bakının 211 saylı tam orta məktəbində baş tutub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün qeyd edildiyi bu tarixdə təcrübəçi tələbələr – Məmmədli Şəlalə və Ələsova Aysel təhkim olunduqları 7c sinfinin şagirdləri ilə birgə Bakı Kitab Mərkəzini ziyarət ediblər. Mütaliə ilə səmərəli istirahəti bir araya gətirməyi qarşısına məqsəd qoymuş bu məkanda şagirdlər mərkəzin yaranma tarixi, orada mövcud olan müxtəlif guşələrin fəaliyyəti haqqında məlumatlandırılıb, Oxu zalında mütaliə ilə məşğul olub.

Mərkəzi tərk edərkən isə onlara maraqlı bədii əsərlər hədiyyə olunub.

Qeyd edək ki, təcrübəçi tələbələr – M.Şəlalə və Ə.Aysel öz təcrübələrini Nəsimi rayonu 211 saylı tam orta məktəbdə ADU-nun Filologiya və Jurnalistika fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, metodist İ.İsgəndərovanın rəhbərliyi ilə uğurla davam etdirirlər.

SHARE