“Nəsimi yaradıcılığı-milli-mənəvi varlığımız” mövzusunda dəyirmi masa keçirilib

74

Təhsil fakültəsi nəzdində Linqvokulturologiya kafedrasının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan “Nəsimi yaradıcılığı-milli-mənəvi varlığımız” mövzusunda dəyirmi masa keçirilib.

Ölkə prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan tədbirdə Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, kafedranın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.  Eləcə də, rektorun məsləhətçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Anar Osmanlı, Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov, İngilis dilinin qrammatikası kafedrasının müdiri, professor Arif  Hüseynov, Təhsil fakültəsinin dekan müavini Elnarə Putayeva və kitabxana üzvləri tədbirin qonaqları olublar.

Universitetin Linqvokulturologiya kafedrasının müdiri professor Məsməxanım Qazıyeva tədbiri açıq elan edərək, qonaqları salamlayıb. M.Qazıyeva kafedra tərəfindən keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib və qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi artıq kafedranın ənənəsinə çevrilib.  İmadəddin Nəsiminin yaradıcılığına nəzər salan M.Qazıyeva şairin yaratdığı və dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətinin, insani məhəbbəti və şəxsiyyətinin azadlığının tərənnüm edildiyini diqqətə çatdırıb.

M.Qazıyeva maraqlı bir faktı qonaqların nəzərinə çatdırıb. Belə ki, Nəsimi şəxsiyyətinin və yaradcılığının nüfuzlu araşdırmaçıları sırasında alman alimi Mixael Hessin də adı ön sıralardadır. Onun Avropa elminin böyük mərkəzlərində klassik ədəbiyyatımızın nümayəndələri ilə bağlı çıxışları qürurvericidir. Daha çox Nəsimişünas alim kimi tanınan Hessdə bu sevgi İstanbulda çalışdığı vaxt yaranıb. O, Şərqin böyük mütəfəkkirinin irsini araşdırmağa başlayıb, hətta bu haqda elmi iş də yazıb. Böyük mütəfəkkir Nəsimiyə sevgisi tanınmış alimi Azərbaycan dilini öyrənməyə də sövq edib.

Daha sonra, tədbirin əsas təşkilatçısı və aparıcısı kafedranın filologiya üzrə fəlsəfə doktoru Aynur Məmmədzadə giriş sözü ilə çıxış edib. Çıxış zamanı A.Məmmədzadə Pifaqor və Nəsimi yaradıcılığında mövcud olan oxşar cəhətlərdən söhbət açıb və qeyd edib ki, hər iki mütəfəkkir fəlsəfə, həndəsə, riyaziyyat və musiqini yüksək səviyyədə bilib və onlara görə, dünya, kainat təbiət, nəsnələr, ümumiyyətlə hər şey bu elmlər üzərində qurulub.

Sonra söz qonaqlara verilib. Belə ki, kafedranın müəllimi dosent Kəmalə Cəfərova Nəsiminin həyat və yaradıcılığından bəhs edib, şairin təxəllüsləri barədə geniş məlumat verib. Çıxışın sonunda “Nəsimi” filmindən fraqment nümayiş edilib. Nəsiminin dərisi soyularkən “Məndə sığar iki cahan” qəzəlini  bədahətən söylədiyi səhnəni əks etdirən fraqment maraqla izlənilib. Daha sonra, kafedra üzvləri doktorant Aysel Səfərova, dosent Tofiq Quliyev, filologiya üzrə fəlsəfə doktoru Aynur Məmmədzadə Nəsiminin yaşadığı dövrdən, xələfləri və sələflərindən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs ediblər.

Təhsil fakültəsinin dekan müavini Elnarə Putayeva öz çıxışı zamanı Nəsimi poeziyasından, onun şeirlərinin estetik zövqündən danışıb, dahi Azərbaycan şairinin adının Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkildiyini söyləyib.

Tədbirin gedişində Təhsil fakültəsinin tələbələri Mehdiyeva Günel və Nəsirova Elmiranın ifasında şairin qəzəlləri səsləndirilib. Eləcə də, kafedranın müəllimi Rəbiyyə Şamıyevanın Nəsiminin məşhur “Ağrımaz” qəzəlini səsləndirməsi böyük rəğbətlə qarşılanıb.

Kafedra müdiri professor Məsməxanım Qazıyeva çıxış üçün sözü İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amil Cəfərova verib. A.Cəfərov qeyd edib ki, Nəsimi Azərbaycan dilinin söz və ifadələrini ədəbi dil olaraq ortaya qoymuş, XIV əsr Azərbaycan ədəbi dilinin milli zəmin üzərində yüksəlməsini təmin edib. Nəsimi sübut edib ki, Azərbaycan dili də şeir dilidir və bu dildə yüksək poetik şeirlər yazmaq mümkündür.

Sonda rektorun məsləhətçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Anar Osmanlı kafedra tərəfindən tələbələri maarifləndirmək istiqamətində keçirilən bu cür tədbirləri yüksək qiymətləndirib. A.Osmanlı qeyd edib ki, 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

SHARE